• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Bələdiyyələr səlahiyyətsiz qurumdurmu?!

  • 04.03.2022, 21:15, Baxış sayı:
  • 555
Bələdiyyələr səlahiyyətsiz qurumdurmu?!

Ölkəmiz müstəqillik əldə etdikdən sonra Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründən-1999-cu ildən respublikamızda bələdiyyələr fəaliyyət göstərir. Bəs indi özünüidarəetmə orqanlarının fəaliyyətini ümumi şəkildə necə xarakterizə etmək mümkündür? Məlumdur ki, bu təsisat ilk milli Konstitusiyamız əsasında yaranıb. Bələdiyyələrin yaradılması prosesi isə bu sahədə qanunvericiliyin formalaşması ilə başladı. Bu dövr ərzində ilk dəfə olaraq bələdiyyələr təşkilati-struktur baxımdan demək olar ki, formalaşıblar. İkincisi, bələdiyyələr yerli özünüidarə sahəsində bir idarəçilik təcrübəsi əldə ediblər. İndiki sistem üzrə ilk illlərdə işin təşkilində, təşkilatın formalaşmasında ortaya çıxan problemlərdən biri ondan ibarət idi ki, yerli özünüidarəetmə sahəsində təcrübə yox idi. Sovet sistemi əvəlki təcrübəni unutdurmuşdu. Ona görə də bələdiyyələr həmin təcrübədən lazımi səviyyədə bəhrələnə bilməyiblər. Bələdiyyələrin yaradıldığı ilk vaxtlarda müəyyən çətinliklər oldu. Bu da təcrübəsizlikdən irəli gəlirdi. Dövlət bu təsisatın formalaşmasında məsuliyyət daşıyırdı və bu yöndə əhəmiyyətli addımlar atıldı. Əks-mərkəzləşmənin mahiyyəti odur ki, ölkədə səmərəli yerli özünüidarə sistemi formalaşmalıdır. Yaradılan bu sistem ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf proqramına şərait yaratmalıdır. Bu sistemin bir məqsədi də dövlətin yerdə dayanıqlığını və yerli demokratiyanın inkişafını təmin etməkdir. Eyni zamanda, hüquqi tənzimləmə məsələsi ortaya çıxırdı. Ümumilikdə isə, ötən dövrdə bələdiyyələr təşkilati-struktur olaraq formalaşdılar və idarəetmə təcrübəsi əldə etdilər. Bu gün bələdiyyələrin dövlət orqanları ilə qarşılıqlı münasibətlərinin tənzimlənməsində müəyyən irəliləyişlər var.
Bələdiyyələr vətəndaşlara xidmət edən yerli idarəetmə orqanıdır, vətəndaşlar qarşısında məsuliyyət daşıyırlar. Bu mənada müəyyən işlər görülüb, təcrübə əldə olunub. Keçən dövr ərzində bələdiyyələr ölkəmizin sosial-iqtisadi inkişaf proqramlarında da fəal iştirak ediblər. Ölkəmizdə abadlıq-quruculuq işləri genişlənir və bu işlərdə bələdiyyələrin iştirakını da qeyd etməliyik. Bütövlükdə deyə bilərik ki, özünüidarə orqanı kimi bələdiyyələr özlərini təsdiq ediblər, müəyyən işlər görüblər. Bütün bunlara baxmayaraq bələdiyyələrdə səmərəli strukturlaşma olmalıdır. Çox təəssüf ki, bu səmərəlilikdən hələ dolğun şəkildə danışmaq mümkün deyil. Dövlət orqanları ilə bələdiyyələrin arasında qarşılıqlı münasibətlərin tənzimlənməsindəki təşkilati-struktur işlərində, maliyyə-iqtisadi məsələlərdə olan problemlər imkan vermir ki, bələdiyyələr səmərəli fəaliyyət göstərsin. Bu sahədə mövcud olan problemlər aradan qaldırılsa, onda bələdiyyələrin işində böyük dönüş yarana bilər. Hazırda bununla əlaqədar müvafiq tədbirlər görülür. Təşkilati-hüquqi məsələnin tənzimlənməsində mövcüd olan problemlərin aradan qaldırılmasında ən vacib məsələ qanunvericiliyin mütəmadi olaraq təkmilləşdirilməsi prosesidir. Hamıya məlumdur ki, ölkədə qanunvericiliyin təkmillşədirilməsi prosesi gedir. O cümlədən, bələdiyyələr haqqında qanunlar da bu prosesdən kənarda qalmır. Hüquqi təminat məsələsi olsa, qeyd etdiyimiz problemlər də aradan qalxmış olar. Bələdiyyələrin işinə maneçilik törədən amillər aradan qaldırılmaqdadır. Maliyyə - iqtisadi məsələlərdə mütləq həllini tapmalıdır.
Bununla belə bələdiyyələrin özləri alternativ, yeni maliyyə mənbələri axtarmalıdırlar ki, maliyyə imkanlarını artıra bilsinlər. Bələdiyyə sədri hesab edir ki, dövlət vəsait ayıracaq və o da həmin vəsaiti xərcləyib işlərini görəcək. Amma belə olmamalıdır. Bələdiyyə özünün gəlir mənbələrindən əlavə yeni axtarışlar da aparmalıdır. Eyni zamanda, problemlərdən biri də budur ki, bələdiyyə vəsaitlərinin düzgün xərclənməməsi halları var. Həmin vəsaitlər yeni iş yerlərinin açılmasına və s. xərclənməli idi. Amma yerli özünüidarə orqanları bunu etmədilər. Bu gün bələdiyyələr yeni layihələr işləyib hazırlamalı, həmin layihələrin icrasına dəstək vermək üçün dövlətə müraciət etməlidirlər. Azərbaycan bu gün investisiya yatıran dövlətə çevrilib. Ölkəmiz həm daxilə, həm də xaricə investisiya yatırır. Bələdiyyələr də ölkəmizdə investorlar axtarıb tapmalı, onların imkanlarından istifadə etməlidirlər. Lakin bu təşəbbüslər hələ ki, yoxdur. Bunun üçün QHT-lər, assosiasiyalar layihələr hazırlayıb, bələdiyylərə kömək etməlidirlər.
Bu gün əksər bələdiyyələrin fəaliyyəti heç də qaneedici deyil. Amma onların içərisində fəaliyyəti yaxşı olan bələdiyyələr də var. Ümumilikdə bələdiyyələrin nüfuzsuz orqan olmasını demək düzgün çıxmaz. Harada müvafiq və yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrə yaxşı münasibət var, orada onlar yaxşı işləyir, harada ki, bu münasibət yoxdur, orada bələdiyyələr passiv fəaliyyət göstərir. Bəzi icra hakimiyyəti orqanları var ki, bələdiyyələrə əlavə qurum kimi baxırlar.
Əgər belədiyyələr normal vergi yığa bilsə, yaxşı da iş görə bilər. Əksər bələdiyyə sədrləri deyir ki, 5 illik seçildim və bitəhər yola verim, gələcəkdə bir dəfə də seçilim. Amma bu belə olmamalıdır axı. 1999-cu ildən bələdiyyə seçkiləri keçirilir. Elə bələdiyyə sədri var ki, uzun illərdir ki vəzifədədir.
İndi bələdiyyələrlə bağlı müxtəlif fikirlər səsləndirilir, səlahiyyətsiz qurum olduğu deyilir. Bələdiyyələrin icra orqanlarından asılılığı dilə gətirilir. Bələdiyyələrin icra orqanlarından asılılıq məsələsi düzgün deyildir. Çünki icra orqanlarının və bələdiyyələrin ayrı əsasnamələri var və onun əsasında fəaliyyət göstərirlər. Bu asılılıq deyil. Burada qarşılıqlı, müştərək iş var. Məsələn, bələdiyyə hansısa icra strukturu, digər müvafiq qurumla əlaqəli işləyirsə, bu ümumi işin xeyrinədir. Deyirlər ki, bələdiyyələrin səlahiyyətləri əlindən alınıb. Əslində isə, alınmayıb. Ona görə alınmayıb ki, artıq bələdiyyələr öz büdcəsini özləri formalaşdırır və sərbəst şəkildə büdcədən istifadə etməyə qadirdirlər. Bələdiyyələr hər il öz büdcələrini təsdiq edir, işlərin gedişi ilə bağlı hesabat verir. İcra orqanları müvafiq olaraq yerli hakimiyyət orqanı kimi bələdiyyələrə müəyyən istiqamət verə bilir. Əslində, bu, pis hal deyil, bütün ölkələrdə belədir. Bütün ölkələrdə bələdiyyələrin fəaliyyətinə nəzarət var. Sivilizasiyalı yerlərdə bələdiyyələri idarə edən, onları nəzarətdə saxlayan nazirlik var, komitələr var. Həmin qurumlar bələdiyyələr qanunvericiliyi pozursa, qoyulmuş tələblərə cavab vermirsə, onlar haqqında tədbir görürlər. Azərbaycanda icra qurumları bələdiyyələrin üzərində nəzarəti artıranda, müəyyən məsələlərə müdaxilə edəndə, deyirlər ki, bələdiyyələr icra orqanlarından asılıdır. Bələdiyyələr var ki, hazırda sərbəst iş görür. Heç bir icra orqanı da onun işinə qarışmır. Amma qarşılıqlı işlər var ki, onu birlikdə icra edirlər.
Son dövrlər qəbul edilən bütün əsas sosial, ictimai, təsərrüfat həyat ilə əlaqədar qanunlarda bələdiyyələrə müəyyən səlahiyyətlər verilib. “Təhsil”, “Bədən tərbiyəsi və idman”, “Şəhərsalma”, “Ekoloji tarazlığın qorunması”, “Kənd təsərrüfatının inkişafı” və digər mühüm qanunlarda bələdiyyələrə müəyyən səlahiyyətlər verilib ki, istehsal sahələri yaratsınlar, məktəblər, bağçalar açsınlar. Ancaq bələdiyyələr buna təşəbbüs göstərmir. Əgər bu təşəbbüs yoxdursa, bu, asılılıq deyil. Bələdiyyələrin müəyyən vəsaiti varsa, getsin, uşaq bağçası tiksin. İcra başçısı və ya orqanları buna narazılıq edər? Bələdiyyə idman tədbiri həyata keçirsə, buna kim narazılıq edə bilər? Bütün ölkələrdə bələdiyyələr müvafiq orqanlarla öz qanunları çərçivəsində əlaqə qurub işləyirlər. Bizdə bələdiyyələrdə təşəbbüskarlıq yoxdur, deyirlər asılılıqdır. Bələdiyyələrə səlahiyyət verilib ki, özlərində olan torpaqlardan səmərəli istifadə etsinlər. Artıq kənd təsərrüfatının inkişafı üçün yerlərdə şərait yaradılıb. Bələdiyyələr də getsin, öz torpaqlarına pambıq əksin. Adamları səfərbər etsin, bələdiyyə təsərrüfatı yaratsın və pambıqçılığı inkişaf etdirsin. Bələdiyyə baramaçılıqla, taxılçılıqla və s. məşğul ola bilər. Buna qanun imkan verir, amma bələdiyyələrdə təşəbbüs yoxdur.
Seçicilər bələdiyyələrə niyə işlək qurum kimi baxmır? Çünki bələdiyyə-vətəndaş münasibətində bir süstlük var. Bələdiyyələr vətəndaşlarla lazımı əlaqəli şəkildə işləyə bilmirlər. Vətəndaşlar özləri də bələdiyyələrə müəyyən qaydada yardım etmir, onların işləri ilə maraqlanmırlar. Qanunda var ki, bələdiyyələr seçildikdən sonra hər bir vətəndaş bələdiyyənin fəaliyyəti ilə maraqlana bilər. Ondan maliyyənin xərclənməsi, gördüyü işlərlə bağlı məlumat ala bilər. Ancaq bizdə bu məsələdə ciddi problem var. Bələdiyyə nə ilə yaşamalıdır? Torpaq vergisi yığmalı, özünün müəssisəsi varsa, mənfəət vergisindən gəlir götürməlidir. Ancaq baxırıq ki, getdikcə bələdiyyələrin yığdığı vergi azalır. Amma əmlak çoxalıb, torpaqdan istifadələr artıb, amma təşəbbüs yoxdur, əlaqə zəifdir deyə, insanlar öz vergilərini vermir. Bələdiyyələr insanlara kömək etmir, əlaqəli işləmir deyə, onlar da bələdiyyələrə müəyyən etimad göstərmir. Əsas problem bundadır. Xarici təcrübədə isə vətəndaş bələdiyyəni seçdikdən sonra müntəzəm olaraq onun işi ilə maraqlanır, onun işində iştirak edir. Sahibkarlar uşaq bağçalarının tikilməsində, müəssisənin açılmasında bələdiyyəyə yardım göstərir. Amma bizdə təəssüflər olsun ki, elə sahibkar var ki, özü üçün bələdiyyənin ərazisində böyük müəssisə yaradıb, amma torpaq vergisi verməkdən imtina edir. Çox hallarda bu sahədə ciddi mübahisələr yaranır. Əgər bələdiyyənin vəsaiti olsa, o, müəyyən asılılıqdan qurtarar, özü öz vəsaiti hesabına işlər görər.
Mövzu ilə bağlı Sabirabad Bələdiyyəsinin sədri Kamran Mirzəyevlə görüşüb söhbət etdik. Ona bu və ya digər suallarla müraciət etdik. Kamran Mirzəyev bütün suallarımıza aydınlıq gətirmədi.
O, əvvəlcə gələcəkdə görmək istədikləri işlər barədə danışdı. Qeyd etdi ki, şəhərin Heydər Əliyev prospektindəki “Gül bağı” parkında geniş abadlıq və quruculuq işləri aparmağı, bəzi küçələri abadlaşdırmağı nəzərdə tutmuşuq. Fərdi yaşayış evlərinin tikilməsi üçün torpaq sahəsinin olmamasını və şəhər əhalisinin artımını nəzərə alaraq yaşayış binalarının da tikintisini qarşıya məqsəd qoymuşuq.
Sonra o, Sabirabad Bələdiyyəsinin mövcud problemləri barədə bunları söylədi: “Bələdiyyənin ehtiyat torpaq fondunda torpaq sahəsi yoxdur. Bələdiyyənin elektron bazası olmadığı üçün mülkiyyətini aydınlaşdırmaqdan ötəri Əmlak Məsələləri Dövlət Xidmətinin bəzi idarələrinə rüsum ödəməli olur. Nəticədə sənədləşmə işləri ləng gedir, izafi xərclər artır”.

Elçin NƏSİB,
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter