Hiperqlikemiya – qanda qlükozanın normadan çox artmasıdır. İnsanlar elə bilir ki, qanda şəkər yüksəlirsə bu artıq şəkərə gedən yoldur və bu dəyişiklik ancaq diabet xəstələrində ola bilər.
Heç də bütün qanda şəkəri yüksək olan insanlar diabet xəstəsi hesab edilmir.
Hiperqlikemiya, yəni qlükoza artımı bir çox digər patoloji proseslərdə də ola bilər. Bu həkim üçün ciddi məqamdır. Çünki yanlışlıqla xəstəyə diabet diaqnozu qoymaq olmaz.
Kliniki göstərişlərə görə, diabet 2 dəfə səhər acqarına şəkərin 7,0 mmoldan yuxarı olması zamanı hesab olunur.
Lakin hətta bu rəqəmin olması belə konkret olaraq diabet diaqnozu qoymağa əsas deyil.
Çünki hazırda insanların çoxunda stresə bağlı hiperqlikemiya yayılıb. Bu vəziyyət bir çox patoloji problemlərdə də yarana bilər.
Məsələn, ağır əməliyyatdan sonra, hamiləlikdən sonra, infarkt, insult, beyin qansızması, ağır infeksiyalar, koronavirusdan sonra və s.
İnfarkt xəstələrinin 60%-də stress şəkəri var. İnsult keçirmişlərdə də şəkər yüksəlir.
Bu xəstələrdə şəkərin səviyyəsi 7,5-16 mmol arası dəyişir.
Eləcə də yüksək şəkər Kuşinq sindromu, hormonal problemlər, zob xəstəliklərində, bəzi dərmanların qəbulundan sonra baş verə bilər.
Stress hiperqlikemiyası zamanı qana çox miqdarda böyrəküstü vəz hormonları: adrenalin, kortizol, noradrenalin sıçrayır. Bu hormonlar insulinrezidesdentlik yaradır, qanda qlükozanı yüksəldir, insulinə təsir edir.
İlk başda bu orqanizmin kompensator mexanizmidir ki, hüceyrələrə stresslə mübarizədə kömək edir. Çünki qlükoza enerji mənbəyidir.
Lakin uzun müddət bu hal davam etdikdə orqanizmdə paralel olaraq digər patoloji reaksiya işə düşür və hüceyrələrin zədələnməsi baş verir. Mədəaltı vəz daha işinin öhdəsindən gələ bilmir və bu zaman doğrudan da diabet yaranır.
Necə ayırd etməli?
Evdə şəkər ölçən aparatla səhər acqarına qanda şəkər ölçülür. Əgər göstərici 7,0 və yuxarıdırsa, təlaşlanmayın. 2 gün sonra yenidən səhər acqarına şəkər ölçülür. Eləcə də qandan qlikohemoqlobin analizi verilir./Muganinsesi.az/