“İşğal dövründə bir çoxlarımız, həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən də o cümlədən belə fikirdə idim”.
APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev Şuşada Vaqif Poeziya Günlərinin rəsmi açılışında çıxışında deyib.
Azərbaycan Prezidenti bildirib ki, ancaq həyat göstərdi ki, ədalət var, sadəcə olaraq dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır: “Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq.
Noyabrın 8-də Azərbaycan xalqına Şuşa müjdəsini verərkən demişdim ki, Şuşa artıq azaddır, bu, həqiqətdir. Biz azad Şuşada yığışmışıq. Demişdim ki, biz Şuşaya qayıtmışıq. Bu da həqiqətdir”.
Dövlət başçısı bildirib ki, festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və keçiriləcək: “Demişdim ki, Şuşanı biz dirçəldəcəyik. Bu da baş verir, biz Şuşanı dirçəldirik.
Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!”