Azərbaycan xalqının müdrik oğlu, təkrarsız şəxsiyyət Heydər Əliyevin anadan olmasının 98-cı ildönümüdür.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 98-ci ildönümü təkcə Azərbaycanda yox, onun hüdudlarından çox-çox uzaqlarda da geniş qeyd olunur. Dünya şöhrətli əbədi rəhbərimizin ölməz ideyaları bu gün bizi yeni-yeni zirvələrə aparır.
Unudulmaz rəhbər hələ sağlığında xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış, iti təfəkkürü, müdrikliyi, təkrarsız siyasi keyfiyyətləri ilə el-obamızı dünyada tanıtmışdır. O, qəti olaraq bəyan etmişdi: «Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur». Bundan işıqlı, bundan aydın siyasi ideya ola bilməz.
Heydər Əliyev xalqımızın ləyaqət və qeyrət simvolu, ən ağır vaxtlarda yeganə güvənc yeri olmuşdur. Azərbaycanın son yarım əsrə yaxın bir dövrünü əhatə edən tarixi taleyi bu illər ərzində xalqın içtimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi dahi şəxsiyyətin adı ilə bağlıdır.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir.
1941-ci ildən Heydər Əliyev Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, birinci müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir. Həmin illərdə o, Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.
Ulu Öndərimizin ən ali keyfiyyətlərindən biri onun milli ruha, milli maraqlara sadiq olması idi. 60-cı illərdə respublikanın Dövlət Təhlükəsizlik Komitəsində işləyən azarbaycanlıları barmaqla saymaq olardı. Böyük əksəriyyət başqa xalqların nümayəndəsi idi. Ən dəhşətlisi isə komitədə ermənilərin milli kadrlardan çoxluq təşkil etməsiydi. Bildiyimiz kimi, o vaxtlar SSRİ-nin tərkibində olan respublikalarda dövlət təhlükəsizlik orqanlarına milli kadrlar təyin olunmurdu. Lakin Ulu Öndərin yüksək təşkilatçılığı, iti təffəkürü o vaxtkı SSRİ rəhbərlərini Azərbaycanda həmin orqana sədr vəzifəsini Heydər Əliyevə etibar etmələrinə səbəb oldu. Onun bu təşkilata rəhbərlik etdiyi dövrdə isə təhlükəsizlik orqanlarında azərbaycanlı kadrların xüsusi çəkisi nəinki ildən-ilə, hətta aydan-aya artırdı.
Ulu Öndər xalqın milli maraqlarına zidd olan, milli ziyalılara qarşı yönələn aksiyaların həyata keçirilməsinə heç vaxt yol vermirdi, müxtəlif yollarla onu aradan qaldırmağa çalışırdı. Doğrudur, bir-iki nəfərin çıxışı və ya yazısı ilə sovet hakimiyyətinə qarşı durmaq, onun dayaqlarını sarsıtmaq mümkün deyildi, amma bunlar milli düşüncəli, vətənpərvər ziyalılar idilər. Ümümmilli Liderimiz Bəxtiyar Vahabzadəni, Xəlil Rzanı və onlarla milli düşüncə sahiblərini müdafiə edir və həbs olunmalarına imkan vermirdi.
Ötən əsrin 60-cı illərinin sonlarında Azərbaycan iqtisadiyyatının bir çox sahələrində, xususən sənayedə və kənd təsərrüfatında tənəzzül meyilləri müşahidə olunmağa başlamışdı. SSRİ rəhbərliyi bu mənfi meyillərin qarşısını almaq və respublikada inkişafa nail olmaq üçün optimal çıxış yolu axtarırdı və ən uğurlu variant tapıldı. Qısa müddət ərzində Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində mühüm dəyişikliklərə nail olmuş Heydər Əliyev 1969-cu il 14 iyul plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri oldu. 13 ildə Heydər Əliyevin təşəbbüsü ilə SSRİ rəhbərliyi Azərbaycanın iqtisadi inkişafı üçün böyük əhəmiyyətə malik 5 mühüm qərar qəbul etmişdir, 250-dən çox yeni fabrik, zavod tikilmişdir. Sənaye məhsulu istehsalının həcmi 4,3 dəfə artmışdı. Dünya Bankının tədqiqatlarına görə həmin dövrdə Azərbaycan ABŞ-dan sonra neft maşınqayırma məhsullarının istehsalı üzrə 2-ci yer tuturdu. Bakı Dəniz Özülləri, Bakı Kondisionerləri zavodlarının, “Azərelktromaş” İstehsalat Birliyinin tikintisinin Bakıya salınması Heydər Əliyevin ciddi səyi və nufuzu hesabına mümkün olmuşdu.
Kənd təsərrüfatında məhsul istehsalı 2,7 dəfə artmışdı. 1971-1975-ci illərdə 1965-1969-cu illərə nisbətən kənd təsərrüfatında məhsul istehsalı 34 faiz çox olmuşdu, 1976-1980-ci illərdə Azərbaycan kənd təsərrüfatının ümümi məhsulunun artımına görə İttifaqda 1-ci yerə çıxmışdı.
Həmin illərdə Azərbaycan elmi intibah dövrünü yaşamışdır. SSRİ-nin 170 aparıcı ali məktəblərinə hər il 1600-1800 gənc göndərilirdi. 1973-cü ildə Bakıda C.Naxçivanski adına hərbi məktəb açıldı. 1969-cu ildə respublikada 10 ali məktəb fəaliyyət göstərirdisə, 1982-ci ildə bu göstərici 18-ə çatmışdı.
1978-ci ildə yeni Konstitusiyada Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu. Bu totalitar cəmiyyətdə görünməmiş hadisə idi.
Mədəniyyət sahəsində görülən işlərin miqyası əvvəlki illərdən on dəfələrlə fərqlənirdi. 70-80-ci illərdə Nizaminin, Nəsiminin, Tusinin, Aşıq Ələsgərin, Aşıq Alının, Üzeyir Hacıbəyovun, Hüseyn Cavidin və onlarla başqalarının Kremlin sütunlu salonunda yubileyləri qeyd olundu. Bir vaxtlar “pantürkist” kimi damğalanaraq Sibirə sürgün edilmiş Hüseyn Cavidin cəsədinin qalıqları 1982-ci ildə İrkutsk vilayətindən gətirilərək Naxçıvanda torpağa tapşırıldı.
Azərbaycan 1970-1982-ci illərdə 12 dəfə müxtəlıf ümumittifaq yarışlarda qalib şıxaraq keçici qırmızı bayrağa layiq görüldü, nailiyyətlərinə görə Azərbaycan SSRİ-nin ən ali mükafatları, o cümlədən 1970-ci ildə “Oktyabr inqilabı”, 1972-ci ildə “Xalqlar Dostluğu” və 1980-ci ildə Lenin ordeni ilə təltif edildi. İkinci Dünya müharibəsində Bakı neftinin həlledici amilə çevrilməsi istiqamətində Heydər Əliyevin inadla apardığı təşkilati işlər nəticəsində 1978-ci ildə Bakıya Lenin ordeni verildi. Heydər Əliyevin ölkəmizə birinci rəhbərlik etdiyi 1969-1982-ci illərdə SSRİ-nin rəhbərləri, Sov.İKP MK-nın baş katibi Brejnev 2 dəfə respublikamıza səfər etmişdir. Onun hər səfəri Ulu Öndərin çox uzaqgörən siyasəti nəticəsində Azərbaycana SSRİ büdcəsindən əlavə vəsaitlər ayrılması ilə nəticələnirdi.
Sabirabad rayonunun da dirçəlişi həmin dövrə aiddir. Heydər Əliyev 1969-1982-ci illərdə Sabirabada 14 dəfə səfər edib, müstəqillik dövründə isə 1998-ci ilin oktyabrın 4-də rayona səfəri olmuşdur. Onun sayəsində bu rayonda 5 istehsal müəssisəsi açılıb, 31 orta məktəb, 5 xəstəxana, 12 mədəniyyət obyekti tikilib, Kür çayı üzərindən nəhəng körpü salınıb, İttifaqda analoqu olmayan Qrup Su kəməri kompleksi qurulub, əhaliyə təbii qaz verilib, onlarla çoxmərtəbəlı yaşayış və inzibati binalar inşa edilib. Bu günkü möhtəşəm mədəniyyət sarayı da digər tikililərlə bərabər dahi rəhbərin sabirabadlılara hədiyyəsidir. Ulu Öndərin təşəbbüsü ilə tikilən və onun iştirakı ilə 1976-cı ilin sentyabrın 3-də istifadəyə verilən mədəniyyət sarayında Heydər Əliyev 8 dəfə zona müşavirəsi keçirib.
Rayonda torpaqların meliorasiya edilərək yararlı hala salınması, taxılçılıq, pambıqçılıq və heyvandarlıq sahəsində əldə edilən nailiyyətlər onun gərgin zəhmətinin nəticəsində mümkün olmuşdur. Əməksevər insanların fərxi adlara, orden və medallara, rayonumuzda 5 nəfərin Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ada layiq görülməsi o dövrün unudulmaz xatirələridir. Heydər Əlıyevin rayonda keçirdiyi hər bir görüş, müşavirə və yığıncaq sözün əsl mənasında həyat məktəbi idi.
1982-ci ilin dekabrın 3-də Sov.İKP Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini vəzifəsində çalışmışdır. SSRİ-də ən çox quruculuq işləri həmin dövrdə görülüb. Baykal Amur Magistral dəmir yol xəttinin çəkilişinin təşəbbüskarlarından biri olmuş, 1986-cı ilin aprelin 26-da Ukraynada Çernobl Atom Elektrik Stansiyasında qəza baş verəndən sonra həmin ərazilərə ilk səfər edən, əsrin ən dəhşətli hadisəsi barədə geniş məlumat verən də Heydər Əliyev olmuşdur.
Ulu Öndər Moskvada işlədiyi illərdə də Azərbaycana böyük himayədarlıq edirdi. Məhz buna görə də, erməni millətçiləri Dağlıq Qarabağ məsələsini ortaya gətirməyə cəsarət etmirdilər. Həmin dövrdə Türkiyə mətbuatı yazırdı ki, türk oğlu Kremldə oturur. Erməni diasporu isə «Qarabağ məsələsinə başlamazdan əvvəl yuxarıdakı türk paşasının məsələsini həll etmək lazımdır» deyirdi. Şübhəsiz ki, ermənilər Heydər Əliyevin İttifaq rəhbərliyində təmsil olunmasından çox böyük narahatçılıq keçirirdilər. Ulu Öndər 1987-ci ilin oktyabrın 24-də Kremldə tutduğu vəzifəsindən istefa verdikdən sonra isə məlum aqambekyanlar və balayanlar Azərbaycana qarşı xain niyyətlərini həyata keçirməyə imkan tapdılar. Bu hadisədən 21 gün sonra M.Qorbaçovun məsləhətçisi erməni Aqanbekyan Fransada erməni icmasına Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə Qorbaçovun razılır verdiyini bildirdi. Ermənistandan qısa müddətdə (1988-ci ildə) 260 min soydaşımız didərgin salındı, hazırkı Ermənistanın 24,6 min kv. km ərazisindən azərbaycanlılar qovuldu, evləri talan edildi, 20 min nəfərdən çox soydaşımız öldürüldü və şikəst edildi.
Həmin dövrdə SSRİ hakimiyyəti ilə barabər respublika rəhbərliyində çalışan milli xəyanətkarlar ölkənin həyati əhəmiyyətli məsələlərini bir tərəfə qoyub Heydər Əliyevə qarşı çirkin kompaniya aparırdı. O ağır günlərdə 1990-cı ildə Heydər Əliyev Azərbaycandan uzaqda-Moskvada xüsusi nəzarət altında yaşayırdı. Ancaq 20 Yanvar faciəsinin ertəsi günü özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib sərt bəyanatla çıxış etməsi göstərdi ki, bu böyük şəxsiyyət üçün Vətənindən, Xalqından əziz heç nə yoxdur.
20 Yanvar qırğınından sonra Azərbaycan xalqının ümidi ancaq Heydər Əliyevə qalmışdı. Vəzirov, Mütəllibov dövründə Əliyevin respublikaya gəlməsinə şərait yaradılmaması nəticəsində O, 1990-cı ilin iyulunda ata yurdu Naxçıvana getdi. Heydər Əliyev sadəcə olaraq Naxçıvanda yaşamağa, muxtar respublika əhalisinin dərd-sərinə şərik olmağa qərar vermişdi. Ancaq Naxçıvan əhalisi onu Ümummilli Lider kimi qəbul etdi və muxtar respublikanın rəhbərliyinə gətirdi. O, 1991–1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Heydər Əliyev 1992-ci ilin noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilmişdir.
Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan səhifələri milli dövlətçilik ənənələrimizin dirçəldilməsi, muxtar respublikanın adından «Sovet Sosialist» sözlərinin çıxarılması, Azərbaycan Xalq Cumhuriyyətinin üçrəngli bayrağının bərpa olunması, 1990-cı ilin 20 Yanvar fəciəsinə siyasi qiymət verilməsi, Naxçıvan əhalisinin SSRİ-nin saxlanılması barədə referendumdan imtina etməsi, muxtar respublika ərazisində kommunist partiyası yerli orqanlarının fəaliyyətinin dayandırılması, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik günü elan olunması silinməz tarixdir. Bu qısa dövr indi də xalqa xidmətin misilsiz nümunəsi kimi xarakterizə edilir.
Əvvəli 2-ci səhifədə
Vaxtilə meydanlarda demokratiyadan, insan hüquq və azadlığından ağızdolusu danışan AXC-Müsavat cütlüyü siyasi hakimiyyəti ələ keçirdikdən sonra dövləti bolşevizm üsulları ilə idarə etməyə başladılar. Belə bir şəraitdə cəmiyyətdə vətəndaş həmrəyliyi üçün zəruri olan ictimai razılıq sarsıldı, hakimiyyətin və əhalinin ayrı-ayrı qrupları arasında narazılıq və qarşıdurma gücləndi. Ölkəni xaos və anarxiya bürümüşdü.
Müstəqilliyimizin ilk illəri Azərbaycan üçün çox ağır keçdi. Vaxtı ilə Heydər Əliyevin qurub-yaratdıqlarını dövlət quruculuğunda və idarəçiliyində heç bir səriştəsi olmayanlar talan etdilər. Bu azmış kimi cəmiyyətin ayrı-ayrı zümrələrinə də münasibət dəyişdi. İkinci Dünya müharibəsi veteranlarına az qala düşmən kimi baxırdılar. Vaxtı ilə respublikamızın inkişafı üçün böyük əmək sərf edən, adlı-sanlı insanlar unuduldu. Hər şeyə, hər kəsə bolşevikcəsinə yanaşılırdı. Xalq aclıqla da imtahana çəkilmişdi. Daha insanlar cana doymuşdular. Geri çəkilməyə yer yox idi, sanki uçrumun bir addımlığında dayanmışdılar.
AXC-Müsavat iqtidarının siyasi səriştəsizliyi və savadsızlığı üzündən ölkədə yaranmış dərin problemlər müstəqilliyimizin və dövlətçiliyimizin mövcudluğunu təhlükə altına alanda xalq təkidlə Ulu Öndər Heydər Əliyevi ölkəni xilas etmək üçün Naxçıvandan Bakıya dəvət etdi. Vaxtı ilə Heydər Əliyevin adı gələndə qulaqlarını tutan, ölkəni iflic vəziyyətə salmış, Surət Hüseynovun quracağı dar ağacından qorxuya düşən bəylər onun Naxçıvandan Bakıya qayıtması üçün dəfələrlə təyyarə göndərdilər.
Ulu Öndər xalqın təkidli tələbi ilə 1993-cü ilin iyunun 9-da Bakıya gəldi. Xalq öz xilaskarını böyük sevinclə qarşıladı. O ertəsi gün Gəncəyə getdi. Həmin dövrdə artıq vətəndaş müharibəsi başlamışdı, Gəncədə qardaş qanı axıdılmışdı. Öyrəndi ki, Gəncədə 35 nəfər öldürülüb, 150 nəfər ağır yaralanıb. Bütün bunlar barədə O, Ali Sovetin iyunun 14-dəki iclasında geniş məlumat verdi.
Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. 3 gün sonra isə ölkə Prezidenti Əbülfəz Elçibəy vəzifəsini “dondurub” Kələkiyə getdi. Belə çətin bir stuasiyada Heydər Əliyev iyunun 24-də Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə başladı. 1993-cü ilin oktyabrın 3-də isə Heydər Əliyev yekdilliklə ölkə Prezidenti seçildi.
İnsanların hava qaralandan sonra küçəyə çıxmağa ürək etmədiyi, sabaha inamsızlıqdan doğan qorxu və təlaşın hökm sürdüyü, kriminal qüvvələrin adamları vahimə içərisində saxladığı bir dövrdə hakimiyyət sükanı arxasına keçən Heydər Əliyev Azərbaycan xalqını və dövlətini rüsvayçılıqdan və məhv olmaqdan xilas etdi.
Amma Azərbaycan dövlətçiliyini, müstəqilliyini istəməyən qara qüvvələr də var idi. Onlar «sapı özümüzdən olan baltalar»ın əli ilə Azərbaycanda yeni yaranmış sabitliyi pozmaq, öz məkrli niyyətlərini həyata keçirmək üçün 1994-cü ilin oktyabrın 4-5-də və 1995-ci ilin martin 13-17-də dövlət çevrilişinə cəhdlər etdilər. Lakin Xalq-Heydər Əliyev birliyi və həyata keçirilən müdrik siyasət bu cəhdlərin qarşısını qətiyyətlə aldı və ölkəmizdə siyasi sabitlik təmin edildi.
Mahir diplomat və böyük idarəçilik ustadı olan Heydər Əliyev ölkəni böhrandan qurtarmağın əsas yolunu daxili ictimai-siyasi sabitliyin təmin edilməsində və cəbhədə atəşkəsə nail olunmasında görürdü. Ulu Öndər bunları ardıcıllıqla həyata keçirirdi. 1994-cü ilin mayın 12-də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsində atəşkəs elan olundu. Müharibədə şəhid olanlar minlərlə idi, təkcə Sabirabad 225 şəhid vermişdi, onlardan 2 nəfəri Milli Qəhrəman adına layiq görülmüş, 4 nəfəri “Azərbaycan bayrağı” ordeni ilə təltif edilmişdir.
Ölkədə sabitlik və əmin-amanlıq yaradıldıqdan sonra iqtisadi-siyasi islahatların həyata keçirilməsinə yönəlmiş addımlar atıldı. Sentyabrın 20-də isə Azərbaycan Dövlət Neft Şirkəti ilə Beynəlxalq Konsorsium arasında «Əsrin müqaviləsi» imzalandı. Sonralar reallaşdırılan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz ixrac kəmərləri kimi dövlət müstəqilliyimizin əbədiləşdiriliməsinə zəmanət verən möhtəşəm layihələr bu addımların məntiqi nəticəsi idi.
1995-ci ilin noyabrın 12-də Heydər Əliyevin rəhbərliyi ilə Milli Konstitusiyamız qəbul edildi. Torpaq islahatı keçirildi, dövlət əmlakının özəlləşdirilməsi aparıldı. Geniş hüquqi baza yaradıldı, 600-dən çox yeni qanun qəbul edildi. 1998-ci ilin martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalandı, elə həmin il mətbuatda senzura ləğv edildi, ölüm hökmü aradan qaldırıldı. Xarici siyasət sahəsində də böyük uğurlar əldə olundu. Azərbaycanın Avropa Şurasının tam və bərabərhüquqlu üzv qəbul edilməsi milli maraqlarımızın daha geniş miqyasda təmin edilməsinə növbəti zəmin yaratdı. 2001-ci ildən AŞPA-dakı daimi nümayəndə heyətinin ilk rəhbəri İlham Əliyevin prinsipiallığı və təşəbbüskarlığı nəticəsində Avropa miqyaslı bu qurum Ermənistanı işğalçı dövlət kimi tanıyan ilk rəsmi beynəlxalq sənəd qəbul etdi.
Heydər Əliyev bir sıra beynəlxalq mükafatlara, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri adlara layiq görülmüşdür. O, dörd dəfə Lenin ordeni, “Qırmızı Ulduz” ordeni və çoxlu medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını almış, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunmuşdur.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin milli maraqların təmin edilməsi istiqamətində həyata keçirdiyi titanik siyasi fəaliyyəti barədə söz açarkən, ilk növbədə bu günümüzün reallıqlarını qeyd etmək zərurəti yaranır. Belə ki, 2003-cü ildən indiyədək Azərbaycan xalqının etimadını böyük bacarıqla doğrultmuş Möhtərəm Prezident İlham Əliyev xalqa xidmət etməyin Heydər Əliyev nümunəsinə möhtəşəm bir sədaqət nümayiş etdirir.
Üzərinə tarixi missiyalar düşən, öz dəsti-xətti, həyat yolu, bacarıqları ilə seçilən şəxsiyyətlər böyük zaman kəsiyində yaranır və mənsub olduğu xalqlar üçün uca tanrının töhfəsi kimi qəbul olunur. Layiqli davamçılar bu şəxsiyyətlərin yolunun işıqlı gələcəyinin təminatçısıdırlar. Bu gün biz bu tarixi gerçəkliyi möhtərəm Prezident İlham Əliyevin şəxsində təcalla etdiyinin şahidiyik. Onun peşəkar siyasi, diplomatik və böyük sərkərdəlik qabiliyyəti hakimiyyətdə olduğu ilk illərdən özünü göstərməklə uğurlu nəticələr verdi və Ulu Öndərin siyasi kursuna sadiqliyin bəhrəsini vermiş oldu.
İlham Əliyevin 17 illik prezidentlik fəaliyyətinə nəzər saldıqda biz Heydər Əliyevin müəyyən etdiyi strategiya ilə yanaşı, onun həm də müasir dövrün tələblərinə uyğun uğurlu siyasi rəhbərlik fəaliyyətinin şahidi oluruq. Bununla da zamanın tələblərinə çevik reaksiya verən, yüksək erudisiyaya və idarəetmə bacarığına malik, xalqına bağlı lider olduğu bir daha təsdiqini tapır. Bu gün möhtərəm Prezidentin rəhbərliyi ilə müstəqil Azərbaycan dünya dövlətləri sırasında özünəməxsus layiqli yeri ilə seçilir. Son 17 ildə ölkəmiz dinamik inkişafı, sürətlə modernləşməsi, qlobal yerli və beynəlxalq layihələrin həyata keçirilməsi, Azərbaycanın dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir.
Heydər Əliyev deyirdi: "Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar".
Bu müdrik kəlamlar İlham Əliyevin bütün hakimiyyəti dövründə fəaliyyəti və gördüyü işlərdə daim rəhbər tutulmuşdur. Onun rəhbərliyi ilə Azərbaycan dünya tarixində yeni gerçəklik yaratdı və tarixən Azərbaycana məxsus Qarabağ torpaqları hərb gücümüz sayəsində işğalçıdan azad edildi. Məkirli düşmənin bütün hiylə və yalanlarının, hərbi gücünün tükənməsi üçün 44 günlük mübarizə kifayət etdi. Sirr deyil ki, Azərbaycan bu zəfəri hərbi gücü sayəsində əldə edib.
Müzəffər Ordumuz hərbi qüdrətini və döyüş qabiliyyətini hələ 2016-cı ilin aprelində həm düşmənə, həm də dünyaya göstərmiş oldu. Bu döyüşlərin yekununda Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərinin bir qismini, Lələtəpə yüksəkliyini, ümumilikdə 2 min hektardan çox torpağı işğalçılardan təmizləyərək böyük bir əraziyə nəzarəti ələ keçirdi.2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi işğalçı düşməndən azad edildi, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirildi, Yerevan–Gorus–Laçın yolu nəzarətə götürüldü.
27 sentyabr 2020-ci il tarixdə Azərbaycan ordusunun əks hücumu ilə son 30 ildə ortaya çıxmış bütün sualların cavabı oldu. Prezident İlham Əliyevin dediyi kimi: "Həmişə deyirdim ki, Dağlıq Qarabağ probleminin hərb yolu mümkündür və biz bunu icra etdik!"
Böyük qələbə bilavasitə dövlət başçısının mükəmməl siyasi savadı, strateqliyi, güclü təfəkkürü, diplomatik ustalığı, dəmir iradəsi sayəsində qazanıldı. Sadalanan keyfiyyətlər sayəsində hərb meydanından əlavə, siyasi arenada da üstünlük birbaşa Azərbaycanın tərəfinə keçdi.Hamımız qürurla şahidi olduq ki, beynəlxalq KİV-də dünya ermənilik və erməni faşizmi üzərində mübarizəni İlham Əliyev sona qədər uğurla yerinə yetirdi. Mövcud durumda ikili standartlara söykənən "bəzi ermənipərəst dairələr” hərbi əməliyyatlara müdaxilənin mümkünsüzlüyünü dərk edərək özlərini diplomatiya və informasiya müharibəsində sınamağa cəhd etdilər. Onların əsas məqsədi Azərbaycanı sülh danışıqlarını pozaraq müharibəyə başlayan, Türkiyə ordusundan kömək alan, demokratiyanı pozan, döyüşlərdə əcnəbi muzdlulardan istifadə edən, qadağan olunmuş silahları tətbiq edən, erməniləri Qarabağdan qovmağa çalışan bir dövlət kimi təqdim etmək, böhtanlar yaymaqla Azərbaycanın siyasi nüfuzuna xələl gətirmək idi.
Lakin hər zaman mətbuata açıq, jurnalistlərin istənilən suallarına cavab verməyə hazır olan İlham Əliyev müharibə dövründə 30-a yaxın nüfuzlu televiziya, informasiya agentliyinə və qəzetə müsahibə verdi.
Bunların sırasında "Ewronevs”, "Əl-Cəzirə”, "Sky News”, "Fiqaro”, "France - 24”, Rusiyanın RBK, ABŞ-ın "Fox News”, Almaniyanın ARD televiziya kanallarını qeyd etmək olar. Adı çəkilən media qurumları ilə müsahibələrin demək olar ki, hər birində Azərbaycana qarşı məkr, düşmənçilik verilən suallarda açıq-aşkar görünürdü. Cənab Prezident özünəməxsus siyası manevr qabiliyyəti ilə onların hər birini öz ölkələrindəki vəziyyətdən misal çəkərək, habelə tarixi faktlarla susdurmağı bacarıb.
Qətiyyət, sonsuz inam sayəsində Azərbaycan qalib dövlət kimi dünya tarixinə düşdü. Artıq hər bir azərbaycanlı harda olmasından asılı olmayaraq qürurla başı dik, sinəsi fəxarətlə dolu gəzir. Bütün bunlar ömrünü xalqına həsr edən 17 illik gərgin əməyin sahibi, hər bir azərbaycanlının Prezidenti İlham Əliyevin misilsiz xidmətləri nəticəsində mümkün oldu. İndi bütün Azərbaycan bu möhtəşəm qələbəyə görə Ali Baş komandana minnətdardır.
Ruhun şaddır, Ulu Öndər! Bu gün Azərbaycan layiqli davamçın İlham Əliyevlə arzuladığın və hər zaman səsləndirdiyin kimi, öz müqəddəratını özü həll edir, müstəqilliyini qoruyur və güclüdür! Biz fəxr edirik ki, Azərbaycanlıyıq!
İlham ƏSGƏROV