• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

“Şuşa İli” möhtəşəm Zəfərin təntənəsidir

  • 05.05.2022, 02:31, Baxış sayı:
  • 520
“Şuşa İli” möhtəşəm Zəfərin təntənəsidir
Şuşa şəhərinin işğaldan azad edilməsinin iki ili tamam olur.
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edilib.
Şuşa şəhərinin işğaldan azad edilməsi müjdəsini Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Bakıdakı Şəhidlər xiyabanından xalqa müraciətində açıqlayıb.
[/b]
Dövlət başçısı müraciətində bildirib: “Əziz həmvətənlər, əziz bacılar və qardaşlar!
Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!”
Prezident Şuşanın işğaldan azad edilməsi xəbərini Şəhidlər xiyabanından verməsinin təsadüfi olmadığını bildirib: “Bu gün bu müjdəni mən burada - Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq”.
Dövlət başçısı müraciətində Şuşanın işğaldan azad edilməsi ilə ata vəsiyyətini də yerinə yetirdiyini vurğulayıb: “Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan müraciətini bu sözlərlə bitirib:
“Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
Şuşanın işğaldan azad edilməsi 44 günlük müharibənin kulminasiya nöqtəsi oldu. Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında yüksək peşəkarlıq, misilsiz qəhrəmanlıq göstərərək, 2020-ci il noyabrın 8-də Şuşanı işğaldan azad etdi, müharibədə tarixi zəfərə imza atdı.
Şuşa əməliyyatında düşmənin xeyli texnikası, canlı qüvvəsi məhv edildi. Şuşanın azad edilməsi ilə Ermənistan ordusu darmadağın oldu, heç bir müqavimət gücü qalmadı.
Ermənistan Şuşanı itirməklə müharibədə məğlub olduğunu qəbul etdi, kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldı.
Unikal Şuşa əməliyyatı dünya hərb tarixinə görünməmiş döyüş strategiyası və taktikası ilə düşüb. Artıq dünyanın bir çox ölkəsi, o cümlədən aparıcı hərbi təhsil müəssisələri Azərbaycan Ordusunu apardığı yeni nəsil 44 günlük müharibəni, xüsusilə də Şuşa əməliyyatını yaxından öyrənir.
Şuşanın işğaldan azad edilməsi şərəfinə Azərbaycan Respublikasında “Şuşanın azad olunmasına görə” medalı təsis olunub.
Prezident İlham Əliyevin sərəncamı ilə Şuşanın işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
Şuşanın işğaldan azad edildiyi gün – 8 Noyabr Azərbaycanda Zəfər Günü kimi qeyd olunur.
Şuşanın işğaldan azad edilməsi ən mühüm tarixi hadisə və böyük hərbi qələbə oldu. 2021-ci il iyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanın işğalından azad edilən, Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşa şəhərinə səfər etməsi və iki dost, qardaş dövlət arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması mühüm tarixi hadisədir.
Vətən müharibəsində əldə edilən Zəfər nəticəsində Şuşada həyat yenidən dirçəlməyə başladı. Prezident İlham Əliyev 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhərini ölkənin mədəniyyət paytaxtı elan etdi. Bu Sərəncamla Vaqif Poeziya Günləri və “Xarıbülbül” festivalı da bərpa olundu, bayram bayrama qovuşdu. 2021-ci il mayın 12-13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşa iyirmi doqquz ildən sonra yenidən “Xarıbülbül” musiqi festivalına evsahibliyi etdi. Prezident İlham Əliyev bu günü ölkəmizin tarixində əlamətdar gün kimi dəyərləndirdi. Ölkəmizin başçısı uzun illərdən sonra Cıdır düzündə “Xarıbülbül” festivalının keçirilməsi münasibətilə xalqımızı təbrik edərək bildirdi ki, biz bu günü 30 il səbirsizliklə gözləmişik, 30 il Vətən həsrəti ilə yaşamışıq. Ölkəmizin başçısı çıxışında qeyd etdi ki, bundan sonra biz Şuşada əbədi yaşayacağıq, Şuşanın bərpa edilməsinə artıq başlanılıb: “Xarıbülbül” festivalı bu qədim diyarımızda hər il keçiriləcək: “Biz Şuşanı quracağıq, bərpa edəcəyik, mənfur düşmən isə Şuşanı dağıdırdı. İndi siz - burada olan vətəndaşlar, dostlar gəzəcəksiniz, görəcəksiniz ki, Şuşa hansı dağıntılara məruz qalıb. Amma yenə də deyirəm, biz Şuşamızı, Ağdamımızı, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Laçınımızı, Kəlbəcərimizi qəlbimizdə yaşatmışdıq. Dağıdılmış məscidləri biz bərpa edəcəyik, amma o məscidlər işğal dövründə bizim qəlbimizdə ucaldılmışdı. İndi isə biz burada, Cıdır düzündə - hər bir azərbaycanlı üçün müqəddəs olan yerdə yığışmışıq və bu musiqi bayramını, bu birlik bayramını, bu qayıdış bayramını, bu ləyaqət bayramını qeyd edirik”.
Bəli, bayram bayrama qovuşur. Prezident İlham Əliyev 2022-ci ili “Şuşa İli” elan edib. Bunu ölkəmizin başçısı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində bildirdi: “Biz 2022-ci ildə Şuşa şəhərinin 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və biz yeni ildə bu yubileyi böyük təntənə ilə qeyd edəcəyik. Bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasının sürətləndirmək məqsədilə mən yeni ili “Şuşa İli” elan edirəm”.
Dövlət başçısı həmçinin ölkəmizdə 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzaladı.
Bu gün azad Şuşa dirçəlir, sürətlə bərpa olunur. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir, bütün zəruri addımlar atılır. Qalib, məğrur xalqımız bu azadlığın, bu təntənənin sevincini yaşayır.

İ. DƏMİRQAYA
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter