• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Qurtuluşdan başlanan böyük tərəqqi yolu

  • 14.06.2022, 11:06, Baxış sayı:
  • 430
Qurtuluşdan başlanan böyük tərəqqi yolu

15 İYUN -təqvimin bu günü qaranlıq və ümidsizliyə, səfalət və fəlakətə sürüklənmiş Azərbaycanın nicat günüdür, işıqlı sabaha doğru addımladığı tarixin başlanğıcıdır.
Ümummilli Lider Heydər Əliyevin 1993-cü il İyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Həmin gün Azərbaycanın müstəqillik tarixinə xalqımızın nicat yolunun başlanğıc günü kimi daxil edilib. Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan 15 İyun xalqımız üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Həmin gün qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa- dayaq olan dahi şəxsiyyət Heydər Əliyevdir.
XX əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə yaranmış hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı. Hakimiyyət boşluğu, daxili hərc-mərclik, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan parçalanmaq, dünya xəritəsindən silinmək astanasında idi. Hadisələri düzgün qiymətləndirə bilməyən o vaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi.
Ölkədə yaranmış birincilik davası silahlı qarşıdurma həddinə çatmışdı. Ayrı-ayrı qruplara xidmət edən qeyri-qanuni silahlı qruplaşmalar əhalini qorxu, xof içərisində saxlayırdı. Gəncədə hakimiyyətə tabe olmayan silahlı birləşmə sərhədlərimizi boş qoyaraq geriyə çəkilir, bundan istifadə edən erməni hərbi birləşmələri isə tədricən torpaqlarımızı işğal edirdi. Belə çətin məqamda xalqın son ümid yeri dövlət idarəçiliyində zəngin təcrübəsi və dünyada nüfuz sahibi olan Heydər Əliyevə idi. Xalq yaxşı bilirdi ki, yalnız müdrik şəxsiyyət Heydər Əliyev xalqı və Vətəni düçar olduğu ağır vəziyyətdən xilas edə bilər. Respublikanın ziyalıları, tanınmış elm, mədəniyyət, incəsənət xadimləri Heydər Əliyevə müraciət edərək, Azərbaycanı məhv olmaqdan xilas etmək üçün ona üz tutdu. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək, Bakıya qayıtdı və müstəqilliyini yenicə bərpa etmiş ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi.
Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, qeyri-qanuni silahlı birləşmələr ləğv edildi, ölkədə ciddi nizam- intizamın əsası qoyuldu. Respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən, məhv olmaqdan xilas edildi. Bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.
Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında müdrik şəxsiyyət Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub saxlamaq idi. Bu çətin və şərəfli iş Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu.
Ümummilli Lider Heydər Əliyev bütün istiqamətlər üzrə inkişaf konsepsiyasını müəyyən edərək Azərbaycanın xarici əlaqələrini gücləndirməyə başladı. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanmaqla möhkəm dövlətçiliyin əsası qoyuldu. Ölkədə sabitlik yaradıldı, xarici şirkətlər Azərbaycana investisiya yatırmağa başladılar. Heydər Əliyev uzaqgörənliyi 1993-cü ildə məhv olmaq təhlükəsi ilə üzləşən Azərbaycanın anarxiyadan 1995-ci ildə sabit, güclü dövlət quruculuğu prosesinə keçidini tam təmin etdi. 1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi yaddaşlarda və tarixdə qaldı. Müstəqil Azərbaycan Respublikasının yeni tarixi yazıldı.
Bu gün Azərbaycan tarixinin intibah dövrünü yaşayır və əminliklə deyə bilərik ki, bu uğurların əsası 29 il öncə qoyulub. Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf konsepsiyasını uğurla reallaşdıran Prezident cənab İlham Əliyev ölkəmizi məhz Heydər Əliyevin görmək istədiyi Azərbaycana çevirib.
Bu gün Azərbaycanın qətiyyətli və tam müstəqil siyasət yürüdən güclü siyasi Lideri, möhkəm iqtisadiyyatı, qüdrətli ordusu var. 44 günlük Vətən müharibəsindəki şanlı Qələbəmiz isə bunu bir daha təsdiqlədi. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman, igid əsgər və zabitlərimiz Qarabağı erməni-faşist işğalçılarından azad etdi. Bu, həm də təməli 1993-cü ildə Ulu Öndər tərəfindən qoyulmuş Azərbaycan Silahlı Qüvvələrinin gücünün, qüdrətinin göstəricisi oldu.
Bu gün biz Ulu Öndər Heydər Əliyevin müstəqil, güclü Azərbaycan üçün işləyib hazırladığı və həyata keçirdiyi siyasətin təntənəsinin şahidiyik və bu uğurlar Vətən müharibəsindəki şanlı Qələbəmizdə də bir daha özünü göstərdi. Bu siyasəti uğurla davam etdirən və ölkənin keyfiyyətcə yeni inkişaf mərhələsinə keçidini təmin edən müasir milli dövlət quruculuğu modelinin müəllifi cənab İlham Əliyev Azərbaycan Respublikasını dünyanın ən qüdrətli dövlətləri ilə bir sırada dayanan dövlətə çevirib. Bu gün Azərbaycan inkişaf etmiş böyük güclərlə birgə müştərək beynəlxalq layihələr həyata keçirir, BMT-dən sonra dünyada ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatına rəhbərlik edir. Azərbaycan müstəqil siyasət aparan az sayda dövlətlərdən biridir. Əminliklə deyə bilərik ki, Azərbaycanın ən yeni tarixini yazan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövləti daha da sürətlə inkişaf edəcək, hər bir vətəndaşın rahat, təhlükəsiz, firavan və xoşbəxt həyatını təmin edəcəkdir.
Bu kursu layiqincə davam etdirən və Ulu Öndərin yarımçıq qalmış ideyalarını reallığa çevirən Prezident cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə titanik fəaliyyəti Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşub. Möhtərəm Prezidentimizlə çiyin-çiyinə çalışan Mehriban xanım Əliyevanın yorulmaq bilmədən fəaliyyətini qeyd etməmək olmaz. Möhtərəm Prezidentimizin həyata keçirdiyi uğurlu siyasət Mehriban xanımın fəaliyyətillə üzvü sintez təşkil edir. Mehriban xanımın müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyəti, qayğıya ehtiyacı olan insanlara, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, səhiyyəyə və mədəniyyətə diqqəti həmçinin milli-mənəvi dəyərlərimizin qorunması sahəsində gördüyü işlər, həyata keçirdiyi geniş ictimai və xeyriyyəçilik fəaliyyəti, səmimiliyi, sadəliyi, əhalinin qayğılarına həssas münasibəti ONA insanların, o cümlədən sabirabadlıların dərin inamını, hörmət və məhəbbətini qazandırıb.
Xalqımız xöşbəxtdir ki, Ulu Öndərimizin qurub yaratdığı dövlətə bu gün onun layiqli davamçısı rəhbərlik edir, Ümummilli Liderimizin başladığı taleyüklü işləri ardıcıl sürətdə və qətiyyətlə həyata keçirir. Ölkə iqtisadiyyatı sürətlə inkişaf edir, Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı uğurla yerinə yetirilir, ölkəmizin siyasi, iqtisadi, sosial və mədəni həyatında əsaslı islahatlar aparılır.
Prezidentimiz cənab İlham Əliyevin qarşıya qoyduğu əsas hədəflərdən biri regionların yüksəlişidir. Sabirabad rayonunun yüksəlişi göstərir ki, Azərbaycanın rayonları da davamlı inkişaf edir. Bu mənada Milli Qurtuluş missiyasının əyani nəticəsi Sabirabadın dünəni ilə bugününün müqayisəsində real təsdiqini tapır. Rayonda yeni yollar çəkilib, inzibati binalar, məktəblər, uşaq bağçaları, səhiyyə müəssisələri inşa edilib, bir sözlə, infrastruktur yenidən qurulub.
Əminliklə qeyd etmək istəyirəm ki, sabirabadlılar bundan sonra da ölkə Prezidentinin həyata keçirdiyi müdrik və uzaqgörən dövlət siyasətini tam dəstəkləyərək, üzərlərinə düşən bütün vəzifələri yüksək məsuliyyət hissi ilə vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nail olaraq, ictimai-siyasi sabitliyin və dövlətçiliyimizin qorunmasına öz töhfələrini verəcəklər.
Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür. 15 İyun tarixi təkcə dövlətçiliyimizin xilası deyil, həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.
Siraqəddin CABBAROV,
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı
Qurtuluşdan başlanan böyük tərəqqi yolu
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter