Rayonda 8 mindən çox abonentin qaz təchizatı yaxşılaşdırılır
“Azəriqaz” İstehsalat Birliyi Sabirabad rayonunda da 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq işlərini davam etdirir.
Sabirabad rayonunun Muğan prospektində istismar müddəti başa çatmış diametri 159 mm olan yeraltı qaz xətti yerüstü qaz xətti ilə əvəz edilir. Muğan prospekti və Bulaqlı kəndini əhatə edəcək yerüstü qaz xətti hazır olduqdan sonra 698 abonentin və qeyri-istehlakçıların qaz təchizatı xeyli yaxşılaşacaq. 1.400 metr uzunluğunda çəkilən yeni qaz xətti payız-qış mövsümündə təbii qazın normal rejimdə verilməsinə imkan yaradacaq.
Sabirabad rayonu, Kürətrafı ərazidə yaşayan 1.700 abonentin də qaz təchizatı xeyli yaxşılaşdırılıb. Rayonun Şərifzadə küçəsindən E.Qəmbərov küçəsinə 628 metr uzunluğunda müxtəlif diametrli əlaqələndirici xətt çəkilib. Bundan əlavə, Suqovuşan kəndində yerləşən qaz paylayıcı stansiyadan 1991-ci ildə çəkilmiş qaz xəttinin əvəzlənməsi işləri də həyata keçirilir. Diametri 219 mm olan şəhərin dairəvi orta təzyiqli qaz xəttinin korroziyaya uğramış 450 metr hissəsinin yenilənməsi artıq yekunlaşıb. Sabirabadda 2 .300 metrlik istismar müddəti başa çatmış digər qaz xətti də təmir olunur. Belə ki, mövcud borunun 1.700 metri polietilen, 600 metri isə polad boru ilə əvəzlənərək yenilənir. Yeni xətt tam hazır olduqdan sonra 6 min abonentin qaz təchizatı xeyli yaxşılaşdırılacaq.
“Azəriqaz” İstehsalat Birliyi 2021-ci ilin əvvəlindən etibarən həm 1-ci Qarabağ müharibəsinin iştirakçıları, həm də Vətən müharibəsinin qazi və şəhid ailələrinin müraciətlərini qeydə almağa başlayıb.
Bununla bağlı müvafiq strukturlarda məsul şəxslər ayrılıb və tərtib olunan tədbirlər proqramı əsasında qeyd edilən kateqoriyadan olan insanların qaz təsərrüfatına dair problemlərinin həllinə çalışılır.
Bu müraciətlər təmin edilərkən əgər qazi və ya şəhid ailəsinin yaşadığı küçədə, məhəllədə digər təbii qazdan istifadə edə bilməyən fərdi yaşayış evləri də varsa, Birliyin daxili imkanları hesabına həmin ərazidə küçə xətlərinin çəkilməsi də təmin edilir.
Bu günlərdə daha bir neçə qazi ailəsinin yaşadığı evlərin qazlaşdırılması yekunlaşıb.
Sabirabad rayonunun Qalağayın kənd sakini Ramil Məhərrəmovun Vətən müharibəsində döyüş yolu Cəbrayıldan başlayıb, daha sonra Füzuli, Qubadlı və Şuşa uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. Qazinin Sabirabad rayonunda 2 ildir inşa olunan yeni fərdi yaşayış evində təbii qazın olmaması onun ailəsi üçün xeyli çətinlik yaradırdı. Bu səbəbdən o, müharibədən qayıtdıqdan sonra “Azəriqaz” İstehsalat Birliyinə müraciət edib və təbii qazın çəkilişi təmin olunub.
Bu istiqamətdə işlər davam etdirilir.
“Muğanın səsi”