Azərbaycanın Milli Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin şəhid polkovnik-leytenantı Murad Mirzəyevin büstü hazırlanıb.
Büstü gənc heykəltəraş Leyla Məmmədova ərsəyə gətirib.
Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı, Milli Qəhrəman Murad Mirzəyev 1976-cı il martın 31-də Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub.
Murad Mirzəyev 1994-cü ilin iyun ayında Türkiyə Ali Hərbi Quru Qoşunları Məktəbinə daxil olmuş və 1998-ci ildə həmin məktəbi motoatıcı ixtisası üzrə birinciliklə bitirmişdi.
Zabit diplomunu və xatirə “Qılınc və məzun üzüyü”nü o zaman Murada Ümummilli Lider Heydər Əliyev və Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl təqdim etmişdi. 600 nəfər yerli və əcnəbi hərbçi məzun arasından Murad birinci seçilərək “Onur başkanı” təyin olunmuşdu. 1998-ci ilin sentyabrından “Eyirdir dağ komando” məktəbində 3 aylıq kurs keçmiş, 1999-cu ilin yanvar ayından İstanbulda yerləşən “Tuzla piyada məktəbi”ndə yeni kursa göndərilmiş və həmin ilin iyul ayında kursu müvəqqətiyyətlə bitirmişdi. 1999-cu ilin iyul ayından Türkiyə Silahlı Qüvvələrinin 4-cü motoatıcı briqadasında taqım komandiri vəzifəsində xidmət etmişdi. O, 1999-cu ilin oktyabr ayından Azərbaycan Respublikasının Müdafiə nazirinin əmrinə əsasən motoatıcı taqım komandiri, 1999-cu ilin dekabr ayından kəşfiyyat bölüyündə kəşfiyyat taqım komandiri vəzifəsində xidmət etmişdi. 2000-ci ildən 2016-cı ilədək xüsusi təyinatlı qrup komandirinin müavinliyindən xüsusi təyinatlı hərbi hissənin komandiri vəzifəsinə qədər yüksəlmişdi. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Qüsursuz xidmətə görə” (2 dəfə), “Hərbi xidmətdə fərqlənməyə görə” (2 dəfə), “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yubiley medalı” (3 dəfə) olmaqla 7 fəxri medalla təltif edilmişdi.
Murad Mirzəyev 2005–2007-ci illərdə Amerika Birləşmiş Ştatlarının Virciniya ştatında ingilis dili və xüsusi təyinatlılar üçün nəzərdə tutulmuş “Ranger” kursunda hərbi təhsil almışdı. Qeyd edək ki, xüsusi təyinatlılar üçün nəzərdə tutulan “Ranger” müasir hərbin ən ağır təlimli və ən çətin kurslarından hesab edilir. Murad təlim nöqtələrində normativləri amerikalı və ingilislərdən də cəld yerinə yetirərək, bu çətin kursu müvəffəqiyyətlə bitirən ilk və yeganə azərbaycanlı olmuşdu. Sonrakı illərdə Türkiyə, Rumıniya və İordaniya Krallığında keçirilən hərbi kurslarda iştirak etmiş və təlimləri üstün dərəcə ilə başa vurmuşdu. Xidmətləri daim Azərbaycan Silahlı Qüvvələrinin ən peşəkar və yüksək hazırlıqlı zabitlərindən biri kimi qiymətləndirilmişdi.
2–5 aprel 2016-cı il tarixlərində keçirilən hərbi əməliyyatlarda, Talış kəndi ətrafında Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin zabiti, polkovnik-leytenant Murad Mirzəyev döyüş tapşırığını yerinə yetirərkən çox böyük şücaət və igidlik göstərmiş, komandiri olduğu hərbçilərlə birlikdə yüzlərlə ermənini məhv etmiş və tutduğu mövqeyi bir addım belə tərk etmədən son damla qanına qədər vuruşaraq qəhrəmancasına şəhid olmuşdur.
Şəhid zabitin nəşi aprelin 10-da Beynəlxalq Qırmızı Xaçın vasitəçiliyi ilə döyüş meydanından götürülərək Azərbaycana təhvil verilib. M.Mirzəyev aprelin 11-də İkinci Fəxri xiyabanda dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2016-cı il 19 aprel tarixli sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə polkovnik-leytenant Mirzəyev Murad Telman oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
“Muğanın səsi”