• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Həyəcan təbili: Kür çayında suyun səviyyəsi niyə azalır?!

  • 27.02.2022, 12:29, Baxış sayı:
  • 496
Həyəcan təbili: Kür çayında suyun səviyyəsi niyə azalır?!
Həyəcan təbili: Kür çayında suyun səviyyəsi niyə azalır?!
Kür çayında suyun səviyyəsi sürətlə azalır. Mövcud vəziyyət son həftələrdə daha da intensivləşib. Bu isə ciddi narahatlıq doğurur. Hazırda qış fəslinin olduğunu nəzərə alsaq, qarşıdakı dövrdə vəziyyət daha da pisləşə bilər. Sakinlər suya tələbatın daha çox olduğu yay aylarında su qıtlığı ilə üzləşəcəklərini düşünürlər.

Kür çayında suyun səviyyəsinin son günlər sürətlə azaldığı müşahidə olunur. Çayın Sabirabad rayonu ərazisindən keçən hissəsində vəziyyət daha ciddi hal alıb. Rayonun Surra kənd sakinləri deyirlər ki, son 1-2 ildir qışda Kürün səviyyəsinin aşağı düşməsinin şahidi olurlar. Halbuki əvvəllər belə halla qarşılaşmayıblar və adətən qış aylarında çayda sululuq dövrü olurdu. Sakinlər narahatdır ki, Kürün suyunun bu cür azalması davam edərsə, yaz-yay aylarında nəinki suvarma suyuna, hətta içməli suya da həsrət qalacaqlar.
Rayonun Kürkəndi kənd sakinləri isə bildirirlər ki, son günlər Kürün səviyyəsi xeyli aşağı düşüb. "İndi həftədə bir neçə dəfə su verilir, yayda vəziyyətimiz necə olacaq, təxmin edə bilmirik", - sakinlərdən biri danışıb.
Ulacalı kəndinin yaşlı sakinləri isə deyirlər ki, Kürün belə bu səviyyədə qurumasının heç vaxt şahidi olmayıblar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib ki, həqiqətən bu ilin yanvar ayından Kür çayında suyun səviyyəsində azalma müşahidə olunur: "Hazırda ölkə üzrə çaylarda azsulu dövr müşahidə olunur. Çünki dağlıq ərazilərdə yağıntılar əsasən qar şəklində yağır. Çaylarda adətən suyun həcmi yazda -aprel ayından başlayaraq iyun ayınadək çoxalır. Bu zaman gursululuq dövrü müşahidə olunur".
Xidmət rəisinin sözlərinə görə, aprel-may aylarında temperatur artacaq, dağlıq ərazilərdəki qar əriyəcək. Üstəlik, bu dövr yağıntılar da çox olur. Yağıntıların və əriyən qarın hesabına çaylarda nisbətən su artır: "Çaylarda suyun səviyyəsinin aşağı düşməsi mövsümü xarakter daşısa da, bir məqamı nəzərə almalıyıq. İqlim dəyişmələri səbəbindən nəinki Azərbaycanda, regionda, hətta bir çox ölkələrdə yağıntıların qeyri-bərabər paylanması, yağıntılı, qarlı, şaxtalı günlərin azalması müşahidə edilir. Bu isə, ölkənin su ehtiyatlarına, o cümlədən Kür çayında sululuğa mənfi təsir göstərir".
Qlobal iqlim dəyişikliyi nəticəsində son dövrlər Azərbaycanda da yağıntılar az düşür. Üstəlik Kür çayına qarışan kiçik dağ çaylarının mənbəyində yerləşən dağlıq ərazilərdə (Gədəbəy, Tovuz, Şəmkir) bu qış aylarında da yağıntıların miqdarı olduqca az olub. U.Tağıyeva bildirir ki, bu qış məsələn, yanvarda ölkənin Şimal-Qərb rayonlarında, Balakən-Şəki bölgəsində də yağıntılar normanın cəmi 32-50 faizini təşkil edib. Doğrudur, bir neçə qarlı günlər qeydə alınıb, lakin belə havalar daha çox Şərq bölgəsində müşahidə edilib. Quba-Xaçmaz bölgəsində yağıntılar normadan çox olub. Bu amillər də ölkədəki su ehtiyatlarına mənfi təsir göstərir. "Hazırda fevral ayıdır, ancaq müsbət 14 dərəcə temperatur qeydə alınır, bu, normadan yüksəkdir. Belə vəziyyət su ehtiyatlarına təsirsiz ötüşmür", - mütəxəssis deyib.
Mütəxəssislər isə deyirlər ki, çayları formalaşdıran iqlim şərtləridir, iqlimdə baş verən dəyişikliklər isə özünü çayların sululuğunda büruzə verir. Son 30 ilin tədqiqatları göstərir ki, təkcə Azərbaycanda deyil, bütün dünyada çaylarda sululuq səviyyəsi azalır. Temperaturun, buxarlanmanın artması, o cümlədən yağıntıların, qar örtüyünün azalması səbəbindən çaylarda rejim dəyişiklikləri baş verir, illik axınlar azalır. Gur sulu çayların gursululuq dövrü azalmağa başlayır. Eləcə də Kür çayında baş verənlər iqlimin dəyişməsinin nəticəsidir.
Aparılan tədqiqatlar göstərir ki, son 20-25 il ərzində bütün çayların illik axını azalıb. Azalma Xəzər dənizində də müşahidə edilir. Çünki Xəzərə tökülən çayların axını azalır. Təbiətdə baş verən müəyyən proseslərin qarşısını almaq mümkün deyil. Ancaq elmi cəhətdən proqnozlar vermək, eləcə də sudan səmərəli istifadə etmək lazımdır. Kür çayının hər damlasının qədrini bilmək, sudan məqsədli, düzgün istifadə etmək lazımdır. Azərbaycan su ehtiyatları nisbətən az olan ölkədir.
Meliorasiya və Su Təsərrüfatı ASC-dən isə bildiriblər ki, qlobal iqlim dəyişikliyi nəticəsində Kürdə suyun səviyyəsinin azalması, eləcə də su ehtiyatlarının 70 faizinin qonşu dövlətlərin ərazisində formalaşaraq ölkəmizə daxil olması səbəbindən 2014-cü ildən başlayaraq su qıtlığı artır. Su anbarlarına lazimi ehtiyatların yığılması çətinləşir.
Bununla belə, görülən işlər müsbət nəticə verir, ötən il 1 milyard kubmetrdən artıq su ehtiyatı yığılıb. Su ehtiyatlarının bölüşdürülməsi ciddi rejimdə aparılır. Nəzarətdənkənar qoşulmaların qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirilir.
Elə fevralın 7-də Nazirlər Kabineti yanında Su ehtiyatlarından səmərəli istifadə üzrə komissiyanın 15-ci (onlayn) iclası keçirilib.
Nazirlər Kabinetindən yayılan məlumatda deyilir ki, Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə keçirilən iclasda Komissiyada təmsil olunan müvafiq dövlət qurumlarına və aidiyyəti yerli icra hakimiyyəti orqanlarına, o cümlədən Mingəçevir su anbarından başlayaraq Kür çayının mənsəbinə qədər Kür çayı hövzəsi üzrə su ehtiyatlarından səmərəli və qənaətli istifadəni təmin etmək məqsədilə inteqrasiyalı idarəetmə mexanizminin tətbiqinə dair zəruri tapşırıqlar verilib.

Əli HÜSEYN,
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter