Vətən müharibəsində Azərbaycan gənclərinin torpağa bağlılığı, yurd sevgisi, gücü-qüvvəsi, nəyə qabil olduğu açıq şəkildə nümayiş olundu. Müharibənin aktiv fazası cəbhədə cərəyan etsə də, ondan kənarda baş verən proseslərin idarə olunmasına, zəfərə aparan digər siyasi və təşviqat-təbliğat yönümlu həmlələrin dəstəklənməsinə, nəticə etibarı ilə ölkə imicinə xeyir verən trendlərin formalaşmasına vəsilə olmaq, əslində, gəncliyimizin qarşısında duran ən məsuliyyətli vəzifə idi. Düşmənə cəbhədə dəstək olan qüvvələr Azərbaycanın imicini ləkələmək, həmçinin bizi haqlı mübarizədən çəkindirmək yolu ilə erməniləri xilas etmək xəyalları ilə çırpınır, bunun üçün bütün imkanlarından istifadə edirdilər. Lideri ilə eyni hissləri bölüşən gənclik, ölkə rəhbərinin yerli televiziyalarda söylədiyi nitqləri, həmçinin dünyanın aparıcı media qurumlarına verdiyi qətiyyətli müsahibələri diqqətlə izləyərək daha sarsılmaz iradə ilə düşmənlərimizə qarşı müxtəlif dillərdə bütün sosial platformalarda mübarizə aparır, Azərbaycanın haqlı savaşından vaz keçməyəcəyini, hamılıqla yalnız qələbə üçün səfərbər olduğumuzu dünyaya bəyan edirdilər. Təbii ki, mübariz xalqın və uğurlu iqtidarın bu birliyi, nəinki ermənilərin, eləcə də anti-Azərbaycan qüvvələrin tarixi məğlubiyyəti üçün lazımi platformanı təmin etmişdir. Azərbaycan Prezidenti xalqa müraciəti zamanı bu məqamı dəqiq ifadə edərək demişdi: “Bizim yolumuz ədalət yoludur və beynəlxalq hüquq yoludur. Biz beynəlxalq hüququn kənarında bir iş görməmişik. Ancaq demişəm ki, güc amili ön plana çıxır və biz buna hazır olmalıyıq və hazırlıq işləri gedirdi, bütün bu illər ərzində, həm iqtisadi sahədə, həm beynəlxalq münasibətlər sahəsində, ilk növbədə, ordu quruculuğu sahəsində. Bu gücü topladıq, lazım olan anda vurduq, əzdik düşmənin başını. Elə əzdik ki, onu əbədi yadda saxlayacaq, əbədi . O damğanı vurduq”.
Bütün sadalanan proseslər Azərbaycan xalqının tarixində misli görünməmiş qələbənin təntənəsi ilə bərabər, Prezidentə sonsuz inam üçün daha böyük stimul formalaşdırdı.
Biz Vətən müharibəsindəki milli birliyimizlə, vəhdətimizlə dövlət rəhbərimizin nadir siyasəti ətrafında birləşib dəmir yumruğa çevrildik. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, yaşından, dini inancından, təcrübəsindən asılı olmayaraq cəmiyyətimizin bütün üzvləri, xüsusilə gənclər bu yolda gücünü əsirgəmədi. Bu həm gücdür, həm birlikdir, həm də qüdrət və həmrəylikdir. Doğma Vətənin hər qarış torpağına yenilməz məhəbbətdir.
Əsrin qələbəsi kimi qiymətləndirilən zəfərimizin memarının adı xalqın qəlbində əbədi həkk olundu. Bəli, bu il qalib Azərbaycan gəncləri, həmişəkindən fərqli olaraq xüsusi hiss və qürurla öz “Gənclər günü”nü qeyd etdilər. Bu gəncliyin güclü lideri var. Qalib gənclik öz liderinə, Azərbaycan Prezidenti İlham Əliyevə həmişə sadiq və minnətdardır!
Qönçə Cahangirova,
N.Nərimanov adına 2 saylı Sabirabad
şəhər tam orta məktəbin ingilis-alman dili müəllimi