Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il 44 günlük Vətən müharibəsində müzəffər Silahlı Qüvvələrimiz tərəfindən parlaq qələbə əldə edildi. Bu möhtəşəm uğuru son 18 il ərzində qalibiyyətin beynəlxalq hüquqi normativ bazasının formalaşdırılması, informasiya blokadasının yarılması, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, milli iqtisadiyyatın gücləndirilməsi, ordu quruculuğunda həyata keçirilən islahatlar, qəhrəman zabit və əsgərlərimizin şücaəti, ən əsası isə dövlətimizin başçısının qətiyyəti şərtləndirdi.
Hərbi əməliyyatların bitməsindən sonra Prezident İlham Əliyevin mütəmadi olaraq işğaldan azad edilmiş rayonlara səfər etməsi dövlət başçısının bu məsələlərə nə dərəcədə həssas yanaşdığının sübutudur.
Növbəti belə səfərlər oktyabrın 17, 19 və 25-də baş tutub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva Füzuli, Zəngilan və Qubadlı rayonlarında olublar. Cənab Prezident abadlıq-quruculuq işləri ilə yanaşı, revanşist fikirlərdə olan düşmənə öz yerini də göstərdi.
Dövlət başçısı Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında da bir daha bütün dünyanı Azərbaycanın yaratdığı yeni reallıqlarla hesablaşmağa çağırdı.