• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Prezidentin uğurlu siyasəti nəticəsində Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu artıb

  • 04.03.2022, 20:45, Baxış sayı:
  • 434
Şuşa və Moskva bəyannamələri ölkəmizin təhlükəsliyinə zəmanət verir
Prezidentin uğurlu siyasəti nəticəsində Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu artıb
Bu gün müasir dünyada çox mürəkkəb, ziddiyyətli proseslər baş verməkdədir. Xüsusilə Azərbaycanın yerləşdiyi regiona yaxın ərazilərdə yeni münaqişənin başlanması ciddi narahatlıq doğurur. Rusiya ilə Ukrayna arasında mövcud gərginlik böyük humanitar fəlakətlərlə müşahidə olunur.

Rusiyanın Ukraynaya müharibəsinin səbəbləri, gedişi, nəticələri barədə indidən konkret fikrilər söyləmək mümkün olmasa da, bəzi mülahizələr söyləmək, nəticələr çıxarmaq mümkündür.
Xüsusən Azərbaycanın 2020-ci ildə erməni işğalçılarına qarşı apardığı Vətən müharibəsi kontekstində bəzi qənaətlər ortaya çıxır.
Qarabağda və Ukraynada gedən müharibənin müqayisəsi belə deməyə əsas verir ki, ölkəni və xalqı fəlakətlərdən, təlatümlərdən sığortalamaq üçün düşünülmüş, praqmatik, ağıllı siyasət, qlobal və geosiyasi reallıqları nəzərə almaq zəruridir.
Qarabağ müharibəsinin gedişində yaranmış situasiyalarda Azərbaycanın doğru və düşünülmüş addımlar atdığı, döyüş və siyasət meydanında ortaya qoyduğu ağıllı gedişlər Ukraynada baş verənlərin fonunda bir daha təsdiqini tapmaqdadır.
44 günlük müharibənin hər günü həm döyüş meydanında, həm də siyasət cəbhəsində fərqi situasiyalar ortaya çıxırdı. Bu situasiyalara adekvat davranmaq, hər gün demək olar fərqli qərarlar vermək xüsusi bacarıq, qabiliyyət, rasionallıq tələb edirdi. Azərbaycan dövləti, Prezident İlham Əliyevin məhz doğru qərarları nəticəsində Vətən müharibəsi sözün bütün mənalarında Qələbə ilə başa çatdı.
Soyuqqanlı davranmaq, doğru qərarlar vermək, vəziyyəti düzgün qiymətləndirmək, təxribatlara uymamaq və digər məqamlar Azərbaycanın həm cəbhədə, həm də siyasi arenada qalibiyyətini təmin etdi. Təkcə bir faktı vurğulamaq yerinə düşər ki, Azərbaycan Ordusu müharibənin gedişlində mülki erməni əhalisinə qarşı heç bir addım atmadı. Ermənistanın Gəncəni və digər yaşayış məntəqələrini qadağan olunmuş silahlarla atəşə tutmaqda bir məqsədi də Azərbaycanı təxribata çəkmək idi. Hər kəs xatırlayır ki, yaşayış məntəqələrimiz bombalandıqca, günahsız insanlar öldürüldükcə, “Biz də Ermənistanın şəhərlərini vuraq” kimi çağırışlar səslənirdi. Lakin Ali Baş Komandan İlham Əliyev bəyan etmişdi ki, Azərbaycan Ordusu mülki erməni əhalisinə qarşı heç bir əməliyyat aparmır, ordumuzun məqsədi Ermənistan ordusunu döyüş meydanında məğlub etməkdir. Azərbaycan bununla bütün dünyaya göstərdi ki, Ermənistanın azərbaycanlılara qarşı genosid siyasətindən fərqli olaraq, Azərbaycanın məqsədi yalnız öz torpaqlarını işğaldan azad etməkdir.
Azərbaycan 10 Noyabr sənədinə imza atmasa, Xankəndiyə ordu yeritsə, heç şübhəsizdir ki, bizi həm Rusiyanın hərbi təzyiqi, həm də bu gün Ukraynanın yanında olan ABŞ və Avropanın sanksiyaları gözləyirdi. Xüsusən, yada salmaq yerinə düşər ki, 44 günlük müharibənin gedişində BMT-də bir neçə dəfə Azərbaycan əleyhinə qətnamələr qəbul etmək cəhdləri olmuşdu.
Məhz Prezident İlham Əliyev bütün regional oyunçularla bərabərhüquqlu münasibətlər qurmaqla, qarşılıqlı öhdəlik və məsuliyyət sistemi formalaşdırmaqla həm ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, həm də ölkə mümkün geosiyasi kataklizmlərdən sığortaladı. Məhz Azərbaycanın uzun illər ərzində yürütdüyü məqsədyönlü siyasət nəticəsində BMT-də Azərbaycan əleyhinə yuxarıda qeyd olunan qətnamələrin qəbulu mümkün olmadı.
Azərbaycan bu gün də beynəlxalq siyasi arenada baş verənlərə münasibətdə doğru davranış sərgiləyir. Azərbaycan Qoşulmama Hərəkatının fəaliyyətdə olan sədridir və dünyada gedən proseslərə həm də bu statusla üzərinə düşən öhdəliklər kontekstdə yanaşır.
Bakını heç bir siyasi avantüralara cəlb etmək mümkün deyil. Bütün qərarlar dərin siyasi təhlilə əsaslanır, dövrün reallıqları nəzərə alınır, gələcək üçün real proqnozlar müəyyən edilir, istənilən qərarların qəbulunda milli maraqlar əsas götürülür.
Bu gün Azərbaycan həm Türkiyə, həm də Rusiya ilə müttəfiqlik münasibətləri qurmaqla ən çətin dövrdə özünün təhlükəsizliyinə zəmanət alıb. Postsovet məkanında ikinci belə ölkə yoxdur.
Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi kimi, Rusiya ilə imzalanmış Moskva Bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir.
Azərbaycan öz milli maraqlarına uyğun çoxşahəli müstəqil xarici siyasət yürüdür. Qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir və Vətən müharibəsində tarixi Zəfər qazanılmasında bu amil böyük rol oynayıb.
2021-ci il iyun ayının 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladıqları "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" Türkiyə ilə Azərbaycan arasında münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldib, Azərbaycan öz təhlükəsizliyi üçün əlavə zəmanət əldə edib. Digər tərəfdən, Rusiya Azərbaycanın qonşusu, dünyanın ən güclü ölkələrindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. 22 fevral 2022-ci ildə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iki dost ölkə münasibətlərini ən yüksək səviyyədə, həm də məhz ölkəmizin milli maraqlarının rəsmi olaraq qorunacağını özündə əks etdirən müttəfiqlik bəyannaməsi imzalandı.
Diplomatik münasibətlərimizin mövcud olduğu 30 il ərzində bu əlaqələri qoruyaraq onu ən yüksək müttəfiqlik səviyyəsinə aparan yol heç də rahat olmayıb. Moskva Bəyannaməsi imzalandıqdan sonra möhtərəm Prezidentimiz mətbuata açıqlamasında söylədi ki, “Bu bəyannamə bizim münasibətlərimizi müttəfiqlik səviyyəsinə çıxarır. Bu, həm böyük imtiyaz, həm də böyük məsuliyyətdir. Biz bu günə təkidlə, uzun müddət əməkdaşlıq potensialını artırmaqla, səmimiyyətə, mehriban qonşuluğa, praqmatizmə, qarşılıqlı maraqların nəzərə alınmasına əsaslanan münasibətlər qurmaqla gəlib çatmışıq”.
Moskva Bəyannaməsinin ana qayəsi ondan ibarətdir ki, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürürlər. Bəyannamədə xüsusi olaraq vurğulanır ki, hər iki ölkə müstəqil xarici siyasət yürüdür. Hər iki ölkə müttəfiqlik münasibətlərinə xələl gətirən hərəkətlərdən, eləcə də bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinməyə dair öhdəlik götürürlər. Hər iki ölkə öz ərazisində hər hansı bir təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını alacaqlar. Bəyannamədə keçmiş münaqişəyə son qoymuş 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, eləcə də 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır. Bəyannamədə beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq, transmilli mütəşəkkil cinayətkarlıq və digər bu tipli təhdidlərin qarşısının alınması üçün səylərin birləşdirilməsi qeyd olunur. Beləliklə, öncə də vurğuladığım kimi, Türkiyə ilə imzalanmış Şuşa Bəyannamasi kimi, Rusiya ilə Moskva bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. Azərbaycan öz müstəqil siyasətinə, təhlükəsizliyinə əlavə zəmanət qazanır. Bu müqavilə Azərbaycanı daha da gücləndirir. Türkiyə və Rusiya ilə müttəfiq olmaq güc, bacarıq, məharətli diplomatiya tələb edir.
Əli HÜSEYN,
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter