Azərbaycanda mütərəqqi islami dəyərlər və ənənələr həmişə uca tutulmuşdur. İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman aləmində olduğu kimi, ölkəmizdə də hər il xüsusi təntənə ilə, bütün adət və ənənələri yerinə yetirilməklə qeyd olunur.
Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.Bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və ayinin də əsasında, orucluqda olduğu kimi xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur. Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın. Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər.Qurbanlığın şərtlərindən biri də budur ki, qurban kəsmək yalnız buna imkanı olan varlı adamların boynunda haqdır. İmkanı olmayan adama isə qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün borc pula heyvan almaq İslamda təqdir olunmur, çünki bu bayramın əsas mahiyyəti zənginlərlə imkansızların birliyi, qardaşlığıdır. Bu bayramda hamı sevinməlidir: varlılar-Allaha xoş gedən əməli icra etdikləri və kasıbları sevindirdiklərinə görə, kasıblar isə-dünya nemətindən əldə etdiklərinə və başqalarından gördükləri mərhəmətə və qayğıya görə.
Arzu edirik ki, bu bayram Azərbaycan xalqına dinclik, bolluq və bərəkət gətirsin. Kəsdiyiniz qurbanların, etdiyiniz duaların Allahdan qəbul edilməsini diləyirik.
Qurban bayramınız mübarək olsun!
Afaq Cabbbarlı,
YAP Sabirabad rayon təşkilatının üzvü