“Korrupsiya və rüşvətə görə həbslərdən dərs çıxarmayan icra başçıları var” - AÇIQLAMA
- 01.05.2022, 20:45, Baxış sayı:
- 495
Facebook
Вконтакте
Одноклассники
Google+
Prezident İlham Əliyev Qarabağda yeni qurulan idarəçilik sistemindən bəhs edərək vurğulayıb ki, Qarabağ və Şuşada olduğu kimi digər ərazilər üçün də xüsusi nümayəndələr təyin ediləcək. Prezident təəssüflə qeyd edib ki, yerli idarəetmə sistemləri korrupsiya ilə çirklənib. Ona görə də yeni sistemlə bağlı yekun sınaqlar bitəndən sonra bu sistemi Azərbaycanın digər ərazilərinə də tətbiq etmək və regionlarda dövlət idarəçiliyini təkmilləşdirmək mümkün olacaq. Dolayısı ilə ölkə başçısı yerli icra hakimiyyətlərinin fəaliyyətinin qənaətbəxş olmadığına və yeni idarəçilik sisteminin yaradılması fikrinə diqqət çəkib.
Bəs görəsən icra hakimiyyətləri tamamilə ləğv ediləcəkmi?
Mövzu ilə bağlı politoloq Tural İsmayılov bildirib ki, yerli icra başçıları hələ də həbslərdən dərs çıxarmaq istəmir və korrupsiya əməllərinə davam edir: “Prezidentin yerli icra hakimiyyətləri ilə bağlı vurğuladığı məqamlar kifayət qədər önəmli nüansları üzə çıxardı. Təəssüf ki, Azərbaycanda hələ də korrupsiya və rüşvətə görə həbslərdən dərs çıxarmayan icra başçıları var. Vaxtilə ilk dəfə Ağstafa rayonunun icra başçısı həbs olunmuşdu. Lakin digər məmurlar və rəhbər şəxslər bütün bunlardan sonra eyni əməllərə qaldığı yerdən davam etməyə başladılar. Bu mənada düşünürəm ki, gələcəkdə icra hakimiyyətlərinin başqa idarəetmə institutları ilə əvəzlənməsi prosesi baş verə bilər. İşğaldan azad edilən Şuşa və Ağdamda Prezidentin Xüsusi Nümyəndəliyi institutu fəaliyyət göstərir. İcra hakimiyyətlərinə alternativ olan bu institut indiyə kimi özünü kifayət qədər doğrulda bilib. Ağdam, Şuşa və bütövlükdə işğaldan azad edilmiş ərazilərdə Prezidentin Xüsusi Nümayəndəliyi yaradıla bilər. Bu təcrübədən Azərbaycanın bütün regionlarında yararlanmaq ehtimalı var. Nəzərə almaq lazımdır ki, bu idarəetmə sistemi korrupsiyanın kökünün kəsilməyində mühüm rol oynayacaq və eyni zamanda inzibati problemlərin həllini daha da asanlaşdıracaq”.
T.İsmayılov qeyd edib ki, Vətən müharibəsində qazandığımız qələbədən sonra idarəetmə sistemində şəffaflıq və xalqın rəyini nəzərə almaq əsas prioritetə çevrilib: “İctimai rəyin önəmi ilə bağlı İlham Əliyev dəfələrlə çağırışlar edib. Bu siyasi kursa əks gedən bəzi məmurlar və rəhbər şəxslər yeni sistemlə ayaqlaşmalıdır. Əksə təqdirdə onların hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb ediləcəyi də aydındır”.