Məgər elə deyil?
Sabirabad şəhərinin bir tərəfindən o biri tərəfinə keçmək üçün bir avtomobil yolu var. O da Heydər Əliyev prospekti boyuncadı. Yolun bu başından o başına vur-tut 5 kilometrdir.
Bütün həyati təminatlı obyektlər, şadlıq evləri, ticarət mərkəzləri, yaşayış binaları əsasən bu yolun üstündədi.
Günün hərəkətli vaxtlarında gəl görüm avtomobillə bu yoldan necə keçirsən. Elə bil addımlayırsan. Vay o gündən ki, qarşında bir yük maşını və yaxud kombayın, traktor, hətta araba gedə.
Deyinə-deyinə getməlisən. Özü də əsl “usta”lıqla. Çünki o qədər də böyük olmayan yolun hərəkətli hissəsinin hər iki tərəfi boyunca maşınlar sıralanır. Onları da qınamırıq. Yuxarıda qeyd etdiyimiz kimi, yolun hər iki tərəfində insanlara gərəkli obyektlər var.
Sual olunur, bəs 180 minə yaxın əhalisi olan Sabirabad rayonunun mərkəzini belə acınacaqlı vəziyyətdən necə çıxarmaq olar?
Bir vaxtlar-ötən əsrin 90-cı ilində buna təşəbbüs göstərildi. Yəni yük maşınlarının, ağır texnikanın hərəkətini şəhərkənarı yolla nizamlamaq istəyirdilər. O vaxtlar rayon rəhbəri olmuş Mirhəmid Həmidov buna çox cəhd göstərmişdi. “Kürqırağı” adlanan həmin yolda xeyli təmir-bərpa işləri də görülmüşdü.
Həmin illərdə, yəni 90-cı illərin əvvəllərində ölkəmizdə baş verən siyası hakimiyyət dəyişikliyi nəticəsində yaranmış problemlər bu mühüm işi də arxa plana apardı. Sonrakı illərdə bu vacib iş tamamilə unuduldu.
Ancaq indi həmin yolun işə salınması üçün bütün imkan və şərait yetişib. “Kürqırağı” yolun xeyli hissəsi asfaltlanıb. Qalan 3 kilometrə yaxın hissənin asfaltlanması Sabirabadı bir yolun “əsir”liyindən xilas edə bilər.
Üzümüzü Sabirabad rayon rəhbərliyinə tuturuq:
-Xahiş edirik, bu mühüm məsələnin həlli üçün yuxarı dövlət orqanları qarşısında məsələ qaldırsınlar. Unutmasınlar ki, 3 kilometrlik yolun asfaltlanması şəhərimizə yeni nəfəs gətirər. Tıxacdan, gərginlikdən, əsəbdən bir yolluq xilas olarıq. Digər tərəfdən də həmin ərazilərdə yerləşən obyektlərin də normal fəiliyyətləri təmin olunar.
İ.DƏMİRQAYA,
“Muğanın səsi”