• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Türkədili Farmanın keçi fəryadı

  • 15.09.2021, 11:27, Baxış sayı:
  • 364
Türkədili Farmanın keçi fəryadı
Türkədili Farmanın keçi fəryadı
Sabirabad Məşğulluq mərkəzi vətəndaşın yaddaşında “qotur keçi”lərlə qalıb və yaxud vətəndaşın dövlətə olan inamını necə sarsıdırlar

Kənd sakini özünüməşğulluqdan imtina etmək istədiyini deyir: “Mənim ziyanımı ödəsinlər, heç nə istəmirəm. Bu özünüməşğulluq deyil, xalqı aldatmaqdır”.

Sabirabad rayonunun Türkədi kənd sakini Farman Salmanov özünəməşğulluq proqramına yoxsulluğa son qoyacağı ümidi ilə qoşulub. Ona 22 baş keçi verilib. Lakin heyvanların verilməsi zamanı məlum olub ki, vətəndaşa xəstə, qoca, qotur heyvanlar verilib. Bu, aztəminatlı ailəni daha da müflis etməkdən başqa bir şey deyil.
Azərbaycanda gerçəkləşdirilən özünüməşğulluq proqramı təqdirəlayiq olsa da, şikayətlər də yox deyil. Əsasən proqram çərçivəsində vətəndaşa dövlətin adından təqdim olunan inəklərin qısır, qoyunların, keçilərin qoca, xəstə, bəzi hallarda qotur olması haqlı narazılıq yaradır.
Sabirabad rayonunun Türkədi kənd sakini Salmanov Farman Raxman oğlu ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Məşğulluq Mərkəzi tərəfindən verilən keçilərin qoca və xəstə olmasından şikayətlənir.
F.Salmanov deyir ki, üzləşdiyi problemlərlə bağlı ölkə prezidentinə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və rayon rəhbərliyinə müraciət edib.
Salmanov Farman Raxman oğlu Sabirabad rayonunun Türkədi kənd sakinidir. 65 yaşı var. 3 illik uzun-uzadı yazışmalardan sonra onu “özünüməşğulluq” proqramına cəlb ediblər. Çox çək-çevirdən və 40 saatlıq təlimlərdən sonra ona 2019-ci ilin dekabrın 29-da 22 baş keçi veriblər.
Özü də soyuq və şaxtalı bir qış axşamında. Bu barədə Farman Salmanov ərizəsində yazır: ”Axşam saat 8-dən sonra maşının kapotu üstündə telefon və zajiqalka işığı ilə keçilərin qulağında olan birka nömrələrini qeyd edib, müəyyən sayda vərəqələrə imza atdırdılar. Üstəlik keçiləri almaq münasibətilə minnətdarlıq məktubuna da qol çəkdirdilər”.
Farman kişi də keçiləri maşından maşına yükləyib, sevinə-sevinıə gəlib Türkədiyə, yəni evinə. Səhər açılar-açılmaz keçilərinə əməlli-başlı baxmağa gedib. Nə görsə yaxşıdı. Keçilərin yarıdan çoxu ayaq üstə dura bilmir. Qoca, xəstə olduqlarından qabaqlarına qoyulan ota da matdım-matdım baxırlar.
F. Salmanov: “Keçilərin yarıdan çoxu ayaq üstə dura bilmirdi. Həmin keçilərin qoca, zəif və xəstə olduğu kənardan hiss olunurdu. Belə keçiləri çobanlar bazarlardan 20-30 manata alıb aparırlar və itlərinə yem edirlər. Demək belə çıxır ki, məşğulluq mərkəzi bizə itlərin payından kəsib xəstə keçiləri bizlərə sırıyıblar”.
Elə həmin vaxtda da Farman kişi keçiləri qaytarmaq üçün rayon məşğulluq mərkəzinə zəng edir. Saatlarla edilən zənglərinə cavab verilmədiyindən, özü durub məşğulluq mərkəzinə gedir. Deyirlər yeni il bayramıdır, 8 gündən sonra gələrsən.
Naəlac qalan ağsaqqal bütün yuxarı təşkilatlara məktublar yazır, teleqramalar vurur. Imdad diləyir ki, bu xəstə keçilər ölür, “ayağımda qalacaq”. Doğrudan da üstündən çox keçməmiş keçilərdən 7-si ölür və onların qulaqlarına vurulmuş birkaları yığıb yenə məşğulluq mərkəzinə gedir. Bu dəfə də onu min bəhanə ilə yola salırlar.
Birkalardan söhbət düşmüşkən F.Salmanov o barədə də ərizəsində belə yazır: “Keçilərin qulağında olan birkaların üzərində bir tərəfində nömrələr, o biri tərəfində isə “Aqrikom” sözü yazılmışdır. Yəqin ki. heyvanları alıb vətəndaşlara sırıyan şirkətin adı “Aqrikom”dur.
F.Salmanov: “Dövlət bu heyvanları vətəndaşına ona görə verir ki, vətəndaşı ondan faydalansın, gəlir əldə edə bilsin. Yoxsa əsəb və digər xəstəliyə tutulsun. Mənim 65 yaşım var, 18 aydır ki, mən bu zəif və xəstə keçilərin əsiriyəm. Dövlət bunu mənə 2 il ərzində satmağa qadağa qoyub. Bu 18 ayda mən nə qədər əziyyət çəkmişəm, hər gün onları otarmışam, buna bütün qonşular şahiddir. Onları yemləmişəm, xəstəliyə görə müalicə etdirmişəm. Nəticədə mənə külli miqdarda maddi və mənəvi ziyan dəyib. əsəblərim korlanıb. Bu 18 ayda müraciət etmədiyim rəsmi qurum qalmayıb, lakin heç bir qurum mənim müraciətimə baxmayıb. Mən bu keçilərə görə bütün imtiyazlardan məhrum olmuşam. Bildiyimə görə həmin 22 baş keçiyə dövlət tərəfindən 5000 manatdan artıq pul ayrılıb. Lakin mənə verilən 22 baş keçinin ümumi bazar qiyməti 1000-1200 manat təşkil edirdi. Üstəlik ölən və bala verməyən keçiləri nəzərə almasaq yerdə qalan keçilərin ümumi dəyəri 600-800 manat təşkil edir. Deyilənə görə keçilərin hər biri orta hesabla 220 manata rəsmləşdirilib. Indi görün nə qədər fərq yaranır”.
Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyinin müvafiq təşkilatları vətəndaşın dediyinə görə dövlətin 22 keçiyə ayırdığı 5000 manatın 4000-ini duru yerindən çırpışdırıblar. Dəftər-kitabda hər birini 220 manatdan hesablayıb bazardan hər birini 50-60 manata aldıqları qoca, xəstə belə qotur keçiləri verirlər kəndçiyə ki, məşğul ol. Qotur keçilərində ki, Farman kişidə olduğu kimi 2 aydan sonra 7-si ölür, bax beləcə də vətəndaşın dövlətə olan inamı sarsılır. Birkadakı “Aqrikom” isə milyonlar qazanır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblı “Vətəndaşa özünüməşğulluq proqramı çərçivəsində təqdim olunan heyvanları kim və haradan alır” sualına belə aydınlıq gətirib: “Heyvanlar satınalma qanunvericiliyinə uyğun olaraq bu prosesdə, deməli, iştirak edən podratçı şirkət tərəfindən Azərbaycanda satılan heyvan bazarlarından satın alınır. Burada qeyri-adi heç bir şey yoxdur”.
HAŞİYƏ:
Nazirliyin mətbuat katibi deyir ki, heyvanın fiziki göstəriciləri, real vəziyyəti vətəndaşı, kəndçini, biznes-plan tərtib etmiş vətəndaşı qane etmirsə, heyvanları qəbul etmir: “Heyvanlar vətəndaşı qane eləməyincə, vətəndaş aktı imzalamır. Əgər qanunla bu cür baş verirsə, vətəndaş şikayətçi necə ola bilər?”
F.Salmanov isə iddia edir ki, onlara heyvanları axşam qaranlığında veriblər və elə orda da tez-tələsik akta imza atdırıblar.
BAX BELƏ... ALDANMAYIN...
Kənd sakini özünüməşğulluqdan imtina etmək istədiyini deyir: “Mənim ziyanımı ödəsinlər, heç nə istəmirəm. Bu özünüməşğulluq deyil, xalqı aldatmaqdır”.

İ.DƏMİRQAYA,
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter