Dövlətin gücü ordusu ilə ölçülür. Azərbaycan Ordusu getdikcə güclənir, mətinləşir. İndi Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilmişdir. Gənclərimiz Vətən qarşısındakı müqəddəs borclarını yerinə yetirərək yüksək əhval-ruhiyyə ilə, həvəslə ordu sıralarında xidmət edirlər.
Vətən qarşısında müqəddəs əsgəri borcunu şərəflə yerinə yetirən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının xidmətləri yüksək qiymətləndirilir, onlar təntənəli şəkildə yola salınır və Vətənə, xalqa, dövlətə layiq, mənəvi və fiziki cəhətdən sağlam oğullar kimi mülki həyata inteqrasiya olunurlar.
Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamı ilə bu il aprelin 1-dən ölkəmizdə həqiqi hərbi xidmətə yaz çağırışı davam edir. Hazırda respublikamızın şəhər və rayonlarının çağırış məntəqələrində qələbəlikdir. Valideynlər övladlarını fərəhlə, qürur hissi ilə hərbi xidmətə yola salır, gənclər isə onların ümidlərini doğruldacaqlarına and içərək böyük həvəslə hərbi xidmətə yollanırlar.
Həmişə olduğu kimi, aprelin 5-də də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Sabirabad rayon şöbəsinin həyətində yolasalma mərasimi keçirilmişdir. Çağırışçı gənclər, onların valideynləri, qohumlar, dost-tanışlar buraya toplaşmışdılar.
Budur, onlarla görüşüb söhbət edirik. Valideynlərdən Famil Cavadov, Murad Dautadze, Ədalət Quliyev, Əlibarat Vəliyev və başqaları ordu quruculuğuna göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Qeyd etdilər ki, dahi Öndərimizin ordu quruculuğu siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyev Silahlı Qüvvələrin daha da möhkəmləndirilməsi, qüdrətlənməsi üçün səyini əsirgəmir. Ordumuz ən müasir döyüş texnikası, modern maşın və mexanizmlərlə təchiz olunur, gənclərin hərbi vətənpərvərlik hissinin daha da gücləndirilməsi məqsədilə ciddi tədbirlər həyata keçirilir. İndi Azərbaycan Ordusu tarixinin ən şərəfli günlərini yaşayır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə xalqımızın birliyini, həmrəyliyini dünyaya nümayiş etdirməklə yanaşı, həm də ordumuzun gücünü, nüfuzunu daha da artırdı. Hər bir Azərbaycan vətəndaşı qalib bir ölkənin vətəndaşı olmaqdan, hər bir əsgər isə qalib Azərbaycan Ordusunun döyüşçüsü olmaqdan böyük qürur duyur.
Çağırışçılardan Fərid Cavadlı, Əbülfəz İbrəhimli və başqaları Vətənə ləyaqətlə xidmət edəcəklərini, komandirlərin hər bir əmrini, tapşırığını layiqincə yerinə yetirəcəklərini, hərbi biliklərə dərindən yiyələnəcəklərini, rayonun adını uca tutacaqlarını bildirdilər. Qeyd etdilər ki, Qalib ordunun əsgəri olmaq böyük şərəfdir.
...Budur, gənclər yaxınları ilə görüşüb hərbi xidmətə yollanırlar. Öyrənirik ki, həmin gün 46 nəfər sabirabadlı çağırışçı gənc həqiqi hərbi xidmətə yola düşmüşdür.
Elçin NƏSİB,
“Muğanın səsi”