Məlum olduğu kimi, dünən Bakı Dövlət Universitetinidə (BDU) rektorun müşaviri və komendantı bıçaqlanıb. Qeyd edək ki, BDU-nun artıq əməkdaşları Mirzə Mirzəyev və Şahlar Bəgalıyevin bıçaqlanmasının təfərrüatı da açıqlanıb. Belə ki, hadisəyə səbəb universitetin iki əməkdaşını bıçaqlamaqda şübhəli bilinən İsmixan Mirzəyevin əmək müqaviləsinin uzadılmaması göstərilib.
Qanlı olayın əsas səbabkarı İsmixan Mirzəyevlə bağlı araşdırma apararkən sensasion məlumatlar üzə çıxıb.
Həmin məlumata görə, İsmixan Mirzəyev Bakı Dövlət Universitetinin keçmiş rektoru, sabiq deputat Abel Məhərrəmovu məhkəməyə vermişdi. İyunun 9-da keçirilən Yasamal Rayon Məhkəməsində bəlli olmuşdu ki, BDU-nun keçmiş rektoru, sabiq deputat Abel Məhərrəmov evində və obyektlərində tikinti-təmir işləri gördürsə də, işləri görən insanların pullarını ödəməyib. Ona görə də hakim Abel Məhərrəmovun üzərinə iddiaçı İsmixan Mirzəyevə 811 min manat ödəmək öhdəliyi qoyub.
İsmixan Mirzəyevin iddiası əsasında Abel Məhərrəmovla yanaşı, BDU-nun keçmiş prorektoru Nəbi Ramazanlı da cavabdeh qismində prosesə cəlb olunub. Çünki Abel Məhərrəmovun imarət və obyektlərinin tikintisinə sabiq prorektor rəhbərlik edib. İsmixan Mirzəyev çox vaxt danışıqları onunla aparıb. Onun iddia ərizəsində göstərilib ki, BDU-nin keçmiş rəhbəri paytaxtda 4 mərtəbəli ev tikdirib. Həmin evin pilləkənlərinin yığılması, istilik sisteminin quraşdırılması və s. işlərin görülməsini İsmixan Mirzəyevin rəhbərlik etdiyi komandaya həvalə edib. Həmin işlər görülüb təhvil verilsə də, pulun indiyədək ödənilmədiyi bildirilir. Yaxud da Abel Məhərrəmova məxsus olduğu iddia edilən “Mona Liza” şadlıq sarayında mebel işləri gördürülsə də, ustalar hələ də əmək haqqını ala bilmədiklərini deyirlər. Hətta Abel Məhərrəmovun Mərdəkandakı, Xaçmaz rayonunun Nabran qəsəbəsindəki bağ evlərində quraşdırılmış mebellərin, başqa obyektlərində görülən işlərin, istifadə olunan materialların də pulunun ödənilmədiyi məhkəmədə bildirilib.
Bütün bunlar isə məhkəmədə quraşdırılan kameraların yaddaşına köçürülüb. Lakin hakim Vahid Hacıyevin məhkəmə zalında qətnamənin “qət etdi” hissəsi oxunsa da, sonradan sabiq rektorun əleyhinə qətnamə geri oxunub.
İyunun 10-da isə Abel Məhərrəmovun vəkili Altay Əfəndiyev gununsesi.infoya müraciət edərək məhkəmə qətnaməsinin müvəkkilinin xeyrinə çıxarıldığını deyib: “Yasamal Rayon Məhkəməsinin Abel Məhərrəmova qarşı 800 minlik iddia üzrə qətnamə çıxarması barədə xəbər dəqiq deyil. Abel Məhərrəmovun vəkili olaraq, mən sizə bildirim ki, məhkəmədə şikayət rədd edilib, bununla bağlı vahid məhkəmə portalında məlumat əks olunub”.
Şikayətçi tərəf olan İsmixan Mirzəyev bu olaydan şoka düşdüyünü deyib: “Qətnaməni elan edəndən sonra hakim Vahid Hacıyev dedi ki, iddia təmin olunur. Hətta cavabdeh tərəfin vəkili Altay Əfəndiyevə üzünü tutaraq bildirdi ki, apelyasiya şikayəti etmək hüququnuz var. Sonradan hakim otağına gedib, başqa şey yazıb. Və biz də sevincək məhkəmə binasını tərk etdik. Lakin hakim otağına gedəndən sonra qərarı tamamilə dəyişib, qətnaməyə başqa şey yazılıb. Abel Məhərrəmovun qardaşı Ədliyyə Nazirliyində yüksək vəzifə tutur. Görünür, bu amilin rolu oldu. Biz mübarizəmizi sonadək aparacağıq”.
Beləliklə, işin digər maraqlı tərəfi Abel Məhərrəmovla məhkəm çəkişməsində uduzan İsmixan Mirzəyevin BDU rektoru Elçin Babayevin müşaviri və komendantı ilə qanlı insidentidir. Görəsən, tərəflər nəyi bölüşə bilməyiblər?
Digər bir məqam isə BDU-da ciddi intriqaların baş verməsi ilə bağlıdır. Yəqin ki, müvafiq güc strukturları bu şok olayı dərindən araşdıracaq və öz hüquqi qiymətini verəcək.
Biz isə öz növbəmizdə araşdırmalarımızı davam etdirəcəyik.
/Konkret.az/