• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycan parlamentinin yaranmasından 103 il ötür

  • 07.12.2021, 18:26, Baxış sayı:
  • 283
Azərbaycan parlamentinin yaranmasından 103 il ötür
Azərbaycan parlamentinin yaranmasından 103 il ötür
Azərbaycan parlamentinin yaranmasından 103 il ötür
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin ali qanunverici orqanı - parlamentinin yaranmasından 103 il ötür.
________________________________________
1918-ci ilin dekabrın 7-də saat 13.00-da Azərbaycan parlamentinin ilk iclası başlayıb.
1918-ci il mayın 28-də Zaqafqaziya Seyminin Müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası elan etməklə ilk parlamentli respublikanın əsasını qoyub. Həmin ilin sentyabrın 17-də Fətəli xan Xoyski kabinetinin qurulmasından 3 ay sonra Bakının bolşevik-daşnaq işğalından azad olunması ilə Azərbaycan hökuməti Gəncədən Bakıya köçüb. Cümhuriyyətçilik prinsiplərinə sadiq qalan F.Xoyski hökuməti parlamentin çağırılması üçün hazırlıq prosesini başladıb. Milli Şuranın qərarından hələ 6 ay keçməmiş, hökumətin təkbaşına hakimiyyəti davam etdirmək səlahiyyəti olduğu halda Fətəli xan Xoyskinin təşəbbüsü ilə 1918-ci il noyabrın 16-da Azərbaycan Milli Şurası yenidən fəaliyyətə başlayıb. Hökumətin sədri Fətəli xan Xoyskinin təklifi ilə Azərbaycan Milli Şurası Müəssislər Məclisi çağırmaq işini öz üzərinə götürüb.
Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-da Məhəmmədəmin Rəsulzadənin sədrliyi ilə keçirilən iclasında parlamentlə əlaqəli qanun, həmçinin parlamentdə dövlətin hüdudlarında yaşayan bütün millətlərin təmsil olunmalı olduğu barədə qərar qəbul olunub. Hər 24 min nəfərdən bir nümayəndə hesabı ilə müsəlmanlar 80, ermənilər 21, ruslar 10 nümayəndə göndərməli olub. Beləliklə, Azərbaycan parlamentini 120 nəfərdən ibarət formalaşdırmaq qərara alınıb. Qanunverici orqana Alman Milli Şurası 1, Yəhudi Milli Şurası 1, Gürcü Milli Şurası 1 və polyak komitəsi 1 nəfər nümayəndə göndərilməli idi. Bundan başqa, qanunda parlamentə Bakı Həmkarlar Təşkilatı Şurası tərəfindən 3, Bakı Sənaye-Ticarət tərəfindən isə 2 nümayəndənin göndərilməsi də nəzərdə tutulurdu. Parlamentin üzvlərinin deputat toxunulmazlığı vardı.
Dekabrın 7-də saat 13:00-da Hacı Zeynalabdin Tağıyevin Nikolayev küçəsində yerləşən keçmiş Qızlar Məktəbinin binasında (hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan parlamentinin təntənəli açılışı olub. Bu, bütün müsəlman şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament olub. Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri Məhəmmədəmin Rəsulzadə geniş təbrik nitqi söyləyib. Müsavat fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşı parlamentin sədri, doktor Həsən bəy Ağayev isə sədrin birinci müavini seçilib. Paris Sülh Konfransına yola düşmüş Əlimərdan bəy Topçubaşı səfərdə olduğu üçün parlamentin fəaliyyətinə Həsən bəy Ağayev rəhbərlik edib. Parlamentin ilk iclasındaca Fətəli xan Xoyski hökumətinin istefası qəbul edilib və yeni hökumətin təşkil olunması qərara alınıb.
Xatırladaq ki, hökumət və parlamentin çox ağır şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, elmin, təhsilin, xalq maarifinin, səhiyyənin inkişafını diqqət mərkəzində saxlayıb. 1918-ci ildə Xalq Maarif Nazirliyi yaradılıb ki, onun da əsas məqsədi ölkədə savadlılığın yüksək səviyyəsini təmin etmək və dəstəkləmək, xalqın mədəniyyətini təbliğ etmək olub. Nazirlik sayəsində ölkənin hər yerində məktəblər, gimnaziyalar, qızlar üçün məktəblər, uşaq bağçaları, qısamüddətli müəllim hazırlığı kursları, kitabxanalar açılıb, kənd yerlərində xəstəxanalar və feldşerlər şəbəkəsi yaradılıb, yoluxucu xəstəliklərə qarşı mübarizə aparılıb. Bu baxımdan 1919-cu il sentyabrın 1-də parlamentin qəbul etdiyi "Bakı Dövlət Universitetinin yaradılması haqqında” qanunu xüsusi qeyd etmək lazımdır. Milli universitetin açılması Cümhuriyyət rəhbərlərinin xalq qarşısındakı ən mühüm tarixi xidməti olub. Azərbaycan xalqının Cümhuriyyət ideyalarının qorunub saxlanmasında və müstəqilliyə yenidən nail olunmasında Bakı Dövlət Universiteti əvəzsiz rol oynayıb.
Ölkədə elmin və təhsilin inkişafına xüsusi diqqət yetirən parlament bu sahədə milli kadrların hazırlanmasının sürətləndirilməsi üçün böyük səylər göstərib. Hökumətin təklifi əsasında ölkə parlamenti Azərbaycan gənclərindən 100 nəfərin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi haqqında qanun qəbul edib. Parlamentin xaricə göndəriləcək gəncləri seçmək üçün M.Rəsulzadənin (Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov, Qara bəy Qarabəyov, Abdulla bəy Əfəndizadə) başçılıq etdiyi beş nəfərdən ibarət xüsusi müsabiqə komissiyasının yaradılması bu işə nə qədər böyük diqqət yetirildiyini göstərir. Komissiyanın qərarı əsasında 45 nəfər ali təhsil almaq üçün Fransaya, 23 nəfər İtaliyaya, 10 nəfər İngiltərəyə, 9 nəfər Türkiyəyə göndərilib. Rusiyada təhsil almaq üçün seçilən 13 vətəndaş müharibəsinin başlaması ilə əlaqədar ora gedə bilməyib.
Yaxınlaşan xarici müdaxilə təhlükəsinin qarşısını almaq üçün Cümhuriyyət parlamenti və hökuməti gənc respublikanın beynəlxalq aləmdə tanınması üçün çoxlu işlər görüb. Parlament 1918-ci il dekabrın 28-də Paris Sülh Konfransına parlamentin sədri Əlimərdan Topçubaşının başçılığı ilə xüsusi nümayəndə heyətinin göndərilməsi haqqında qərar qəbul edib. Azərbaycan nümayəndə heyəti böyük çətinliklərin öhdəsindən gələrək Azərbaycan Xalq Cümhuriyyətinin bir sıra böyük dövlətlər tərəfindən de-fakto tanınmasına nail olub.
Azərbaycan parlamentinin və hökumətinin daim diqqətini çəkən ən mühüm məsələlərdən biri də yaxın qonşularla münasibətlər məsələsi olub. Gürcüstanla münasibətlər gərgin işlərdən sonra yoluna qoyulsa da, Ermənistan hakimiyyətinin böyük ərazi iddiaları ucbatından Azərbaycan-Ermənistan münasibətləri normallaşa bilməyib.
Türkəsilli qacar sülaləsinin idarə etdiyi İran ilə bir sıra saziş və müqavilələr imzalanıb və bu sənədlər parlament tərəfindən ratifikasiya edilib.
Parlamentdə ümumilikdə 270-dən çox qanun layihəsi təqdim edilib, onlardan 230-a yaxını qəbul edilib. Qanunların hazırlanması, müzakirəsi və təsdiqində 11 fraksiya və qrupun deputatları iştirak edib.
Azərbaycan Xalq Cümhuriyyəti parlamentində 11 komissiya fəaliyyət göstərib: — Maliyyə-büdcə komissiyası, Qanunvericilik təklifləri komissiyası, Müəssislər məclisinə seçkilər keçirmək üzrə mərkəzi komissiya, Mandat komissiyası, Hərbi işlər üzrə komissiya, Aqrar məsələlər üzrə komissiya, Sorğular üzrə komissiya, Təsərrüfat-sərəncamverici məsələlər üzrə komissiya, Ölkənin istehsal qüvvələrindən istifadə üzərində nəzarət komissiyası, Fəhlə məsələləri üzrə komissiya və Nəşriyyat-redaksiya komissiyası. Komissiyalar parlamentin ümumi iclasında parlament fraksiyaları üzvlərindən təşkil olunub. Komissiyalara onun üzvləri arasından seçilmiş sədrlər rəhbərlik ediblər.
Qeyd edək ki, parlamentin fəaliyyəti xüsusi olaraq bu məqsəd üçün hazırlanmış nizamnamə – "Azərbaycan Parlamentinin nakazı (təlimatı)” əsasında idarə olunub.
Azərbaycan Cümhuriyyətinin banisi Məhəmmədəmin Rəsulzadə ölkənin ilk qanunverici orqanın fəaliyyətini belə şərh edib:
"Millət Məclisi məmləkətin bütün sinif və millətlərini təmsil edib, dövlətin tamamən taleyinə hakim idi. Onsuz heç bir əmr keçməz, heç bir məsrəf yapılmaz, heç bir müharibə başlamaz, heç bir barışıq imzalanmazdı. Hökumət məclisin etimadını qazananda qalır, itirəndə düşürdü. Ortada hakim olacaq vasitə – vəzifə yox idi. Parlament hakimi-mütləq idi”.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter