COP29-un Azərbaycanda keçirilməsi qərarı ölkəmizin, dövlətimizin başçısı İlham Əliyevin növbəti tarixi uğurudur. Noyabrın 11-də başlayan tədbirdə istər Mavi, istərsə də Yaşıl zonada müxtəlif tədbirlər keçirildi, yüksəksəviyyəli nümayəndə heyətləri, ekspertlər, böyük biznes təmsilçiləri və nüfuzlu media mənsubları iki həftə ərzində ölkəmizdə İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının aktual gündəliyini müzakirə etdilər və Azərbaycanın bu sahədə imza atdığı nailiyyətləri gördülər.
“Yaşıl enerji” ilə bağlı layihələr və bərpaolunan enerjinin dünya bazarına nəqli dövlətimizin enerji siyasətində prioritet sahələrdən biridir. Bu cür yüksəksəviyyəli tədbirlər imkan verir ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə bağlı yaratdığı reallıq təhrif edilmədən bir daha dünya ictimaiyyətinə çatdırılsın və geosiyasi maraqlarından asılı olmayaraq, hər kəs görsün ki, dövlətimizin bərpa etdiyi tarixi ədalətin təməlində beynəlxalq hüququn aliliyi dayanır.
Bəşəriyyət iqlim dəyişmələri, təbiətin məhvi, havanın, suyun və torpağın çirkləndirilməsi ilə qarşı-qarşıyadır. Bu ekoloji fəlakətlərin qarşısını almaq və “yaşıl enerji”yə keçidi təmin etmək üçün dünya dövlətləri 12 gün Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəal şəkildə iştirak etdilər. Konfransda ekoloji fəlakətlərin qarşısını almaq üçün gələcək addımlar, yeni hədəf və mexanizmlər müəyyənləşdirildi, mühüm qərarlar qəbul edildi.
Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 24-də sosial şəbəkə hesablarında “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!” sərlövhəsi ilə paylaşımında qeyd edildiyi kimi “Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək.Biz 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq”
Əvvəlki COP sammitlərində yaşanan uğursuzluqları, icra olunmayan sazişləri nəzərə alaraq rəsmi Bakı COP29-a ən yüksək səviyyədə hazırlaşdı, bütün tərəflərin maraqlarını nəzərə alan 14 təşəbbüs irəli sürdü. Bu konsensuslar arasında qazıntı yanacağı hasil edən ölkə və şirkətlərin könüllü ianələri ilə kapitallaşdırılan və inkişaf etməkdə olan ölkələrdə təbii fəlakətlərin nəticələrini qısa zamanda aradan qaldırmaq məqsədilə yüksək güzəştli və qrant əsaslı maliyyələşdirmə üçün xüsusi imkanlara malik olacaq İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun (CFAF) yaradılması əsas yer tutur. Bundan başqa, Bakı Təşəbbüsü (BICFIT) “yaşıl enerji”yə sərmayəni təşviq edəcək önəmli platformadır.
Rəsmi Bakı COP29-a konkret iqlim gündəliyi təqdim edərək iqlim maliyyələşməsi, qlobal istiliyin fəsadlarından daha çox əziyyət çəkən kiçik ada dövlətləri və inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyinin yol xəritəsini nümayiş etdirdi, dövlət və beynəlxalq institutlarla yanaşı, özəl sektorun maliyyə mənbələrinin də iqlim dəyişmələri ilə mübarizəyə cəlb olunması və həmin vəsaitlərin kasıb ölkələrə daha güzəştli şərtlərlə təqdim olunması təklifini irəli sürdü.
Eyni zamanda Bakı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında bütün spektrlər üzrə uğurlu nəticələrin əldə olunması, Paris İqlim Sazişinin bünövrəsi üzərində dünya birliyinin iqlim dəyişmələri və “yaşıl enerji”yə keçidlə bağlı daha aydın və effektiv tədbirlərin reallaşması üçün təşəbbüs göstərdi.
Bakı Maliyyə Məqsədi əhəmiyyətli artım nümayiş etdirərək 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsinin təmin edilməsi üçün yeni qlobal hədəf qoyur. Buraya əvvəlki 100 milyard ABŞ dolları həcmində hədəfi üç dəfə üstələyən 300 milyard ABŞ dolları həcmində yeni əsas maliyyə hədəfi daxildir.Azərbaycanın COP29 Sədrliyi olaraq apardığı intensiv çoxtərəfli diplomatiya nəticəsində Bakı Maliyyə Məqsədi və BMT karbon bazarları üzrə əldə edilmiş irəliləyişlər gözləntiləri üstələdi. Bu, COP29 Sədrliyi tərəfindən 48 saatlıq intensiv diplomatik fəaliyyətin nəticəsidir. Burada az inkişaf etmiş ölkələri və inkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə xüsusi diqqət yetirilir. Bu sənəddə əlçatanlıq və şəffaflıq haqqında müddəalar da əksini tapıb.
COP29 çərçivəsində növbəti maliyyə hədəfi müəyyən olundu. Təbii ki, Azərbaycanın bu konfransda əsas məqsədi müzakirə olunan iqlim dəyişmələri və “yaşıl enerji”yə keçid üçün yeni maliyyə hədəfinin müəyyən edilməsi idi. Yeni maliyyə hədəfinin Bakıda keçirilən iqlim konfransında müəyyən olunması və bunun yekun Bəyannamədə əksini tapması ilə ölkəmizin beynəlxalq arenada nüfuzu və qüdrəti daha da yüksələcək. Məhz COP29-un əldə etdiyi əsas nəticə budur. COP iştirakçısı olan ölkələr tədbirə bu amalla qatıldılar, konkret təklif və qərarla gəldilər, yeni maliyyə hədəfinin müəyyənləşməsinə öz töhfələrini verdilər. Maliyyə fondları və donorlar da bu məsələdə aktiv idilər.
Beləliklə, rəsmi Bakı COP29-un iqlim maliyyələşməsi və gələcək fəaliyyət planı ilə bağlı bütün tərəflərdə aydın təsəvvür yaratdı, üzərinə düşən missiyanı çox yüksək səviyyədə yerinə yetirdi.
Nəsir Mirzəliyev,
Sabirabad RİH başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri