Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan
İlham Əliyev böyük xilaskarlıq missiyasını yerinə
yetirməklə xalqımızın qəhrəmanlıq salnaməsini qızıl
hərflərlə yazdı.
Azərbaycan xalqı çoxəsrlik tarixinin, eləcə də çağdaş hərb tarixinin ən əzəmətli hadisəsinin ildönümünü təntənə ilə qeyd edir. Xalqımızın şərəf və ləyaqət tarixinin qızıl hərflərlə yazılmış səhifələri olan 44 günlük Vətən müharibəsi və qazanılan möhtəşəm Zəfər gələcək nəsillər üçün də əbədi sevinc mənbəyi olacaqdır. Məhz keçən il Azərbaycan xalqının Müzəffər Ali Baş Komandanının və Milli Ordumuzun qəhrəmanlığı ilə otuz ilə yaxın müddətdə işğal altında olan Vətənimizin əbədi və ayrılmaz parçası Qarabağ torpaqları azad edilərək, dövrümüzün hünər, rəşadət, igidlik və şücaət salnaməsinə çevrildi. Bu Qələbə möhtərəm Prezidentimizin komandanlığı və əfsanəvi “Dəmir yumruq” əməliyyatı ilə ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, əyilməz siyasi iradəsi və barışmaz mövqeyilə dünya bir daha Azərbaycan Xalqının birliyinin, həmrəyliyinin, Azərbaycan dövlətinin gücünün və Ordumuzun məğlubedilməzliyinin şahidi oldu.
Möhtərəm Prezidentimizin beynəlxalq aləmdəki informasiya və diplomatiya savaşındakı misilsiz uğurları 44 günlük Vətən müharibəsində şəksiz qələbənin əldə edilməsində həlledici rol oynadı. Bu zəfər həm də son iki yüz il ərzində Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik mövqeyində və ərazi iddiasında olan təcavüzkar Ermənistan və onun havadarlarıı üzərində tarixi bir Zəfər idi. Azərbaycan xalqının qürur mənbəyi olan bu Qələbənin möhtəşəmliyi və doğurduğu sevinc sözlə ifadə edilə bilmədiyi kimi, onun siyasi, hüquqi, tarixi, iqtisadi və etnokultural və geosiyasi əhəmiyyəti də ölçüyə gələ bilməyəcək dərəcədə misilsizdir.
Bütün bunları düşündükcə, eləcə də Vətən müharibəsində 44 gün ərzində baş verənləri təhlil etdikcə, dünya erməniliyi ilə mübarizə edən Azərbaycan xalqının əvəzolunmaz LİDER-inin, onun qəhrəman Milli Ordusunun, hər qarış Vətən torpağı uğrunda canından, həyatından keçmiş şəhid və qazilərimizin misligörünməmiş qüdrətini və fədakarlıqlarını bir daha dərk edir və bununla qürur duyursan.
Cənab İlham Əliyev 2003-cü ildə prezident seçkiləri ərəfəsində bəyan etmişdi ki, Azərbaycan xalqı ona etimad göstərsə, O, Ulu Öndərin siyasətinə sadiq qalacaq. Xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Heydər Əliyevin siyasi varisi olaraq hakimiyyətə gələn cənab İlham Əliyev öz vədlərinə maksimal ölçüdə əməl edərək ötən 18 il ərzində Azərbaycan xalqının ən böyük arzularını reallaşdırdı.
Prezident cənab İlham Əliyev qısa zaman kəsiyində ona bəslənilən bütün ümidləri tam doğrultmaqla, cəmiyyətin bütün gözləntilərini gerçəkləşdirdi, yorulmaz, qətiyyətli və prinsipial fəaliyyəti ilə sübut etdi ki, onun atdığı hər bir addım, verdiyi hər bir qərar cəmiyyət üzvlərinin maraq və istəklərinin təmin edilməsinə, dövlətçiliyimizin möhkəmlənməsinə, ərazi bütövlüyümüzün təmin edilməsinə, siyasi sabitliyin və iqtisadi tərəqqinin davamlılığına və daha da möhkəmlənməsinə hesablanıb.
Şanlı Zəfərlə nəticələnən Vətən müharibəsi əslində 17 illik hazırlığın bir növ sınaq mərhələsi idi. Prezident cənab İlham Əliyev mövcud dünya siyasətinin reallıqlarını müdrikcəsinə dərk edərək bu xüsusda adekvat addımlar atdı.
Aparılan məqsədyönlü, ardıcıl və qətiyyətli siyasətin nəticəsində Azərbaycan özünün hərbi potensialını əhəmiyyətli dərəcədə artırmağa nail oldu. Ordumuz ən müasir silah-sursat, texnika və avadanlıqlarla təchiz olundu. Azərbaycan müdafiə sənayesi məhsullarını istehsal və hətta ixrac edən ölkəyə çevrildi. Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı Cənubi Qafqazın ən güclü ordusuna sahib oldu. Təsadüfi deyil ki, 2003-cü ildən indiyə qədər Azərbaycanın hərbi büdcəsi 15 dəfə artıb. Bu göstəricilər beynəlxalq reytinq agentliklərinin də diqqətindən yayınmadı. Dünyaca məşhur “Global Firepower” şirkətinin hesabatına əsasən, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusunun siyahısına daxil edildi.
Əlbəttə ki, dayanıqlı inkişaf edən iqtisadiyyatımız olmasaydı, hərbi potensialımızı arzu etdiyimiz səviyyədə genişləndirə bilməyəcəkdik. Digər tərəfdən, ümumiyyətlə, iqtisadi asılılıq şəraitində tam müstəqil siyasət aparmaq imkanımız məhdudlaşa bilərdi. “Yalnız iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilər”,- deyən Prezident cənab İlham Əliyev bu prinsipi özünün idarəçilik fəlsəfəsinin təməl maddələrindən birinə çevirdi. Azərbaycan ötən 17 il ərzində reallaşdırdığı böyük geoiqtisadi layihələrlə nəinki özünün iqtisadi müstəqilliyini təmin etdi, hətta Avropanın enerji təhlükəsizliyində önəmli rol sahibi olmaqla qoca qitəni bir növ özündən asılı duruma saldı. Dünyanın ən nüfuzlu iqtisadi təşkilatı olan Avropa İttifaqı Azərbaycanın strateji tərəfdaşına çevrildi. Azərbaycan “Şərq tərəfdaşlığı” proqramında iştirak edən yeganə ölkədir ki, Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqda müqavilə imzalayıb.
Beləliklə, iqtisadi sahədə əldə etdiyimiz uğurlar bir tərəfdən siyasi müstəqilliyimizi təmin edən faktorlardan birinə çevrildi, digər tərəfdən isə ordumuzun ən müasir silah-sursatla təchiz olunmasına şərait yaratdı. Bu faktor bizi böyük zəfərə yaxınlaşdıran səbəblərdən biri idi. Digər mühüm amil isə siyasi-diplomatik və informasiya müstəvisində görülən işlər idi. Əks halda ordumuzun 27 sentyabr tarixindən etibarən başlatdığı əks-hücum əməliyyatları beynəlxalq ictimaiyyətin mənfi reaksiyası ilə qarşılaşa bilərdi. Aparılan ardıcıl və uzaqgörən siyasət nəticəsində münaqişənin hüquqi bazası formalaşmışdı. 2003-cü ildə münaqişə ilə bağlı istinad edə biləcəyimiz yeganə sənəd BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri idisə, Prezident cənab İlham Əliyevin hakimiyyəti illərində demək olar ki, bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyini təsdiqləyən sənədlər qəbul etdilər. Ermənistanın işğalçılıq siyasəti bütün beynəlxalq müstəvilərdə ifşa olundu. Dövlət başçımız yorulmaz fəaliyyəti ilə cəmi 17 il ərzində erməni lobbisinin bir əsrdən çoxdur yaratdığı mif və stereotipləri darmadağın etməyə nail oldu. 100 illik erməni yalanları bütün dünyada ifşa edildi, Azərbaycanın haqlı mövqeyi bütün beynəlxalq dairələr tərəfindən qəbul edildi və nəhayət, işğalçı öz adı ilə çağırılmağa məhkum edildi.
Elə bir beynəlxalq platforma qalmadı ki, orada Azərbaycanın haqq davası ilə bağlı tarixi həqiqətlər səslənməsin. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etdilər. BMT Baş Assambleyası, hətta Avropa Şurası və Avropa Parlamenti kimi anti-Azərbaycan xarakteri ilə seçilən qurumlar da Azərbaycanın effektiv informasiya strategiyasının sayəsində münaqişə ilə bağlı ədalətli və obyektiv qətnamələr qəbul etmək məcburiyyətində qaldılar.
Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına üzv olmaq istəyəndə bunun heç də doğru addım olmadığını irəli sürən dairələr var idi, amma bu təşkilat çərçivəsində ölkəmizin apardığı informasiya siyasəti olduqca səmərəli nəticələrə gətirib çıxardı. Dünyanın 120 ölkəsinin birləşdiyi bu nəhəng təsisat bütün toplantılarında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstək nümayiş etdirdi. Yeri gəlmişkən, Vətən müharibəsi davam edərkən 19 və 29 oktyabr tarixlərində BMT Təhlükəsizlik Şurasında Azərbaycanın maraqlarına qətiyyən cavab verməyən ədalətsiz bir sənədin qəbulu müzakirə edilərkən məhz Azərbaycanın Qoşulmama Hərəkatı üzvü kimi qazandığı dost ölkələrin təşəbbüsləri sayəsində həmin sənədlər qəbul edilmədi. Azərbaycan böyük müsəlman dünyasını münaqişə həqiqətləri ilə davamlı şəkildə məlumatlandırdı. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində aparılan uğurlu fəaliyyət nəticəsində Ermənistanı açıq mətnlə işğalçı ölkə kimi təqdim edən sənədlər qəbul edildi. Düşmənin dini abidələrimizə qarşı törətdiyi təhqiramiz davranışları tutarlı faktlarla müsəlman aləminə yayıldı. Azərbaycan Prezidentinin “Məscidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz” tezisi müsəlman dünyasında əhəmiyyətli əks-səda doğurdu və bu gün bəzi kiçik istisnaları çıxmaq şərtilə, Ermənistanın İslam aləminə qapısı bağlı vəziyyətdədir. Ermənistanın dünyaya təqdim etdiyi qondarma miflər darmadağın edildi. Real tarixi faktlara söykənərək əsaslandırıldı ki, ermənilər müxtəlif ölkələrin geosiyasi ambisiyalarının nəticəsi olaraq son 200 ildə Qarabağ ərazisinə köçürülüblər. Heydər Əliyev Fondunun qlobal miqyasda apardığı səmərəli təbliğat sayəsində 13 ölkə Xocalı soyqırımını rəsmən soyqırımı cinayəti kimi tanıdı. Bütün dünya ədalətin kimin tərəfində olduğunu, kimin təcavüzkar, kimin sülhpərvər missiya daşıdığını anlamış oldu. Dünya Ermənistan dövlətinin faşizm mahiyyətini bütün çılpaqlığı ilə gördü.
Müharibə ərəfəsində, yəni ötən il fevral ayından başlayaraq ölkəmiz həm də çətin sınaqla üzləşmişdi. Mənşəyi məlum olmayan, dünya səhiyyəsinin indiyə qədər rastlaşmadığı virusun yayılma miqyasının qarşısını almaq olduqca çətin, hətta mümkünsüz görünürdü. Ancaq ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında, pandemiyaya qarşı mübarizəni əhalinin həyatının və sağlamlığının qorunması, sosial müdafiəsinin təmin olunması və iqtisadi fəallığının inkişaf etdirilməsi istiqamətlərində qurmaqla müsbət təcrübəyə nail oldu. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi “Yeganə yolumuz insanları qorumaq, yoluxmaların sayını azaltmaq, xəstəliyin geniş vüsət almasına yol verməmək və beləliklə, vətəndaşlarımızı, dövlətimizi bu vəziyyətdən xilas etməkdir” fikirləri hər birimizdə ruh yüksəkliyi yaratdı.
Azərbaycan xalqı həm də mənəvi-psixoloji baxımdan olası bir müharibəyə özünü hazırlamışdı. Gənc nəsil Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişdi və torpaqlarımızı işğalçılardan azad etdi. Vətən müharibəsində bütün yaş kateqoriyalarına aid insanlar böyük fədakarlıq və qəhrəmanlıq nümayiş etdirdilər, ancaq bu da bir həqiqətdir ki, döyüşlərdə iştirak edənlərin böyük əksəriyyəti 2003-cü ildə, cənab İlham Əliyev Prezident seçilən ərəfədə uşaqlıq çağlarını yaşayırdılar. Məhz həmin uşaqların vətənpərvərlik ruhunda tərbiyələnməsi müharibədə bizi qələbəyə aparan əsas amillərdən birinə çevrildi. Tərəddüdsüz deyə bilərik ki, torpaqlarımızın azad olunmasında iştirak edən gənclər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyevin idarəçiliyinin yetirmələridir.
Bu tarixi Qələbəni ictimaiyyət elə birbaşa Ulu Öndər Heydər Əliyevə, onun ideyalarına bağlayır. Əslində, bu prosesə ən doğru qiyməti, rəyi məhz tarixi Zəfərin müəllifi olan Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev verib. Onun dediyi kimi, Vətən savaşında əldə edilən qələbə Ulu Öndər Heydər Əliyevin ideyalarının tam həyata keçməsinin məntiqi nəticəsidir.
Qarabağın tək coğrafi deyil, həm də mənəvi-siyasi yüksəkliyi olan, Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşanın azad olunmasını xalqa bəyan edərkən də möhtərəm dövlət başçısı bu qələbəni Ümummilli Liderin vəsiyyətinin həyata keçməsi kimi dəyərləndirdi. Həm də qələbə müjdəsini Mehriban xanım Əliyeva ilə birgə Ulu Öndərin məzarını ziyarət edərək bütün dünyaya çatdırdı.
Prezident cənab İlham Əliyev Şuşaya son səfərlərində Ulu Öndərin Qarabağda yaratdığı milli mühit, qoruduğu mənəvi irs barədə həssaslıqla danışdı. Çünki proseslər onun gözləri qarşısında cərəyan edib, əksər hadisələrin canlı şahidi olub. Artıq gənc yaşlarında Ulu Öndərin Qarabağa, o cümlədən Şuşaya səfərlərini müşayiət edib, Qarabağ strategiyasından ən xırda elementlərinə qədər xəbərdardır. Möhtərəm Prezidentimiz üçün Şuşanın küçələri, məhəllələri, Vaqifin, Natəvanın və digər görkəmli şəxslərin məqbərələri, abidələri adi tarixi məkanlar deyil. O, bunları 70-80-ci illərdə Ulu Öndərlə birgə səfərlərində görüb, çoxunun açılışında iştirak edib, hər biri ilə bağlı təəssüratı var. Son aylarda qısa müddət ərzində Şuşaya dəfələrlə səfər etməsi, buradakı quruculuq işləri ilə xırda detalına qədər maraqlanması və prosesi özü ilə yanaşı, həm də Mehriban xanım Əliyevanın şəxsi nəzarətinə verməsi təsadüfi deyil. Cənab İlham Əliyevin Sərkərdəliyi ilə qazanılan Böyük Zəfər həqiqətən də Heydər Əliyev ideallarının təntənəsi, daha bir taleyüklü arzusunun gerçəkləşməsidir.
Necə ki bu gün Müzəffər Ali Baş Komandan onilliklərdən sonra Qarabağı Azərbaycanın suveren hüquqları çərçivəsinə qaytardı, eləcə də Heydər Əliyev 70-80-ci illərdə artıq itirilməkdə olan Dağlıq Qarabağı Azərbaycana qaytarmışdı.
Bu gün Qarabağın dirçəlişi, quruculuğu həyata keçirilir. Birmənalı olaraq, ən yüksək səviyyədə. Əgər Qarabağın dirçəlişini möhtərəm Prezidentimiz özünün fəaliyyət prioriteti elan edərək, prosesi birbaşa nəzarətinə götürübsə, əvvəlki işlərdə olduğu kimi, burada da ən uğurlu nəticələr əldə olunacaq.
Cənab İlham Əliyevin “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” sözlərinin tam mənası ilə əmələ çevrildiyini onun ötən 18 ildə həyata keçirdiyi möhtəşəm dövləti fəaliyyətin, xüsusilə də Vətən savaşının timsalında hər kəs görür. Prezidentimizin “Qarabağı Azərbaycanın cənnətinə çevirəcəyik” qərarının da qısa müddətdə reallaşacağına inanırıq.
Ali Baş Komandanın Qarabağ bölgəsinə davamlı səfərləri bu prosesdə mühüm yer tutur. Möhtərəm Prezident indiyədək Şuşa, Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Kəlbəcər, Laçın, Xocavənd rayonlarına dəfələrlə səfərlər edib. Azad edilmiş ərazilərin vəziyyəti ilə tanış olub, eyni zamanda yaradılmaqda olan infrastrukturların təməlini qoyub.
Bu səfərlərin real nəticələri var. İndi azad edilmiş bölgələrdəki hər bir şəhər və rayon üzrə layihələndirmə işləri gedir. Mühüm sahələr üzrə infrastruktur quruculuğuna, su, elektrik, qaz xətlərinin, yolların tikintisinə başlanılıb, bir çoxları isə artıq istifadəyə verilib. Dəmir yolu xəttinin inşası davam edir, ərazilərin minalardan təmizlənilməsi işləri intensiv aparılır. Füzuli Hava Limanının tikintisi başa çatdırılıb. Cənab Prezident İlham Əliyevlə qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da həmin Limanın açılışını etdilər. Laçın, Zəngilan Hava Limanlarının tikintisi isə davam etdirilir.
Bütün bu işlərin mərkəzləşdirilmiş şəkildə koordinasiya edilməsi və ərazidə xüsusi idarəçilik modelinin yaradılması sayəsində prosesin şəffaf və səmərəli həyata keçirilməsi təmin olunur. Bu bölgənin yenidən qurulması, iqtisadi potensialının bərpası Qarabağı yüksək rifaha malik regiona çevirəcək və Azərbaycanın iqtisadi inkişafına əsaslı töhfələrlə nəticələnəcək.
Xalqımız əmindir ki, tezliklə Qarabağda həyat yenidən canlanacaq, vaxtilə Heydər Əliyevin gülüstana çevirdiyi, qurub-yaratdığı Qarabağa Möhtərəm dövlət rəhbərimiz yeni həyat bəxş edəcək, onu yenidən inkişafa, rifaha qovuşduracaq. Regionda sabitliyin, əmin-amanlığın təmini, iqtisadi potensialın artması isə, eyni zamanda məhz Ali Baş Komandanın yaratdığı yeni reallıqlardan irəli gələn təhlükəsizlik amilinə çevriləcəkdir.
Ulu Öndər vaxtilə deyib: “Azərbaycan dünyaya Günəş kimi doğacaq”. Həqiqətən də bu gün ölkəmiz Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın simasında dünyaya bir Günəş kimi parlayır.
Nə qədər ki Azərbaycanda Heydər Əliyevin möhtəşəm siyasi kursu uğurla davam etdirilir, nə qədər ki cənab İlham Əliyev Azərbaycanı yeni və daha böyük hədəflərə doğru qətiyyətlə aparır, demək, xalqımız və dövlətimiz daha böyük zəfərlərə imza atacaqdır.
Siraqəddin CABBAROV,
Sabirabad Rayon İcra Hakimiyyətinin Başçısı