Son zamanlar vətəndaşlara verilən elektrik enerjisi, su və qazın borca görə dayandırılması və bundan abonentlərin narazı qalmasına tez-tez rast gəlinir. “Muğanın səsi” məsələnin qanuni tərəfini araşdırıb. Abonentə verilən su, qaz və elektrik enerjisi nə zaman dayandırıla bilər?Bir borclu abonentə görə, digərlərinin kommunal xidmətlərdən məhrum olması nə dərəcədə doğrudur?
Məsələyə aydınlıq gətirmək məqsədi ilə hüquqi qanunvericiliyə və qaydalara müraciət etdik.
Nazirlər Kabinetinin təsdiq etdiyi "Qazdan istifadə Qaydaları" nın 6.2-ci bəndinə əsasən, istehlakçıya qazın verilməsinin dayandırılması yalnız fərdi qaydada həyata keçirilir. Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması qazın dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir.
Nazirlər Kabientinin təsdiq etdiyi "Elektrik enerjisindən istifadə Qaydaları"nın 9.13-cü bəndi: İstehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması yalnız fərdi qaydada həyata keçirilir. Elektrik enerjisinin dəyərini vaxtında ödəməyən istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması, elektrik enerjisinin dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir.
Nazirlər Kabinetinin təsdiq etdiyi "Sudan istifadə Qaydaları"nın 8.2-ci bəndi: "İstehlakçıya suyun verilməsinin dayandırılması yalnız fərdi qaydada həyata keçirilir. Suyun dəyərini ödəməyən istehlakçıya suyun verilməsinin dayandırılması, suyun dəyərini vaxtında ödəyən istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir.
Həmin Qaydalarda dayandırılmanın digər əsasları da göstərilib.
“ Su təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 26-cı maddəsinin birinci bəndinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-c maddəsinə və “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin dördüncü abzasına əsasən, müvafiq olaraq Su, Qaz və ya Enerji təzhizatı müəsissəsi tərəfindən istehlakçıya su, qaz və ya elektrik enerjisinin verilişinin dayandırıldığı hallar öz əksini tapıb.
Belə ki, əsasən müqavilə bağlanmadığı, istehlakçının müvafiq yazılı müraciəti əsasında, təmir proflaktika işlərinin görülməsi məqsədi ilə, məhkəmənin müvafiq qərarı ilə, sayğacla müəyyənləşən hesabı istehlakçıya təchizat müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədiyi və mahiyyəti üzrə digər hallar təşkil edir.
Nəzərə almaq lazımdır ki, yuxarıda göstərilən Qanunlara əsasən, İstehlakçıya müvafiq olaraq su, qaz və elektrik enerjisinin verilməsinin dayandırılması yalnız fərdi qaydada həyata keçirilir.
Eyni zamanda həmin Qanunların tələblərinə əsasən su, qaz və elektrik enerjisi xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən su , qaz və elektrik enerjisinin verilməsinin dayandırılması qadağandır. Belə ki, aşağıdakı normativ aktlarda göstərilən hallarda müvafiq olaraq suyun , qazın və elektrik enerjisinin verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir.
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarının” 2.1.9 bəndinə əsasən, quraşdırılmış suölçən cihaz dövlət standartlarının tələblərinə cavab vermədiyi, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədiyi və müqavilə bağlanılmadığı hallarda.
2.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixi, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının “3.1.5 –ci bəndinə əsasən, istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda.
3.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları" -nın 9.13-1-cü bəndinə əsasən Elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıdığı hallar istisna olmaqla bütün hallarda.
Əlavə olaraq qeyd edək ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.0.7-maddəsinin dispozisiyasına müvafiq olaraq, qaz və elektrik xətlərinin qanunsuz olaraq kəsilməsinə və ya qanunvericilikdə istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qazın və elektrik enerjisinin verilməsinin dayandırılmasına görə fiziki şəxslər iki yüz manatdan beş yüz manatadək miqdarda, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək miqdarda, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək miqdarda cərimə edilir.
Bir sözlə abonentlərin su, qaz və işıq ilə təminatı və bu komunal xidmətlərin təchizatının dayandırılması müvafiq qanunlarla tənzimlənir. Hər hansı bir abonentin borcuna görə vaxtında ödəniş edən digər abonentlərin su, qaz və işıq təchizatının dayandırılması qanunun tələblərinə ziddir.
Qanundan da göründüyü kimi, vətəndaşlara verilən suyun, işığın və qazın dayandırılması müvafiq xəbərdarlıqdan sonra ola bilər.
“Muğanın səsi”