10 noyabrda imzalanan Üçtərəfli razılaşmaya əsasən, ermənilər keçmiş Əsgəran rayonunun Şelli kəndini də boşaltmağa başlayıblar.
“Muganinsesi.az” Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Bundan başqa Azərbaycana təhvil verilən kəndlər arasında Əsgəranın Xaçındərbətli kəndi də var.
Məlumatda keçmiş Əsgəran rayonunun daha bir neçə kəndinin isə Azərbaycan Ordusu tərəfindən azad edildiyi xatırladılıb.
Qeyd edək ki, Azərbaycanda Əsgəran inzibati rayonu ləğv edilib və onun kəndləri Xocalı rayonuna birləşdirilib. Bir neçə kənd isə Ağdam rayonuna daxil edilib.
Ermənilərin təhvil verməyə hazırlaşdığı Şelli və Xaçındərbətli kəndləri Ağdam rayonuna aiddir.
Azərbaycan Ordusu isə Xocalı rayonunun Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Şuşakənd, Muxtar, Daşaltı kəndlərini 9 noyabr 2020-ci ildə işğaldan azad edib.
Bundan əlavə, ötən gün ləğv edilən Ağdərə rayonunun Ağdam rayonunun tərkibinə verilmiş 5, Tərtər rayonunun tərkibinə verilmiş 2 kəndi də ermənilər tərəfindən boşaldılıb. Bu kəndlər də 20 noyabra qədər Azərbaycana təhvil verilməlidir.