“Biz Azərbaycan üçün ortamüddətli və uzunmüddətli inkişaf strategiyasını faktiki olaraq müharibədən əvvəl işləyib hazırlamışdıq”.
“Report”un məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün ADA Universitetində "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda Rusiyanın Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun böyük elmi işçisi Stanislav Pritçinin sualını cavablandırarkən deyib.
Dövlət başçısı bildirib ki, ərazilərin işğaldan azad edilməsi əlavə imkanlar verəcək:
“Çünki ərazilərin bərpası çoxlu resurs tələb edəcək. Lakin, eyni zamanda, bu resurslar Azərbaycanda sərf olunacaq. Onlar biznesi stimullaşdıracaq, iqtisadiyyatımızın tikinti sektorunu stimullaşdıracaq, yeni iş yerləri yaradacaq, imkanlar yaradacaq, kənd təsərrüfatına əlavə dəyər qatacaq. Bu səbəbdən də, indi bizim müəyyən mənada iki inkişaf proqramımız var. Birincisi, bizim hər il qəbul etdiyimiz illik inkişaf proqramı və həmçinin 2030-cu ilədək inkişaf proqramı.
İkincisi, Qarabağın bərpası üçün inkişaf proqramıdır ki, hazırda bu, başlanğıc mərhələsindədir. Hazırda bizim hökumət strukturlarımız ikisi arasında birləşmə və ya koordinasiya üzərində işləyir ki, eyni məqsəd üçün iki dəfə xərc çəkilməsin. Bu məqsədlə, hazırda biz işğaldan azad edilmiş ərazilərdə tamamilə yeni idarəçilik modelini təqdim edirik. Prezident hakimiyyətinin, Prezident Administrasiyasının fərqli idarəçilik modeli olacaq və inkişafa çox müasir yanaşma olacaq, təkcə bərpa zamanı deyil, həm də bərpadan sonra”.
/Muganinsesi.az/