14 iyul 1969-cu il Azərbaycanın salnaməsinə tarixi dönüş ili kimi daxil olmuşdur
Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin respublikamızda ilk dəfə siyasi rəhbərliyə başlamasından 53 il ötür. 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə cəmiyyət həyatının bütün sahələrində tamamilə yeni dövr başladı, respublikamızda böyük intibahın təməli qoyuldu. Ulu Öndərin təşəbbüskarlığı, əzmkar fəaliyyəti tezliklə Azərbaycanı keçmiş ittifaqın inkişaf etmiş respublikaları sırasına çıxardı. Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək əslində həm də gələcək müstəqilliyin təmin olunmasına xidmət etdi.
Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyev ölkəmizin taleyində və inkişafında müstəsna dərəcədə böyük rolu və xidmətləri olan qüdrətli tarixi şəxsiyyətdir. Heydər Əliyev Azərbaycan xalqının əbədiyaşar Ümummilli Lideri və müstəqil dövlətçiliyinin rəmzidir.
Görkəmli dövlət xadimi Heydər Əliyev 14 iyul 1969-cu il tarixdə Azərbaycan Respublikasında dövlət rəhbərliyinə gəlmişdir. Bu tarix Azərbaycan Respublikasının taleyində böyük dönüşün və yeni bir epoxanın başlanğıcı olmuşdur. Azərbaycanda böyük inkişaf və intibah da həmin şərəfli tarixdən başlanmışdır.
14 iyul 1969-cu il hadisəsi Azərbaycan xalqını iqtisadi-mədəni gerilikdən, o vaxta qədərki torpaqlarımızı itirilmə təhlükəsindən xilas etmiş, ərazi bütövlüyümüzə təminat vermiş, ölkəmizin hərtərəfli inkişafının hərəkətverici qüvvəsinə çevrilmişdir.
Bu mənada 14 iyul 1969-cu il Azərbaycanın salnaməsinə tarixi dönüş ili kimi daxil olmuşdur.
1969-cu ildə Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi ilə Azərbaycan tarixinə, milli soykökə, qan yaddaşına, iqtisadi inkişafa, milli-mənəvi tərəqqiyə dönüş mərhələsi başlandı. Heydər Əliyev Kremlin iqtisadi və mədəni asılılıq siyasətindən məharətlə yayınmaqla ittifaq miqyasında hökm sürən ümumi prinsip və qaydalardan kənara çıxaraq, mümkün imkanlardan həssaslıqla istifadə edib Azərbaycanı sürətli tərəqqi yoluna yönləndirir, respublikanın zəngin təbii sərvətlərini, əqli və intellektual potensialını gələcək müstəqil dövlətin əsaslarının yaradılması naminə səfərbər edirdi.
1960-cı illərin sonunda Azərbaycan iqtisadi inkişafın ən mühüm göstəricisi sayılan milli gəlirin artımına görə digər sovet respublikaları sırasında axırıncı yeri tuturdu. Respublikada əsaslı vəsait qoyuluşunun azlığı, elmi-texniki nailiyyətlərin tətbiqinə diqqət yetirilməməsi, əsas fondların aşınması, yeni sənaye sahələrinin yaradılmasına yarıtmaz münasibət ölkənin dinamik inkişafına imkan vermirdi. Sənaye müəssisələrinin 90 faizi ittifaq tabeçiliyində idi. Əsaslı vəsait qoyuluşu, investisiya və infrastruktur siyasəti, məqsədli proqramların hazırlanması ölkənin iqtisadi siyasətinin tərkib hissəsi kimi mərkəzdə formalaşdırılırdı. Bu problemlərin həllində dönüş yaratmaq o qədər də asan deyildi. Bütün bu və digər ciddi çətinlikllərə baxmayaraq, Heydər Əliyev Azərbaycana yüksək əsaslı vəsait qoyuluşu strategiyasını həyata keçirməyə müvəffəq oldu. Azərbaycanın 1970-1980-ci illərdə iqtisadi sahədə əldə etdiyi böyük uğurlar - iqtisadiyyatın yeni sahələrinin yaradılması, sənaye istehsalının sürətli artımı, yüzlərlə nəhəng sənaye müəssisələrinin işə salınması, kənd təsərrüfatının dinamik inkişafı özlüyündə siyasi müstəqilliyə xidmət edirdi. Çünki ölkənin siyasi müstəqilliyini şərtləndirən başlıca amil onun iqtisadi qüdrətidir.
Böyük dövlət xadimi Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycanda yüksək iqtisadi, elmi, intellektual, kadr, energetika, infrastruktur potensialı formalaşdırmaqla bugünkü müstəqil dövlətçiliyin bünövrəsini yaratdı, onun yaşamasına tarixi şans verdi. Heydər Əliyevin rəhbərliyi ilə sovet dövründə Azərbaycanda görülən və intibahı şərtləndirən işlərdən biri də təhsilə xüsusi diqqət yetirilməsi, Azərbaycan dilinə dövlət dili statusu verilməsi olmuşdur. Hər il minlərlə gəncin Sovet İttifaqının böyük şəhərlərindəki nüfuzlu ali məktəblərə göndərilərək gələcək müstəqil dövlətin ixtisaslı kadrlara ehtiyacını ödəmək məqsədilə təhsil almaları təmin edilirdi. Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması, azərbaycanlı gənclərin hərbi təhsilə cəlb olunması, minlərlə zabitin hərb sənətinə dərindən yiyələnməsi ölkəmizin bugünkü müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə əvəzsiz töhfələr verdi. Qəbul olunmuş qərarlarla respublikanın sənaye əsasında inkişaf etdirilməsi, iri cihazqayırma, radiotexnika, elektrotexnika, neft maşınqayırma müəssisələrinin yaradılması və təkmilləşdirilməsində yeni mərhələnin başlanğıcı qoyuldu. Təsadüfi deyildir ki, bu illər Azərbaycanın quruculuq tarixinə sürətli inkişaf dövrü kimi daxil olmaqla iqtisadi və sosial tərəqqiyə, struktur islahatlarının xarakterinə, xalqın maddi rifahının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına görə yeni tariximizin intibah mərhələsi kimi daxil olmuşdur.
Heydər Əliyev idarəetmə fəlsəfəsinin fonunda görülən işlər xalqın milli dövlətçilik məfkurəsini daha da inkişaf etdirmişdir. Bu dahi şəxsiyyət Azərbaycanın inkişaf potensialını sistemləşdirərək milli maraqlarımızı müdrikliklə reallaşdıra bilmişdir.
1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilən Heydər Əliyev 5 il bu nəhəng ölkənin rəhbərlərindən biri kimi dünyada gedən qlobal proseslərin fəal iştirakçısına çevrildi. Bu vəzifəsində də mövcud imkan və səlahiyyətlərindən maksimum istifadə etməklə Azərbaycanın hərtərəfli tərəqqisinə çalışan böyük dövlət xadimi mərkəzi büdcənin geniş investisiya imkanlarını respublikamıza yönəltməklə elmin, təhsilin, mədəniyyətin, iqtisadiyyatın əsaslı şəkildə inkişafına tarixi töhfələr verdi.
1987-ci ildə görkəmli dövlət xadimi Heydər Əliyev istefaya getdikdən sonra erməni separatçıları və imperiya mərkəzi tərəfindən ortaya atılmış Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünə, vətəndaşlarımızın konstitusion hüquqlarına qarşı yönəldilmiş təcavüz aksiyası idi. Bu bənzərsiz ədalətsizliyə qarşı etiraz səsini ucaldan xalqa SSRİ rəhbərliyi vəhşicəsinə divan tutdu. Ayağa qalxan xalqın iradəsini qırmaq, mərkəzin qərarlarını qeyd-şərtsiz qəbul etdirmək üçün 1990-cı il yanvar ayının 20-də sovet ordu hissələri Bakıya yeridilərək qanlı qırğın törədildi. Heydər Əliyevin Azərbaycandan ayrı salındığı dövr ölkəmizin tarixində Kremlin ağır repressiyaları, erməni təcavüzü, qanlı müharibə, torpaqlarımızın işğalı, soydaşlarımızın qətli və deportasiyası, iqtisadi, siyasi və hərbi böhranlarla müşahidə olundu. Ulu Öndərin, görkəmli dövlət xadiminin xalqdan ayrı salınması Azərbaycanın ölçüyəgəlməz itkilərlə üzləşməsinə səbəb oldu. Heydər Əliyev yaranmış ağır vəziyyəti görür və hər vəchlə xalqının yanında olmağa, onu məkrli düşmənlərin çirkin planlarından hifz etməyə çalışırdı.
Ulu Öndər 1990-cı ilin iyulunda çox çətinliklə Azərbaycana qayıda bildi. Lakin Moskvanın müti köləsinə çevrilmiş respublika rəhbərliyi də, hakimiyyət uğrunda mübarizədə ən çirkin vasitələrdən belə çəkinməyən avantürist qüvvələrin cəmləşdiyi AXC-Musavatda Heydər Əliyevin Bakıya qayıdışından əndişələnir, onun aradan götürülməsi üçün yollar arayırdılar. Yaranmış gərgin durumu düzgün dəyərləndirən Ümummilli Lider Naxçıvana getməyə qərar verdi. Beləliklə, Heydər Əliyevin məşəqqətli, lakin tarixi fəaliyyətinin Naxçıvan dövrü başlandı. Amma onun fəaliyyət coğrafiyası nəinki Naxçıvanla məhdudlaşır, hətta Azərbaycan çərçivəsinə belə sığmırdı. Naxçıvanda Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizənin ən parlaq səhifələri yazılırdı. Lakin odövrkü hakimiyyət millətin və torpaqlarımızın taleyini düşünmək, Dağlıq Qarabağda və onun ətrafında, Ermənistanla sərhəd rayonlarda təcavüzə məruz qalmış kənd və şəhərlərimizi, soydaşlarımızı düşmənin caynağından xilas etmək əvəzinə Heydər Əliyev kimi dahi şəxsiyyəti susdurmaq, bütün proseslərdən kənarda saxlamaq, hətta onun fiziki cəhətdən məhvinə çalışırdı.
Respublikanı belə çətin durumdan yalnız böyük və zəngin dövlətçilik təcrübəsinə malik olan, xalqını sevən müdrik dövlət xadimi Heydər Əliyevin xilas edə biləcəyini düşünən ziyalılar onun Azərbaycanın siyasi rəhbərliyinə gəlməsinə nail olmağa çalışırdılar. Əslində, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın siyasi hakimiyyətinə gəlməsi ilə bağlı getdikcə güclənən çağırışlar xalqın, cəmiyyətin sosial sifarişi idi. Ölkə vətəndaşları Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə qayıdışını əngəlləməyə çalışan və bunun üçün müxtəlif üsullardan yararlanmaq istəyən respublikanın ovaxtkı yarıtmaz rəhbərlərinin qeyri-demokratik addımlarına qarşı etiraz səslərini qaldırırdılar. Gündən-günə pisləşən ictimai-siyasi vəziyyət, vətəndaş itaətsizliyinin, sosial-iqtisadi böhranın dözülməz həddə çatması xalqın haqlı tələbini daha da gücləndirirdi.
Zaman XX əsrin yetişdirdiyi ən qüdrətli şəxsiyyətlərdən biri, müdrik siyasətçi olan Heydər Əlirza oğlu Əliyevin üzərinə daha böyük missiya qoydu. Yeni Azərbaycan Partiyasının yaranmasından az bir müddət keçəndən sonra Ulu Öndər 15 iyun 1993-cü ildə xalqın təkidli tələbindən sonra siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanın çağdaş tarixində yeni bir şərəfli səhifə açdı. Onun qayıdışı partiyanın təsis konfransından keçən qısa müddət ərzində ölkənin ən böyük siyasi güc mərkəzlərindən birinə çevrilmiş YAP-ı da hakimiyyətə gətirdi və bu siyasi təşkilat Azərbaycanda dövlət quruculuğu, demokratikləşmə prosesinin hərəkətverici qüvvəsi kimi çıxış etdi.
Ulu Öndər Heydər Əliyevin Azərbaycanın qurtuluşu üçün atdığı məqsədyönlü addımların real nəticələri isə elə ilk günlərdən özünü göstərməyə başladı. Ölkə parçalanmaq təhlükəsindən xilas oldu, vətəndaş müharibəsi qorxusu, anarxiya, itaətsizlik təzahürləri aradan qaldırıldı, qanunsuz silahlı dəstələr ləğv edildi, respublikada kriminogen vəziyyət nizamlandı, ictimai-siyasi sabitlik bərqərar oldu. Bu siyasət Azərbaycanda demokratik cəmiyyətin əsaslarını formalaşdırmaqla bərabər, insanların gələcəyə olan ümidlərini artırdı, müstəqil dövlətçiliyimizi möhkəmləndirdi. Azərbaycan bir sıra beynəlxalq təşkilatların bərabərhüquqlu üzvü seçildi. Müdafiə və təhlükəsizlik sahəsində böyük işlər görüldü. Ermənistan atəşkəs sazişini imzalamağa məcbur oldu.
1993-2003-cü illərdə Heydər Əliyevin gərgin əməyi və qətiyyəti sayəsində yeni, müasir Azərbaycan dövləti quruldu, müstəqilliyin əbədiliyi və dönməzliyi təmin olundu, ölkəmiz dünya məkanında layiqli yeri tutdu. Bu gün də Azərbaycanda demokratiyanin inkişafı və insan hüquqlarının qorunması, milli qanunvericiliyimizin təkmilləşdirilməsi, hüquqi və sosial-iqtisadi islahatların reallaşdırılması, nəhəng transmilli layihələrin gerçəkləşdirilməsi, bir sözlə, xalqın rifahının yüksəldilməsini hədəfləyən fəaliyyət sahəsindəki bütün uğurların kökü məhz Heydər Əliyevin ideyalarından qaynaqlanır.
Heydər Əliyev xalqımızın əsrlər boyu qəlbində daşıdığı ən ümdə arzuları -Azərbaycanın əbədi müstəqil olması, qüdrətlənməsi, dirçəlişi və davamlı inkişafı yolunda bütün ömrünü sərf etdi, özünün möhtəşəm əsərini - memarı və qurucusu olduğu müstəqil Azərbaycanı etibarlı əllərə əmanət etdi.
Bu gün arzuları gerçəkliyə çevirməyi bacaran, həyat amalını hər zaman xalqın xidmətçisi olmaqda görən cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosıal-iqtisadi və mədəni həyatını əhatə edən bütün sahələrdə görülən işlər, insanların sabaha olan inamını daha da artıran uğurlu nəticələr həm də dahi Heydər Əliyevin ruhu qarşısında bir hesabatdır. Ulu Öndərin müstəqil, dinamik inkişafının əsasını qoyduğu ölkəmizi Prezident İlham Əliyev ləyaqətlə, inamla, qətiyyətlə irəliyə aparır və özünün gərgin, məhsuldar fəaliyyəti ilə dövlətçiliyimizə, müstəqilliyimizə, ölkəmizin sosial-iqtisadi tərəqqisinə şərəflə xidmət edir.
Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, sabitlik və tərəqqi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş, hər bir fərdin özünü layiqli vətəndaş olaraq dərk etməsi ilə müasir tariximizə əbədi həkk olunmuşdur. Həyatımızı əhatə edən tarixi gerçəkliyin qərarlaşması birbaşa Heydər Əliyevin fövqəladə xidmətlərinin nəticəsidir və bu xidmətlər kənarında Azərbaycanın müasir tarixi təsəvvür belə oluna bilməz. Vətənə, xalqa xidmət onun həyat məramı, ömür amalı olmuşdur.
Xoş amalları və əməlləri ilə qədirbilən xalqımızın tükənməz sevgisini qazanmış və gələn il anadan olmasının 100 illik yubileyini böyük təntənə ilə qeyd edəcəyimiz Ulu Öndərin adı tarixdə təkrarolunmaz siyasətçi, qüdrətli dövlət başçısı, əfsanəvi şəxsiyyət kimi qalacaq, parlaq xatirəsi yaddaşlarda əbədi yaşayacaqdır.
İ. ƏSGƏROV,
“Muğanın səsi”