Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il iyunun 17-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncama əsasən 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilmiş qrafik əsasında xidmət yerlərinə göndərilməsinə başlanılıb. Dövlət Xidməti tərəfindən çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması iyulun 30-dək davam edəcək.
Yolasalmalar COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilmiş qərar və tövsiyələrə riayət edilməklə həyata keçirilir.
Prezident İlham Əliyevin iyunun 17-də imzaladığı "Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" sərəncama əsasən, Silahlı Qüvvələrimizin şəxsi heyətlə komplektləşdirilməsi məqsədilə müəyyən edilmiş qrafik əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsi tərəfindən iyulun 2-də ilk çağırışçılar xidmət yerlərinə yola salınıblar.
Yola salınmazdan əvvəl çağırışçılara 44 günlük şanlı zəfər tariximiz və o tarixi yazan qəhrəmanlarımızın hərbi xidmət yolu nümunə göstərildi. Gənc əsgərlərə hərbi xidmət dövründə nizam-intizamlı və ayıq-sayıq olmaq, hərbi texnikanın sirlərinə mükəmməl yiyələnmək, əcdadlarının keçdiyi şərəfli yolu inamla davam etdirmək tövsiyə olundu.
Xatırladaq ki, gənc əsgərlər müvafiq qoşun növlərinin hərbi hissələrinə – təlim mərkəzlərinə göndərilərək 3 ay müddətində orada təlimlər keçəcək, hərbin sirlərini öyrənəcək və sonra xidmətlərini təyin olunduqları yerlərdə davam etdirəcəklər.
Eyni zamanda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2021-ci il iyulun 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
Artıq müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar iyunun 25-30 tarixlərində Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı SHXÇDX tərəfindən SMS vasitəsilə məlumatlandırılıblar.
Biz də çağırışçılara hərbi xidmətlərində uğurlar arzulayırıq.
Əli HÜSEYN,
“Muğanın səsi”