Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov brifinq keçirib.
“Report”un xəbərinə görə, o, Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən dövlət sərhədində Azərbaycana qarşı törədilən genişmiqyaslı təxribatlarla bağlı son vəziyyəti açıqlayıb.
O qeyd edib ki, son dövrlər Ermənistan Silahlı Qüvvələrin Laçın və Kəlbəcər istiqamətində törətdiyi təxribatlar noyabrın 16-da daha da intensivləşib və genişmiqyaslı şəkil alıb.
A.Eyvazov bildirib ki, Ermənistan həmin istiqamətlərdə döyüş texnikası cəmləşdirib, Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutub.
Müdafiə Nazirliyinin rəsmisi söyləyib ki, Ermənistan ordusunun bölmələri Azərbaycan mövqelərinə qarşı qəfil hərbi əməliyyatlara başlayıb.
A.Eyvazov qeyd edib ki, Azərbaycan Ordusu Kəlbəcər və Laçın istiqamətində adekvat tədbirlər görülüb, Ermənistanın minaatanı və tank əleyhinə qurğusu məhv edilib: "Basarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən Ermənistan hərbi bölmələri Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum edib.
Qarşı tərəf Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutaraq döyüş postlarımıza atəşlə zərər vurub. Nəticədə ilkin məlumata görə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Yaralılara dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onların həyatları üçün təhlükə yoxdur.
Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Kəlbəcər və Laçın istiqamətində yerləşən birlik və qüvvələr tərəfindən dərhal təxirəsalınmaz əməliyyat həyata keçirilib. Əvvəlcə qarşı tərəfin hərəkəti məhdudlaşdırılıb, onun qüvvə və vasitələrinə zərər vurulub. Görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib.
Genişmiqyaslı təxribat törətməklə qısa müddətli üstünlüyə nail olmaq istəyən Ermənistan hərbi bölmələrinin hücumu əməliyyat-taktiki baxımından tam iflasa uğrayıb və növbəti dəfə rəsmi Yerevanın təxribat törətmək cəhdi uğursuzluqla nəticələnib".
Müdafiə Nazirliyinin sözçüsü qeyd edib ki, görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib.
Onun sözlərinə görə, sərhəddə gərginlik davam edir. A.Eyvazov bildirib ki, hazırda əməliyyat şəraiti Azərbaycan Ordusunun nəzarəti altındadır.
15.51
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov brifinq keçirir.
“Report”un xəbərinə görə, o, Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən dövlət sərhədində Azərbaycana qarşı törədilən genişmiqyaslı təxribatlarla əlaqədar açıqlamalar verir.
Nazirlik rəsmisi Ermənistanın təxribatları ilə bağlı sualları cavablandırır.