Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2022-ci ilin “Şuşa İli” elan edilməsi çox böyük tarixi və əlamətdar hadisədir. Ali Baş Komandanın rəhbərliyi ilə cəmi 44 günə işğaldan azad edilmiş bütün yurd yerlərimiz, Qarabağın hər bir guşəsi bizim üçün çox əziz və çox müqəddəsdir, bunun sübuta ehtiyacı yoxdur, bu, aksiomadır, amma bizim üçün Şuşanın yeri bir ayrıdır, o, bizim göz bəbəyimiz, milli dəyərimiz, milli kimliyimizdir. Şuşa nəinki bizim, bütün dünyanın mədəniyyət beşiyi, musiqi konservatoriyası, ziyalılıq məbədgahıdır.[/i][/b]
“Şuşa İli” nəinki Şuşanın, işğaldan azad edilmiş bütün digər ərazilərimizin, yurd yerlərimizin yenidən dirçəlməsi, cənnət məkanına çevrilməsi, ayağa qalxması, intibahı demək olacaq.
“Şuşa İli” həm də 30 ilə yaxın bir dövr ərzində öz insanına həsrət qalmış Qarabağımıza “Böyük qayıdış”ın başlanğıcı, özülü, təməli olacaq. İnsanlarımız artıq yavaş-yavaş, mərhələ-mərhələ öz doğma yurd yerlərinə, əslində isə özlərinə dönmüş, qayıtmış olacaqlar. “Şuşa Ili” eyni zamanda, son illər böyük inkişaf mərhələsi yaşayan turizm sektorunun daha da genişlənməsi, daha da qol-qanad açması demək olacaq. Çox tezliklə xarici, əcnəbi turistlər Şuşamıza və digər bölgələrimizə axın edəcəklər, tariximizlə, keçmişimizlə, dəyərlərimizlə tanış olacaqlar. Həm bir daha erməni vandalizminə şahidlik edəcəklər, həm də Azərbaycanın gücünə, qüdrətinə, necə sürətli inkişaf yolu keçməsinə, əzminə şahid olacaqlar. “Şuşa Ili” həmçinin, bir daha Qarabağa, işğaldan azad olunmuş yurd yerlərimizə tam sahiblənməyimiz, tam yiyələnməyimiz demək olacaq və deməkdir.
Bir daha xüsusi vurğulayırıq ki, yenicə qədəm qoyduğumuz 2022-ci ilin “Şuşa İli” elan edilməsi çox böyük siyasi, mənəvi, rəmzi məna daşıyır və bu, hər birimizin ürəyindən olan bir hadisədir. Ölkəsini, Vətənini, dövlətini, torpağını, Qarabağını sevən hər bir kəs bunu böyük sevinc, fəxr hissi ilə qarşılayır və ölkə Prezidentinə dərin minnətdarlıq edirik.
Əfşan Muxtarlı,
Nərimankənd kənd həkim
məntəqəsinin müdiri