Vətən müharibəsi Azərbaycan tarixinin şanlı səhifəsini təşkil edir. 30 ilə yaxın işğal altında saxlanılan doğma torpaqlarımızın azad edilməsi kimi tarixi bir missiyanı şərəfli şəkildə yerinə yetirən ordumuz xalqımıza Qələbə sevincini yaşatdı. Dövlət başçımız, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında bir yumruq kimi birləşən xalqımız bütün dünyaya həmrəylik və mübarizlik nümunəsi oldu. Öz iqtisadi gücünə və hərbi qüdrətinə güvənən Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə, tarixi ədaləti bərpa etdi. Eyni zamanda 30 ilə yaxın kağız üzərində qalmış qətnamələrin icrasının təminatçısı məhz Azərbaycan oldu.
Vətən müharibəsi nəticəsində qazandığımız Qələbənin bizi qovuşdurduğu doğma torpaqlarımızdan biri də Laçın rayonudur. Zəngin faydalı qazıntı yataqları, əsrarəngiz təbiəti ilə tanınan Laçın rayonu 18 may 1992-ci ildə işğal olunub. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olub. Laçın rayonu Şuşadan sonra işğala məruz qalmış ikinci rayondur. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. Əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurdu.
İşğalın nəticəsində rayonda dövlət və xüsusi mülkiyyətə ciddi zərər yetirilib. 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib.54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. VI-cı əsrə aid Alban Ağoğlan məbədi, 14-cü əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib.
Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərilə məşğul olub.
Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Cari ilin 14 fevral və 16 avqust tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunda səfərdə olmuşdur. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş komandanı İlham Əliyev fevralın 14-də Güləbird kəndində Azərbaycan bayrağını qaldırdı. Hazırda Laçın istiqamətində dövlət sərhədləri möhkəmləndirilir. Eyni zamanda,Laçın rayonunda fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır.
Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyasını işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Prezident İlham Əliyev vurğulayıb: “Bu, azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyasıdır və bunun çox böyük əhəmiyyəti, böyük rəmzi mənası var. Biz qayıdırıq bu torpaqlara. Biz Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa edəcəyik. Düşmən təkcə Laçın rayonu ərazisində 5 su elektrik stansiyasını dağıdıb. Onların hamısı bərpa ediləcək.”
Bildiyimiz kimi, işğaldan azad edilmiş ərazilərdə hava limanları inşa olunur. Əminik ki, bu mühüm addım bölgənin beynəlxalq statusunu artıracaqdır. Sevindirici haldır ki, bizim rayonumuzda da müasir standartlara cavab verən Füzuli Beynəlxalq Hava Limanı tikilmişdir. Cəmi 8 aya inşa olunan bu aeroport rayonumuzun, eləcə də regionun gələcək inkişafında mühüm rol oynayacaqdır. Biz füzulilərə qürur verən məqamdır ki, Füzuli Beynəlxalq Hava Limanının ilk xarici qonağı qardaş Türkiyə respublikasının prezidenti Rəcəb Tayib Ərdoğan oldu.
Laçın rayonunda isə beynəlxalq hava limanının tikintisinə start verilib. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək bu hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq. Prezident İlham Əliyev bu barədə fikirlərini belə ifadə etmişdir: “Hesab edirəm ki, bu, bir çoxları üçün gözlənilməz oldu. Bəziləri bunu möcüzə hesab edirdilər. Çünki sovet dövründə heç vaxt bu bölgədə - Kəlbəcər-Laçın zonasında hava limanı olmayıb. Məhz bu səbəbə görə. Çünki çox bahalı bir layihə ola bilərdi və məqbul yer də tapmaq mümkün deyil. Ancaq biz bunu edirik. Müstəqil Azərbaycan dövləti buna da qadirdir. Buna texniki imkanlarımız da, maliyyə imkanlarımız da və güclü iradəmiz də var.”
Ümumilikdə işğaldan azad edilmiş ərazilərdə aparılan işlərin miqyası və surəti ölkəmizin iqtisadi gücündən və tükənməz potensialından xəbər verir. Ölkə başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan işlər qəti əminlik yaradır ki, tezliklə Qarabağda və Şərqi Zəngəzurda gülüstanlar qurulacaq və bu torpaqlara qaynar həyat qayıdacaq.
Oktay Mehdiyev,
Sabirabad Olimpiya İdman
Kompleksinin direktoru