2020-ci ilin günəşli bir payız günü Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əsgəri düşmənin əks hücümuna qarşı sipər oldu, dayanmadı, bütün sədləri, istehkamları yarıb keçdi, 44 günlük Zəfər yürüşündə bir an da tərəddüd etmədən yalnız irəli getdi, düşməni məhv edib Vətən torpağından qovdu.
Ordumuzun əks-hücum əməliyyatları nəticəsində 300-ə yaxın kənd, 5 şəhər və 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər işğalçılardan təmizləndi, bununla bərabər, qəsbkarın texnikasına, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Silahlı Qüvvələrimiz daha sonra Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardıca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi işğalçıdan təmizləməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. Beləliklə, 30 il ərzində aparılan danışıqlar prosesində düşmən dövlətin niyyəti reallaşmadı, Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi gerçəkləşmədi, bu bölgədə yeni erməni dövlətinin yaradılması planı isə tamamilə alt-üst oldu. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çıxışlarının birində demişdir:
”İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Atılan addımlar bütün bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Əgər döyüş meydanında biz bu qələbəni qazanmasaydıq, inanmıram ki, işğalçı qalan torpaqlardan çıxacaqdı. Necə ki, torpaqlarımızı 30 ilə yaxın müxtəlif yollarla işğal altında saxlamağa can atan düşmən bu işğalı əbədi etmək istəyirdi, biz danışıqlar yolu ilə də heç bir nəticə əldə edə bilməzdik. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq”.44 gün davam edən Vətən Müharibəsi tariximizin, eləcə də Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.
44 günlük müharibədən sonra Azərbaycan ardıcıl olaraq diplomatik müstəvidə də uğurlar qazandı. Müharibədən sonra aparılan bütün diplomatik danışıqlarda şərtləri məhz Bakı diktə etdi və Ermənistan tərəfi bu şərtləri qeyd-şərtsiz qəbul etməyə məcbur oldu. Amma özlərinin xilası üçün olduqca həssas sayılacaq bir dönəmdə yenə də xain erməni xisləti özünü göstərməkdədir.
Azərbaycan Ordusunun mövqelərinin Ermənistan ərazisindən atəşə tutulması son günlər daha da intensivləşmişdi. Xüsusən bu ölkənin tarixi Azərbaycan əraziləri olan Basarkeçər, Çəmbərək, Gorus, Qarakilsə və Tovuzqala rayonlarından Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətlərində təxribatların həyata keçirilməsi sistemli hal almışdı. Bir neçə gün əvvəl hətta bölmələrimizin təminat yollarının çəkilməsi məqsədilə yol işləri aparan mülki şirkətə məxsus texnika da atəşə məruz qalmışdı.
Son günlər Azərbaycan Ordusunun dövlət sərhədi istiqamətində mövqelərini intensiv atəşə tutan Ermənistanın hərbi bölmələri sentyabrın 12-dən 13-nə keçən gecə layiqli cavablarını aldılar.
Təxribatçı əməllərini davam etdirən düşmənin diversiya qrupları sentyabrın 12-də sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefindən və mövcud dərə boşluqlarından istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən, bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Bununla yanaşı, sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər olub, hərbi infrastruktura ziyan dəyib.
Təbii ki, vəziyyət belə qala bilməzdi və Müdafiə Nazirliyinin məlumatına əsasən, Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ordumuzun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülüb.
"Dəmir yumruğ"un qətiyyətli cavab əməliyyatı nəticəsində Ermənistan ordusunun atəş nöqtələri darmadağın edilib. Müzəffər Ordumuz düşmənin təxribat əməliyyatlarına cəlb olunmuş canlı qüvvəsini və döyüş texnikasını ciddi itkilərə məruz qoyub.
Ancaq müqəddəs torpaqlarımız uğrunda savaşda şəhidlərimiz də olub.
Vətən uğrunda şəhid olan QƏHRƏMANLARIMIZI Anım Günündə bir daha ehtiramla anır, onların ruhu qarşısında baş əyirik. onların əziz xatirəsi daim qəlbimizdədir.
Əli HÜSEYN,
“Muğanın səsi”