Azərbaycan və Qazaxıstan münasibətləri dərin köklərə, güclü əsaslara malikdir
- 26.08.2022, 07:09, Baxış sayı:
- 302
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan və Qazaxıstan münasibətləri dərin köklərə, güclü əsaslara malikdir. Çünki hər iki ölkənin xalqlarının etnik, dini və mədəni dəyərləri, eyni zamanda tarixi ortaqdır. İki ölkənin münasibətlərindəki yaxınlıq onların eyni siyasi quruluş və dövlət tərkibində olmalarından da qaynaqlanır. Lakin Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafı müstəqillik illərinə təsadüf edir. Sirr deyil ki, keçmiş SSRİ zamanında olduğu kimi müstəqillik illərində də iki ölkə arasında hərtərəfli əməkdaşlığın təmin olunmasında Ulu Öndər Heydər Əliyevin və Nursultan Nazarbayevin xüsusi rolu olub. Məhz, onların təməlini qoyduğu münasibətlər bu gün uğurla inkişaf edir, hətta keyfiyyətcə yeni mərhələyə yüksəlir. Bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri bir daha təsdiqləyir.
Səfər çərçivəsində Azərbaycan və Qazaxıstan prezidentlərinin təkbətək, geniş tərkibdə görüşlərinin keçirilməsi, 20-dək sənədlərin imzalanması, Prezident İlham Əliyevin Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordeni ilə təltif olunması iki ölkə arasında olan münasibətlərin yeni inkişaf mərhələsinin başlandığına işarədir. Ümumiyyətlə, Azərbaycan ilə Qazaxıstan arasında 130-dək ikitərəfli sənəd imzalanıb. Bu sənədlər iki ölkənin münasibətlərinin müxtəlif sahələrdə inkişafına töhfələr verib. Xüsusilə də, Prezident Kasım-Jomart Tokayevin səfəri çərçivəsində Azərbaycan ilə Qazaxıstan arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqramın və strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamənin imzalanması iki ölkənin perspektiv əməkdaşlıq əlaqələrinin daha da inkişafına əlavə təkan verəcək. Onu da qeyd etmək lazımdır ki, hazırda Qazaxıstanda üç yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər. Bu gün Azərbaycanda 165 Qazaxıstan şirkəti fəaliyyət göstərir. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 330 milyon dollardan çox olub. 2022-ci ildə isə bu rəqəmin 500 milyon dollara çatdırılması nəzərdə tutulub. Lakin Prezident İlham Əliyevin də söylədiyi kimi ölkələrin əsas hədəfi bu rəqəmin 1 milyard dollara yüksəldilməsidir. Bütün bunlardan əlavə Qazaxıstan Azərbaycanın reallaşdırdığı daha bir iri layihənin – Zəngəzur dəhlizinin tərkib hissəsinə çevrilməkdədir. Bu mənada, ölkələrimizi birləşdirən Orta Dəhlizin çox böyük perspektivləri də reallaşmış olacaq.
Vətən müharibəsi dövründə Qazaxıstan dövləti, bütün qazax xalqı ölkəmizin haqlı mübarizəsini dəstəkləyib. Qazaxıstanın ölkəmizdəki səfirliyinin Qarabağda yaradılacaq kitabxanalara kitab dəstəyi verməyə hazır olduğunu qeyd etməsi, eləcə də Qazaxıstanın “Bİ-Group” Holdinqi tərəfindən Füzuli şəhərində uşaqlar üçün Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzini inşa etməsi bu baxımdan təsadüfi deyil. Bütün bunlar bir daha onu göstərir ki, etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan ölkələrimiz arasında zəngin tarixə malik münasibətlər bundan sonra da xalqlarımızın və dövlətlərimizin maraqlarına uyğun olaraq daha da inkişaf edəcək.
Eyvaz Fərzəliyev,
Sabirabad rayon Ağsaqqallar şurasının sədri