Bakı Ağır Cinayətlər Məhkəməsində mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
“Report” xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası iyunun 1-nə təyin edilib.
Qeyd edək ki, mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlunun vəzifə səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, vətəndaşların hüquqlarına mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələrinə dair məlumatlar əldə edilib.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2020-ci il mayın 8-də məhkəmənin qərarı əsasında Rafiq Bayramov və Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.
Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Zakir Sultanovun cinayət işi ayrıca icraata ayrılıb.