Mən bəzən bu şeyləri demirəm vətəndaşlara ki, o vətəndaşları iyrəndirməyim, bağışlayın sözümə görə, ifadəmə görə. Amma mənim də artıq səbrim tükənir və deyirəm ki, vətəndaşlar da bilsinlər, bu məmurlar da bilsinlər. Məmurlar öz yerini, yerlərini bilsinlər, öz işləri ilə məşğul olsunlar.
Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev AzTV-yə müsahibəsində deyib.
“Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm. Ona görə hərə otursun yerində, öz işi ilə məşğul olsun, məni də əsəbiləşdirməsin. Şuşanın ərazisinin ölçüsü 300 hektardır. Mən qoymamışam ki, bir dənə daş daş üstə qoyulsun. Çünki birinci təhlil aparmalıyıq. Ondan sonra o tarixi binaları bərpa etməliyik, necə bərpa etməliyik, bunu mən də deyə bilmərəm, mütəxəssislər deməlidir, biz indi cəlb etmişik. Misal üçün, Xurşidbanu Natəvanın sarayı, necə bərpa edilməlidir? Çünki onun bir divarı var, qalan divarlar uçub. Hansı formada o bərpa edilməlidir? Onu yenidənmi eyni stildə qalan o uçan hissəsi tikilməlidir, yaxud da ki, elə formada tikilməlidir ki, oraya gələn görsün ki, bax bu, buradan dağılıb, oradan sökülüb. Bu suala mənim cavabım yoxdur, çünki mən mütəxəssis deyiləm və indi müxtəlif şirkətlər, yerli, xarici şirkətlər məşğul olurlar artıq bu işlərlə. Şuşada biz ancaq və ancaq tarixi binaları bərpa etməliyik, mən belə hesab edirəm”.
Prezident qeyd edib ki, bütün bunlar, bu işlər kənarda qala-qala biri durur ki, mən filial açıram, biri deyir ki, mən zastava açıram, biri deyir ki, mən fövqəladə hallar açıram:
“Vallah, adam söz tapmır. Mən söz tapmışam, onlara elə söz demişəm ki, onlar o sözü unutmayacaqlar. Azərbaycan vətəndaşlarına da deyirəm, bərpa işləri ilə bağlı görüləcək işlərdə mütləq ictimai nəzarət olmalıdır. Olmasa bax bilin, yenə də eybəcər binalar tikiləcək, torpaqlar zəbt ediləcək, hərə özü üçün bir obyekt tikəcək”. /Muganinsesi.az/