Beynəlxalq ictimaiyyət bu təşəbbüsü təqdir edirAzərbaycanın təşəbbüsü ilə COVID-19-un müalicəsi ilə bağlı məlumat bazası yaradılıb və Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına üzv ölkələr də həmin məlumat bazasından istifadə edir. Bu isə öz növbəsində ÜST-ə öz dəstəyini düzgün planlaşdırmağa və proqnozlaşdırmağa kömək edir.
Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan 80-dən artıq ölkəyə yardım edib. Yəni təmənnasız olaraq bir neçə ölkə peyvənd dozaları ilə təmin olunub. Eyni zamanda Azərbaycan yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə yardımı edib.
Noyabrın 28-də isə Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı zamanı Prezident İlham Əliyev bir daha bu məsələyə toxunaraq vurğulayıb ki, Azərbaycan pandemiya ilə mübarizə sahəsində qlobal səylərin səfərbər edilməsi üçün mühüm addımlar atır: “Biz “peyvənd millətçiliyi”nin qəti şəkildə əleyhinə olduğumuzu daim vurğulayırıq”.
Həmçinin Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunmasına dair qətnamələr qəbul edilmişdi.
Dekabrın 16-da isə Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından irəli sürülmüş COVID-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, münasib, vaxtında və universal əlçatanlığının təmin edilməsi ilə bağlı qətnamə BMT Baş Assambleyasında 179 ölkənin dəstəyi ilə qəbul olunub.
Bu qətnamənin qəbul edilməsi ilə beynəlxalq ictimaiyyət Prezident İlham Əliyevin COVID-19 pandemiyasına, “peyvənd millətçiliyi”nə qarşı təşəbbüslərini bir daha dəstəklədiyini nümayiş etdirdi.
Göründüyü kimi, Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində COVID-19 pandemiyasına qarşı mübarizə naminə beynəlxalq səylərin səfərbər edilməsi sahəsində qlobal liderliyini davam etdirir. Pandemiya qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycan qlobal liderlik rolunu üzərinə götürərək bu bəlanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdəndir.
Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə Azərbaycan Prezidentinin “peyvənd millətçiliyi”nə, varlı və kasıb ölkələr arasında vaksinasiyaya əlçatanlıqla bağlı getdikcə dərinləşən qeyri-bərabərliyə qarşı mübarizəni daim gündəlikdə saxlaması, Azərbaycanın indiyədək 80-ə yaxın ölkəyə birbaşa və ÜST xəttilə maliyyə və humanitar yardım etməsi, bir sıra ölkələrə təmənnasız olaraq COVID-19 əleyhinə vaksinlər göndərməsi beynəlxalq ictimaiyyət tərəfindən təqdir edilir.
Əli HÜSEYN,
“Muğanın səsi”