Hazırda yanvar ayıdır, amma fəslə uyğun olmayan hava şəraiti hökm sürür. Son illər iqlim dəyişiklikləri nəticəsində qışda şaxtalı-qarlı günlərin sayı azalır. Bakı şəhərində Xəzər dənizinin yumşaldıcı təsirinə görə dekabr ayında ümumiyyətlə qar yağmır, çünki temperatur müsbət olur. Adətən, paytaxtda qarı yanvar və fevral aylarında gözləyirlər.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, son 10 illiklərdə ölkədə qarlı və şaxtalı günlərin sayında azalma müşahidə olunur:
“Çoxillik meteoroloji müşahidələrə görə sərt qışlar olub. Onlardan birini, ən sərt keçən 1972-ci ilin qışını qeyd edə bilərəm. Son illərdə, xüsusən 2002-ci ildə dekabr ayı çox anomal keçmişdi. Həmin ildə 18 dəfə arktik hava kütlələri ölkə ərazisinə daxil olmaqla, Abşeron yarımadasında, Bakıda şaxtalı hava şəraitinə səbəb olmuş və qar yağmışdı. Hətta bəzi ərazilərdə qarın hündürlüyü yarım metrə çatırdı.
Yaxın illərdə isə 2012-ci ili xatırlatmaq istərdim. Fevral ayında Xəzər dənizinin Abşeron hissəsində, Nabrandan Sumqayıta qədər Xəzər dənizinin donması baş verdi. Hətta buz qatı 2-3 sm təşkil edirdi”.
Umayra Tağıyeva bildirib ki, yaxın günlərdə paytaxtda qar gözlənilmir: “Etibarlı proqnozlar yalnız 3-4 günü əhatə edir və bunun elmi əsasları var. Buna görə əminliklə deyə bilərəm ki, yaxın həftələr ərzində Bakıda qar yağmayacaq.
İqlim dəyişiklikləri təkcə istiləşmə deyil. İqlim dəyişiklikləri anomal hadisələrin tez-tez təkrarlanmasında özünü göstərir. Buna görə heç kim əminliklə deyə bilməz ki, 2012-ci ildə olan şaxtalı hava şəraiti bu qış təkrarlanmayacaq.
Birmənalı olaraq qeyd edə bilərəm ki, hər hansı anomal proses, o cümlədən qar gözlənilsə, bu barədə 3 gün əvvəldən proqnoz və xəbərdarlıq əhaliyə çatdırılacaq”.
/Muganinsesi.az/