Fevralın 23-də Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyev TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb və görüşdə çox ciddi mesajlar verilib. İstər iki ölkə arasında Müttəfiqlik Bəyannaməsinin imzalanması, Cənubi Qafqazda sülh və təhlükəsizlik mühitinin yaradılması, eləcə də erməni jurnalistlərin təxribatçı suallarının sərrast cavabları media nümayəndələri tərəfindən də maraqla qarşılanıb. Bu görüşdə Prezident İlham Əliyev bütün sualları sərrast cavablandıraraq öz yüksək dialoq məharəti və mədəniyyəti, müzakirə aparmaq bacarığı və geniş məlumatlılığını bir bir daha göstərdi.
Rusiya KİV-ləri iki ölkə arasında münasibətlərin indiki formatını ali format kimi qəbul edir. Prezident İlham Əliyevin də söylədiyi kimi, dövlətlərarası münasibətlərdə bu, aysberqin zirvəsidir. Bu sənəd eyni zamanda Ermənistanın Rusiya ilə münasibətləri inhisara almaq, bu ölkənin imkanlarından öz maraqları üçün istifadə etmək, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında üzvlükdən yararlanmaq imkanlarını heçə endirir.
Görüşdə həm də bir sıra digər məqamlara da toxunulub. Qeyd edilib ki, bu gün Azərbaycanda rus sektoruna məktəblərdə tələbat çoxdur. 140 mindən çox uşaq və ali məktəblərin rus bölmələrində 15 mindən çox Azərbaycan vətəndaşı təhsil alır.
Azərbaycana gələnlərin özlərini evlərində olduğu kimi hiss etmələri üçün bütün səylər görülür. Pandemiyaya qədər 2019-cu ildə Rusiyanın bir milyon vətəndaşı Azərbaycandaturist kimi səfərdə olub, onlar Azərbaycanda özlərini rahat, öz mühitində, o cümlədən dil mühitində hiss edirlər. Pandemiyaya qədər hər il təqribən 15-20 faiz turist artımı müşahidə olunub.
Görüşdə həm də COVİD-19-la mübarizə tədbirlərinə də toxunulub. Azərbaycan beynəlxalq səviyyədə həm kömək edən, həm də “vaksin millətçiliyi”nə qarşı çox fəal çıxış edən azsaylı ölkələrdəndir. İnkişaf etməkdə olan ölkələr arasında vaksinasiya səviyyəsi inkişaf etmiş ölkələrlə müqayisədə onlarca dəfə aşağıdır. Bu ölkələrə kömək göstərmək üçün Azərbaycan başçılıq etdiyi Qoşulmama Hərəkatının Zirvə görüşü keçirilib, Azərbaycanın təşəbbüsü ilə BMT-nin Baş Assambleyasının xüsusi sessiyası da təşkil olunub. Azərbaycan təqribən 80 ölkəyə maliyyə yardımı və humanitar yardım göstərib. Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) ilk növbədə, Qoşulmama Hərəkatının üzvü olan ölkələrdə vaksinasiya üçün Azərbaycan 10 milyon dollar könüllü ianə ayırıb və ÜST özünün açıq çıxışlarında Azərbaycanı həm daxildə, həm də kənarda nümunəvi ölkə kimi qiymətləndirib ki, bu da çox müsbət bir haldır.
Bir sözlə, Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfərini son illər ölkəmizin xarici siyasətində ən önəmli hadisələrdən biri, dövlətimizin başçısının siyasi-diplomatik məharətinin nümayişi kimi dəyərləndirirlər.
Nail Xanməmmədov,
Sabirabad rayonu Ulacalı kənd
tam orta məktəbinin direktoru