Azərbaycanın qədim şəhəri olan Şuşa 29 ildən sonra ilk dəfədir may ayının 8-ni azad şəkildə qarşıladı. Uzun illər 8 may tarixini Şuşa şəhərinin işğal günü kimi qeyd edən Azərbaycan xalqı Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi iradəsi və Azərbaycan Ordusunun gücü sayəsində ilk dəfə olaraq bu günü sevinclə qeyd etdi.
1992-ci il mayın 7-dən 8-nə keçən gecə erməni hərbi birləşmələri 11 min nəfərlik qoşunla üç istiqamətdən Şuşa şəhərinə hücum edib və Qala şəhəri işğal olunub.
İşğal nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox insan etnik təmizləməyə məruz qalıb.
Azərbaycan xalqı üçün müstəsna tarixi, mədəni, mənəvi və rəmzi əhəmiyyətə malik olan, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan Şuşa şəhərinin işğalı ilə Azərbaycan xalqının maddi-mədəni və mənəvi irsinə ağır zərbə vurulub.
Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, 160-dək mədəniyyət və tarixi abidə dağıdılıb, məbədgah və məscidlər təhqir və vandalizmə məruz qalıb, çox sayda nadir əlyazma nümunələri məhv edilib. Bundan əlavə, 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif və kənd təsərrüfatı texnikumları, orta ixtisas musiqi məktəbi, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 3 muzey, turizm bazası, şərq musiqi alətləri fabriki dağıdılıb, 20 kitabxana yandırılıb, misilsiz əlyazma nümunələri məhv edilib, müqəddəs məbəd və məscidlər təhqir edilib.
Ölkənin mədəniyyət beşiyi sayılan Şuşa şəhərinin işğal günü 28 il xalqımız tərəfindən ürək ağrısı ilə qeyd edilib. Dünya azərbaycanlıları daima qəlbində yaşatdığı Şuşanın bir gün azad olunacağı ümidini isə heç bir zaman itirməyib. Buna səbəb xalqın öz liderinə, onun sözlərinə, vədlərinə inanması olub. Xalqın Şuşanın azad olunacağına inamı məhz Azərbaycanın ümummilli lideri Heydər Əliyevin, eləcə də Prezident İlham Əliyevin dəfələrlə çıxışları və müsahibələri zamanı verdiyi vədlərlə daha da artıb. Elə bu inamla verilən vədlərin gerçəkləşməsi nəticəsində Şuşa öz azadlığına qovuşub.
Əziz Şuşa, sənə azadlıq yaraşır...
Sevinc Sadıqova,
Cəngən kənd tam orta məktəbin direktoru