Sabirabadda 120 yaşlı “Köhnə hamam” dağılmaq təhlükəsi ilə qarşı-qarşıyadır.
Sabirabad rayonu, Füzuli küçəsi, 27 ünvanında yerləşən “Köhnə hamam” Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülüb. İlkin görünüşünü qoruyub saxlasa da, hazırda baxımsız haldadır. Sabirabad rayonu üzrə dövlət qeydiyyatına alınan 17 yerli əhəmiyyətli tarixi memarlıq abidəsindən biridir.
Ancaq bu günədək bu abidənin bərpası üçün daş daş üstünə qoyulmayıb. Bir əsrdən çox yaşı olan “Köhnə hamam” gözgörəsi dağıdılır.
Görün işin harasıdır ki, aidiyyatı qurumlar tarixi abidəni satmaq fikrinə düşmüşdülər. Belə olmasaydı hərraca çıxartmazdılar. Yenə sağ olsunlar vətənpərvər oğullarımız, xüsusilə hamamı inşa etdirən Seyid Mirmusanın nəticəsi Mirismayıl Tağıyev. Ciddi müqavimətdən sonra hərrac dayandırıldı.
Ancaq yenə də düşmən xislətli adamlar-işbazlar “Köhnə hamam”ı alver predmetinə çevirmək üçün dəridən-qabıqdan çıxırlar. Yurduna-yuvasına dönüklər yenə iş başındadırlar. Tariximizi silmək üçün bütün rəzilliklərə gedirlər. Binanın ətrafındakı 100 illik ağacların dibinə benzin töküb yandırıblar ki, ağaclar quruyub hamamın üzərinə aşsın.
Tariximizə, keçmişimizə qənim kəsilənlər unutmasınlar ki, tarixinə arxa çevirənlər öz xalqına arxa çevirənlərdir.
Tarixi abidəni qoruyub saxlamaq hər kəsin işidir. Binaya “həyat “ vermək bu gün ümdə məsələdir. Kim etməlidir?
Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, “Qeyd olunan abidə Sabirabad rayon Kommunal Müəssisələri Kombinatının balansındadır. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq abidənin təmir-bərpa olunması balansında və ya istifadəsində olan qurum tərəfindən aparılır. Abidənin üzərində aparılacaq işlərin layihəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alınmaqla Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən təsdiq edilməli və görüləcək işlər Dövlət Xidmətinin mütəxəssislərinin nəzarəti altında həyata keçirilməlidir”.
Cavabdan görünür ki, “Köhnə hamam”ın təmirini balansında olduğu Kommunal Müəssisələri Kombinatı etməlidir.
Bəs tarixi abidənin təmiri niyə ildən-ilə yubadılır. Elə bu sualla da Sabirabad Kommunal Müəssisələri Kombinatının direktoru Hüseynxan Məlikova müraciət etdik. O, dedi ki, 15 ildən çöxdur ki, bir qəpik də vəsaitimiz yoxdu: Əmək haqqı almadan müdir kimi Kombinatda ancaq adım gedir. Vəsaitsiz hansı təmirdən danışmaq olar. Qaldı abidənin hərraca çıxarılmasına. 2013-cü ildə belə bir iş olmuşdu. Ancaq “Köhnə hamam”ın yerli tarixi abidə olmasından xəbərimiz olmayıb. Bilən kimi, Əmlak idarəsi hərracı dayandırdı.
Sabirabad Azərbaycanın iki böyük çayının-Kürlə Arazın qovuşduğu məkandır. Əsrlərlə bu çaylar dəfələrlə məcrasından çıxıb, sel-su ətrafı götürüb. Ərazidə sel,daşqınlar tarixin bütün izlərini özü ilə yuyub aparıb.
İndi rayonun ərazisində tarixi çox da uzağa getməyən belə abidələr barmaqla sayılası qədər azdır.
Gəlin olanmızı da itirməyək, qoruyaq. Təmir edib gələcək nəsillərə ötürək.
Biz redaksiya olaraq sahibkarlardan da təşəbbüs gözləyirik. Bəlkə onlar qabağa düşdülər. Abidəmizi əvvəlki görkəminə qaytardılar.
Ancaq ən çox ümid yerimiz mədəniyyətimizə həmişə arxa duran Mədəniyyət Nazirliyidir.
İ. DƏMİRQAYA,
“Muğanın səsi”