Prezident sosial islahatların yeni mərhələsinə start verdi
- 23.12.2021, 16:49, Baxış sayı:
- 419
Facebook
Вконтакте
Одноклассники
Google+
Minimum əməkhaqqı 300 manat oldu
Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan dövlətinin siyasətinin mərkəzində vətəndaşların marağı, rifahı dayanır. Dövlət başçısının həyata keçirdiyi sosial-iqtisadi siyasət, ardıcıl islahatlar məhz bu məqsədə xidmət edir.
Bu ilin dekabrın 17-də Prezident dörd yeni sərəncam imzalayıb. Bununla da Azərbaycanda sosial islahatların yeni mərhələsinə start verilib. Yeni sərəncamlar əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin artırılması istiqamətində növbəti mühüm addımların atılmasını təmin edir. Xatırladaq ki, Prezident İlham Əliyev hələ bu il oktyabrın 16-da “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamı ilə ölkəmizdə sosial islahatların yeni mərhələsinə başlanılmasına təminat yaradıb. Yeni mərhələ 2,1 milyondan çox şəxsi əhatə edəcək və bu islahat mərhələsi üçün illik əlavə 1,5 milyard manat vəsait də nəzərdə tutulub.
Bu günlərdə dövlət başçısının imzaladığı 4 yeni sərəncam isə 1 milyona yaxın vətəndaşın rifahına dəstəkdir. Bunlardan biri minimum aylıq əməkhaqqının məbləğinin artırılması barədədir.
Sərəncama əsasən, ölkədə minimum aylıq əməkhaqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilir. Yəni hazırda 250 manat olan minimum orta aylıq əməkhaqqı 50 manat artırılır. Bu artımla 800 min işçi əhatə olunur. Minimum əməkhaqqı artımı üçün illik əlavə maliyyə xərci 460 milyon manat təşkil edir. Qeyd edək ki, 2018-ci ildə minimum əməkhaqqı 130 manat idi. Beləliklə, hazırkı artım da nəzərə alındıqda minimum əməkhaqqında artım həmin dövrdən bəri 2,3 dəfə yüksəlib.
Prezidentin imzaladığı yeni sərəncamlardan ikisi ölkəmizdə təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsinin növbəti təzahürüdür. Belə ki, gələn il yanvarın 1-dən respublikanın dövlət büdcəsindən maliyyələşən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin aylıq vəzifə maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılır.
Digər sərəncama əsasən, 2022-ci il yanvarın 1-dən dövlət büdcəsindən maliyyələşən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları orta hesabla 20, fiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşları 30, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları 40 faiz artırılır.
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları da yanvarın 1-dən orta hesabla 20 faiz artırılır.
Qeyd edək ki, son 4 ildə Azərbaycanda orta aylıq əməkhaqqında 37 faiz, median əməkhaqqında 74 faiz artım olub. Bütün bu müsbət proseslər nəticədə 4 il ərzində əməkhaqqı fondunda 92 faiz artıma imkan verib və həmin göstərici gələn il daha da artacaq.
“Muğanın səsi”