Bakının azad olunduğu gün qeyd olundu
15 sentyabr xalqımızın tarixində mühüm günlərdən biridir. 1918-ci ilin 15 sentyabr tarixində Bakı şəhəri bolşevik-daşnak işğalından azad olunub, Azərbaycan Cümhuriyyətinin paytaxtı elan edilib.
Bu möhtəşəm qələbənin 103-cü ildönümü münasibətilə Bakı, Naxçıvan, Gəncə, Sumqayıt və Şuşa şəhərlərinin mərkəzi küçələrində "Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır" devizi altında hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin yürüşü keçirilib.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə Bakı şəhəri Stepan Şaumyanın başçısı olduğu Bakı Xalq Komissarları Sovetinin bolşevik-erməni silahlı qüvvələrinin işğalı altında olduğundan milli hökumət müvəqqəti olaraq Gəncədə yerləşmişdi. Müstəqil Azərbaycan Bakısız başsız bədənə bənzəyirdi. Xalq Cümhuriyyəti hökumətinin başlıca vəzifəsi Bakını işğaldan azad etmək idi. Milli hökumətin ixtiyarında olan cəmi 600 nəfərlik qüvvə ilə Bakı Sovetinin 18 minlik qoşununa qarşı hərbi əməliyyatlar keçirmək isə mümkün deyildi.
Qafqaz İslam Ordusu isə sentyabrın 14-nə keçən gecə Bakı üzərinə başlanan növbəti hücumla qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdi. Sentyabrın 15-də isə döyüşlər o qədər də uzun sürmədi. Həmin gün Sentrokaspi Diktaturası məğlub oldu. Bakının azad olunması üçün Türk-Azərbaycan qüvvələrinin apardıqları iki günlük əməliyyat parlaq qələbə ilə başa çatdı.
Sentyabrın 16-da Bakı şəhərində Qələbə paradı keçirildi. Paradda Nuru Paşa, Xəlil Paşa, general Əlağa Şıxlinski, polkovnik Həbib bəy Səlimov, Azərbaycan parlamentinin, hökumətinin üzvləri və Bakı və ətraf kəndlərin sakinləri iştirak edirdilər.
Sentyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Gəncədən Bakıya köçürüldü.
Bu gün olduğu kimi, həmin dövrdə də Qərb və Rusiya Türkiyənin Cənubi Qafqaza ayaq basmasına qarşı çıxır, ciddi cəhdlə mane olmağa çalışırdı. Buna baxmayaraq Osmanlı Türkiyəsi qardaşlıq missiyasını axıra kimi yerinə yetirdi. Osmanlı qoşunları bu döyüşlərdə 1130 şəhid verdi.
1918-ci il sentyabrın 15-i Bakının işğalçılardan azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir.
1918-ci ilin 28 may-15 sentyabr tarixlərində və bu gündə müstəqil Azərbaycan Respublikasına qarşı düşmənlərin məkrli planına qarşı əsl qardaş qismində məhz Türkiyə çıxış etməkdədir.
Azərbaycan və Türkiyə bu günlər Bakının xilas olunmasının 103-cü ildönümünü işğaldan azad edilmiş Şərqi Zəngəzurda, Qarabağda qeyd edir, Şuşa Bəyannaməsini imzalayaraq qeyd edir.
Zamanında Azərbaycan və Türkiyəyə ədalətsiz yanaşanlar, bölgədə şəri və işğalı yayan qüvvələr indi Bakı-Ankara qardaşlığı qarşısında daha diqqətli olmalıdır. Unutmamalıdırlar ki, 44 günlük Vətən Müharibəsi regiondakı geosiyasi konfiqurasiyanı dəyişdi, türk əsgərini Şuşa Bəyannaməsi ilə Azərbaycana gətirdi. Bu gün artıq Azərbaycan və Türkiyənin bir-birinə qarşılıqlı hərbi-texniki, hərbi dəstəyi hüquqi sənəddə həkk edilib: “Türkiyə və Azərbaycandan hər hansı birinə üçüncü ölkə tərəfindən təhlükə olarsa, bu ölkələr bir-birini qorumaq üçün birgə addımlar atacaqlar”.
Beləcə, 15 sentyabr 1918-ci ildə Bakının azad olunması tarixindən düz 103 il sonra Azərbaycan və Türkiyə Qafqazda eyni qüvvələrə qarşı bu dəfə daha güclü və qüdrətli şəkildə mübarizə aparır...
“Muğanın səsi”