Oqtay MEHDİYEV,
Sabirabad Olimpiya
İdman Kompleksinin
direktoru
Prezident İlham Əliyev dəfələrlə xarici ölkələrin mətbuat orqanlarına “Dağlıq Qarabağ”a muxtariyyət verilməsi məsələsinin mümkün olmadığını bildirib. Dövlət başçısı İspaniyanın "EFE" informasiya agentliyinə müsahibəsində bu məsələ ilə bağlı bir daha deyib ki, "bu gün, müharibə bitəndən və münaqişə öz həllini tapdıqdan sonra bu, təkcə mənim mövqeyim deyil, bu, dünyanın, beynəlxalq ictimaiyyətin əksər hissəsinin mövqeyidir ki, artıq mövcud olmayan “qurumun” statusu haqqında danışmağın yeri yoxdur. Çünki Dağlıq Qarabağ mövcud deyil. Bizim ərazimizdə belə inzibati vahid yoxdur”.
Prezident İlham Əliyev müsahibə zamanı bir çox vacib məsələlərə toxunub. Dövlət başçısı bir daha dırnaqarası müharibə əsirləri ilə bağlı məsələyə aydınlıq gətirib. Bildiyiniz kimi, beynəlxalq konvensiyalara əsasən, hərbi əsirlər dedikdə, müharibə zamanı saxlanılmış və ya əsir götürülmüş insanlar başa düşülür. Azərbaycan da müharibə zamanı saxlanılmış bütün şəxsləri əməliyyatlar başa çatan kimi qarşı tərəfə dərhal qaytarıb. Hazırda isə Azərbaycanda bir dənə də olsun erməni hərbi əsir yoxdur.
Prezident İlham Əliyev müsahibə zamanı müharibə bitdikdən sonra Ermənistan tərəfindən Azərbaycan ərazisinə göndərilən 62 nəfərdən ibarət təxribatçı qrupdan söz açaraq deyib ki, "Ermənistan və bəziləri tərəfindən “müharibə əsirləri” adlandırılan, sonra saxlanılmış və artıq həbsdə olanlar bu kateqoriyaya daxil deyillər. Bu adamlar işğaldan azad olunmuş ərazilərə noyabrın sonunda - müharibənin başa çatmasından və Ermənistanın kapitulyasiya aktını imzalamasından iki həftə sonra göndərilənlərdir. Onlar azad etdiyimiz ərazilərdə dekabrın əvvəlində saxlanılıblar. Bunlar 62 nəfərdən ibarət olub və onların bəziləri cinayətlər törədiblər. Onlar bizim hərbçilərimizə hücum edib və dörd nəfəri qətlə yetiriblər. Yəni, bunlar müharibə əsirləri deyil, onlar azərbaycanlı mülki əhaliyə və hərbçilərə hücum etmək məqsədilə göndərilmiş terrorçu və diversiya qrupunun üzvləridir".
Azərbaycan Prezidenti və dövləti hər zaman sülhün və barışığın tərəfdarı olub. Ölkəmiz qalib tərəf olmasına baxmayaraq, bir neçə dəfə Ermənistanla dialoqa hazır olduğunu, eləcə də gələcəkdə iki dövlət arasında sülh sazişinin müzakirə edilib imzalanmasını təklif edib. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması Cənubi Qafqazda dayanıqlı sülhün təminatı və inkişaf üçün yeni perspektivlərin yaranması deməkdir. Artıq müharibə başa çatıb, münaqişə həll olunub. Ermənistan tərəfi də bu reallığı qəbul etməli, regionda sülhün bərqərar olması üçün konkret addımlar atmalıdır. Bu məsələdə Azərbaycanın mövqeyi aydındır. Cənubi Qafqazın sabit və təhlükəsiz regiona çevrilməsi çox mühümdür. Dövlət başçısı bununla bir daha haqlı olan Azərbaycanın konstruktiv, qarşıdurma arzulayan bir tərəf olmadığını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.