• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Prezident İlham ƏLİYEVİN sədrliyi ilə keçirilən müşavirə həm də postmüharibə dövrünün birillik hesabatı idi

  • 20.04.2022, 23:30, Baxış sayı:
  • 427
Prezident İlham ƏLİYEVİN sədrliyi ilə keçirilən müşavirə həm də postmüharibə dövrünün birillik hesabatı idi
Aprelin 12-də Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə həm də postmüharibə dövrünün bir illik hesabatı idi. Müşavirə zamanı Prezident İlham Əliyev son üç ay da daxil olmaqla postmüharibə dövrünün reallıqlarını həm ölkə daxilində həyata keçirilən sosial-iqtisadi layihələr, ümumi inkişafımız, həm də xarici siyasət və regional münasibətlər kontekstində kompleks olaraq təqdim edib.
Prezident 2022-ci ilin birinci rübünün iqtisadi göstəricilərini təhlil edərək bunu çox müsbət bir dinamika adlandırıb. Xüsusilə postpandemiya dövründə ötən illə müqayisədə xeyli irəliləyişin əldə olunduğunu, ÜDM-in 6,8 faiz artdığını, qeyri-neft sektorunda bu artımın 10 faizdən çox, qeyri-neft sənayesində isə 18 faizdən çox olduğunu qeyd edib. Eyni zamanda xarici ticarət balansının müsbət saldoda olduğunu və birinci rübdə Azərbaycanın 5,1 milyard manat əlavə müsbət saldosu olduğunu qeyd edib.
Bu rəqəmlər ölkədə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsindən, həmçinin, neft-qaz sektorundan asılılığın azaldılmasından xəbər verir. 2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya əsas hədəf kimi qoyan dövlət başçısı İlham Əliyevin bu istiqamətdə atdığı addımların məntiqi nəticəsidir ki, Azərbaycan hər bir çətinlikdən uğurla, az itki ilə çıxmağa nail olur. 2019-cu ildən dünyanı bürüyən koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi zamanlarda Azərbaycanın iqtisadi artımı ilə diqqətdə olması, 30-dan artıq ölkəyə humanitar və maddi yardım göstərməsi kimi mühüm addımlar imkanlarımızın təqdimatında əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyev müşavirədə birinci rübün yekunlarına söykənərək bildirmişdir ki, hazırda dünya, əgər belə demək mümkündürsə, postpandemiya dövrünə qədəm qoyur və bəlkə də “postpandemiya” sözünü işlətmək bir qədər tezdir. Amma dünyadakı və Azərbaycandakı indiki vəziyyət buna işarə verir.
Prezident öncə beynəlxalq məsələlərə nəzər salaraq ərazilərimizin bərpası və Böyük Qayıdış kontekstində əsas məsələlərdən biri kimi Azərbaycanın yaratdığı yeni reallıqların dünya tərəfindən qəbul edilməsini vurğuladı. Bu, özlüyündə olduqca mühüm məsələdir. Çünki həm Böyük Qayıdış, həm ərazilərimizin yenidən bərpası və regionumuzda sülhün bərqərar olması beynəlxalq aləmin baş verən proseslərə münasibəti ilə xeyli dərəcədə əlaqədardır. Ona görə də Prezident İlham Əliyev ilk növbədə dünyanın ən böyük beynəlxalq təşkilatı olan BMT-nin davranışlarına diqqət çəkərək, BMT ilə birgə Şuşada keçirilən tədbiri yüksək qiymətləndirdi. Eyni zamanda BMT-Azərbaycan münasibətlərinə, xüsusilə Şuşada təşkil edilən birgə tədbirə ermənilərin reaksiyasını isterik adlandırdı. Dövlət başçısı beynəlxalq təşkilatların postmüharibə reallıqlarını qəbul etmələri kontekstində daha sonra Qoşulmama Hərəkatının, İslam Əməkdaşlığı Təşkilatının, ATƏT-in və nəhayət, Avropa İttifaqının münasibətini müsbət xarakterizə etdi. Bu, şübhəsiz ki, Azərbaycan xarici siyasətinin müharibə dövründə olduğu kimi postmüharibə dövründə də strateji uğuru kimi qiymətləndirilməlidir. Eyni zamanda bu, Azərbaycanın beynəlxalq nüfuzu və gücü sayəsində artıq yeni reallığın dünya tərəfindən qəbul edilməsidir. Bu, mühüm tarixi-strateji uğurdur. Beynəlxalq məsələlərə toxunan Prezident İlham Əliyev bir məsələni də xüsusi vurğuladı ki, ATƏT-in Minsk Qrupu de-fakto etibarsızıdr, qeyri-funksionaldır. Yəni fəaliyyət göstərdiyi 28 il müddətində sıfır nəticə göstərdiyi kimi bu gün də faktiki olaraq fəaliyyətsizdir. Çünki artıq onun fəaliyyətinin predmeti yoxdur. Ona görə də Prezident İlham Əliyev ATƏT- ə maraqlı çağırış edərək bildirdi ki, bu təşkilat ictimai diplomatiyanı canlandıraraq regionda etimad mühitinin yaradılması ilə məşğul ola bilər. Yəni vətəndaş cəmiyyəti institutları, media və. s vasitəsilə bu istiqamətdə müəyyən işlər görmək mümkün ola bilər. Avropa İttifaqının mövqeyinə gəldikdə isə Prezident bu qurumun aprelin 6 - da təşkil etdiyi üçtərəfli görüşdə Ermənistanın Azərbaycanın irəli sürdüyü 5 baza prinsipini qəbul etdiyini bildirdi. Bu, olduqca mühüm hadisədir və regionda sülhlə bağlı proseslərin başlanğıcı kimi də qiymətləndirilə bilər.
Dövlət başçısı İlham Əliyev bu uğurlar fonunda bütün çıxışlarında, o cümlədən aprelin 12-də keçirilən müşavirədəki nitqində belə bir çağırış da etdi ki, heç vaxt işğalı, erməni vəhşiliyini unutmamalıyıq. Azərbaycan bu gün tarixi Zəfərinin yaratdığı reallıqların dünyada qəbul edilməsinə nail olmaqla yanaşı, həm də işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərini həyata keçirir. İkinci Qarabağ müharibəsinin yaratdığı reallıqlar əsasında Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması qarşıda duran əsas məsələlərdən biridir. Bu baxımdan ki, yeni əməkdaşlıq formatlarının yaradılması, kommunikasiyaların açılması, bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün sülh müqaviləsinin imzalanması əsasdır. Bununla yanaşı, ermənilərin havadarlarının dəstəyi ilə tarixin müxtəlif dövrlərində azərbaycanlılara qarşı törətdikləri soyqırımlar, faciələr, insanlığa sığmayan müharibə cinayətləri unudulmamalıdır. XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımını necə unuda bilərik? 44 günlük İkinci Qarabağ müharibəsinin davam etdiyi dövrdə erməni vəhşiliklərinin növbəti təzahürü olan Gəncə, Bərdə, Tərtər qətliamlarını unuda bilərikmi? Nə qədər günahsız insanlar qətlə yetirilib. Bunlar Azərbaycan tarixinin faciəli səhifələridir. İndiki və gələcək nəsillər tariximizi vərəqləyərkən tarixi Zəfərimizdən qürur duymaqla yanaşı, ermənilərin necə vəhşi toplum olduqlarını, başımıza gətirdikləri faciələri bilməlidirlər. İşğalın davam etdiyi 30 ilə yaxın dövrdə müharibə şəraitində yaşasaq da Azərbaycan daim inkişafı, tərəqqisi, Ermənistan isə əksinə bu və ya digər ölkədən asılılığı ilə diqqət çəkib. Ermənistan ən kasıb ölkələr sırasında qərarlaşıb. İşğalçı dövlətin büdcəsinin 80 faizdən çoxu ianələr hesabına formalaşıb. Bunu dünya görür, hər zaman müxtəlif adlar altında Ermənistana maddi və mənəvi dəstək göstərməyə çalışırdılar. Bu dəstəklər Ermənistanı heç zaman qalib ölkəyə çevirə bilməzdi. Başqasının torpağına göz dikərək əsassız iddialarla yaşamağın, xülyaların sonu məhz bugünkü reallıqlarla nəticələnməli idi. Azərbaycan Zəfəri ilə bir daha dünyaya gücünü, qüdrətini nümayiş etdirdi.
Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi “Mən bir məsələyə də diqqət yetirmək istərdim. Ermənistan da görməlidir ki, o, bizim planlarımızı əngəlləyə bilməz. Əgər Zəngəzur üzərindən bizə keçid verməsə, özü itirəcək və birinci növbədə, 10 noyabr Bəyannaməsini pozmuş olacaq. Çünki 10 noyabr Bəyannaməsində açıq-aşkar yazılıb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə olmalıdır və bu, Ermənistanın öhdəliyidir. Əgər o, öz öhdəliyini yerinə yetirmək istəmirsə, onda biz də hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı heç bir məsuliyyət daşımayacağıq. Onlar bunu bilməlidirlər, vaxtı uzatmamalıdırlar. Onsuz da biz istədiyimizə gec-tez nail olacağıq. Daha yaxşı olar ki, onlar özləri də bir az cəld tərpənsinlər. Yoxsa yenə də dalan kimi qalacaqlar” fikirləri Ermənistan üçün bəlkə də bu, son şansdır. Ya ölkə inkişaf edəcək, ya da daha ağır vəziyyətə düşəcək.
Hazırda sülh gündəliyinin reallığa çevrilməsi istiqamətində addımların atılması ilə yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri də geniş miqyas alıb. Dövlət başçısı İlham Əliyev müşavirədəki yekun nitqində qarşıdakı bir-iki il üçün bu torpaqlarda görüləcək işlərin miqyasını açıqlayıb. Zəngilanın Ağalı kəndləri bu il sakinlərini qarşılayacaq.
Ağalı kəndinin sakinləri artıq bu il Ağalıda yerləşəcəklər, orada yaşayacaqlar. Bu il Ağalı kəndinin açılışı olacaq: “Bu, birinci pilot layihədir. Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına bu il başlanacaq. Bu, bir neçə kəndi birləşdirən layihədir. Ağalı kəndindən daha böyük yaşayış yeri olacaq. Azad edilmiş digər rayonlarda kəndlərin yenidən qurulması layihələri hazırlanır və şəhərlərlə paralel olaraq biz kəndləri də bərpa edəcəyik”, - dövlət başçısı bildirib.
Eyni zamanda bu il Zəngilanda hava limanının açılması da nəzərdə tutulur ki, bu da çox böyük hərbi, siyasi və iqtisadi əhəmiyyət daşıyan bir məsələdir. Yolların çəkilməsi, körpülərin salınması, nəqliyyat-kommunikasiya xətlərinin genişlənməsi bu il üçün planlaşdırılan çox ciddi məsələlərdən biridir. Bütün bunlarla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda ermənilər çaylar üzərində 30-dan çox kiçik SES-nın hamısını dağıdıblar. Bunların bərpası da qarşıda duran işlərdəndir.
Bütövlükdə Prezident indiyə qədər görülən işləri müsbət qiymətləndirdi və hökumət üzvləri qarşısında öz vəzifələrini qoydu. Bu il bizi böyük perspektivlər və uğurlar gözləyir.
Əli HÜSEYN,
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter