• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Nazirlikdəki işini itirdi, xanımı müğənniliyə başladı, sonra... - Bakıdakı DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

  • 15.04.2021, 19:31, Baxış sayı:
  • 454
Nazirlikdəki işini itirdi, xanımı müğənniliyə başladı, sonra... - Bakıdakı DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI
Aprelin 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin 3 sentyabr tarixində gecə saat 2 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Salt” motelində Binəqədi rayon sakini Şəhanə Şamilovanın əri tərəfinən icarəyə götürülmüş otaqda bıçaqlanaraq öldürülməsi hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesin yekununda hadisəni törədən Murad Şamilov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirli bilinib və o, 18 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə prosesində hadisənin səbəbi, qətlə kimi baş verənlər barədə bir sıra məqamlar üzə çıxıb.
Nazirlik ləğv edildi, işsiz qaldı
Bəlli olub ki, 1982-ci ildə Salyanda anadan olmuş, Bakı şəhər Biləcəri qəsəbisində qeydiyyatda olmaqla yaşayan Murad Şamilov ali təhsilli olub. O, 2005-ci ildə Şəhanə ilə ailə həyatı qurub, 2009-cu ildən isə Nəqliyyat Nazirliyində işləməyə başlayıb və nazirliyin baş məsləhətçisi olub. 2015-ci ildə nazirlik rəhbərliyində baş verən dəyişiklik və daha sonra nazirliyin ləğvindən sonra isə Muradın da həyatında çətinliklər başlayıb və o, işdən çıxarılıb. Bundan sonra maddi sıxıntılar keçirən və kredit borcu olan Murad Şamilov Biləcəridəki evini satmalı olub, eyni zamanda ailədə də mübahisə və münaqişələr artmağa başlayıb. 2016 və 2017-ci illərdə Şəhanə Şamilova ərindən boşanmaq istəməsi ilə bağlı məhkəməyə müraciət etsə də, sonradan Muradın istəyi ilə barışıq əldə edilib. Həmin dövrdə mübahisələrə əsas səbəb Şəhanənin müğənnilik etməsi, toylara gedib pul qazanmaq istəməsi və Muradın onu qısqanması olub. Lakin Murad onu toylara özünün aparacağını, çıxış edərkən yanında olacağını, instaqram səhifəsi açmayacağını və sair şərtlər irəli sürüb. Şəhanə bununla razılaşıb və onlar 2020-ci ilin iyun ayınadək kirayə tutduqları evlərdə birgə yaşayıblar. Bu müddət ərzində toylara və digər məclislərə də birgə gediblər. Lakin eyni mövzular səbəbindən ailədə qısqanclıq münaqişələri davam edib, COVID-19 pandemiyası səbəbindən müğənnilik işinin də dayanması ilə və ötən ilin yayında qadın 3 övladı ilə birlikdə Xırdalandakı ata evinə köçüb. Bir müddət ailəsinin yanına gedib, qayınatasının evində qalsa da, Murad 3 həftə sonra oranı tərk edərək anasının evinə köçüb.
"İşə düzəltmə planı"
İstintaq materiallarından aydın olur ki, Şəhanə Şamilova 2020-ci ilin yayında ata evinə qayıtdıqdan sonra yenidən Binəqədi rayon Məhkəməsinə müraciət edərək boşanmaq istədiyini bildirib, bundan sonra Muradın telefonuna sms-bildiriş gəlib. Həmçinin Şəhanə daimi işlətdiyi telefon nömrəsini də sındırıb və Muradla yalnız övladlarındakı telefonlar vasitəsilə əlaqə saxlayıb. Şəhanənin gizli başqa nömrə işlətdiyini, sərbəst müğənnilik etmək niyyətini görən Murad onunla yenidən barışmağa cəhd edib. Bu məqsədlə o, Şəhanəyə keçən ilin avqust ayının sonlarında Şıxov qəsəbəsi ərazisində dəniz kənarında yerləşən “1001 Gecə” restoranında daimi müğənnilik işi tapdığını, bundan sonra birgə oraya gedib, birgə qayıdacaqlarını və beləliklə ailə münasibətlərini də bərpa edə biləcəklərini deyib. Şəhanə Şamilova ərinin bu təklifi ilə razılaşıb və ona məxsus “Ranault Megane” markalı avtomobillə Xırdalandan Şıxova yola düşüb. Yola düşməzdən əvvəl Şəhanənin anası qızının Muradla tək getməsindən narahat olduğu üçün nəvələrindən birini onlara qoşmaq istəyib. O, nəvəsini geyindirib həyətə göndərərk atası ilə görüşməsini və onlarla birgə getməsini deyib. Lakin Murad avtomobilin arxa oturacaqlarının olmamasını və iş görüşməsinə getmələrini deyərək qızını geri qaytarıb.
Restorandan motel otağına...
Murad Şamilov ifadəsində bildirib ki, “1001 Gecə” restoranına getməzdən əvvəl oranın inzibatçısı ilə danışıb. Lakin inzibatçı hazırda 2 müğənninin işlədiyini, 3-cü müğənniyə ehtiyac olmadığını deyib. Murad isə ona hər gün üçün özündən əlavə 20 manat verəcəyini, arvadının səsinin yaxşı olduğunu deyib və işə götürməsini, Şəhanə ilə restorana gələrkən onun dediklərinə uyğun cavablar verməsini xahiş edib. Belə də olub, restoranda 2 mahnı oxuyan Şəhanə inzibatçının razılığını əldə edib və ona növbəti gün saat 18-də işə gəlməsi bildirilib. Bundan sonra Muradla Şəhanənin əhvalı daha da yaxşılaşıb və onlar Şıxovdakı restoranı tərk ediblər. Şəhanənin daimi işlə təmin edilməsi "planı"nı uğurla yerinə yetirən Murad həyat yoldaşına restoranlardan birində oturub yemək yeməyi təklif etsə də, gecə saatlarında əksər yerlər bağlı olub. Bundan sonra o, Şəhanəyə Binəqədi rayonu ərazisindəki “Salt” moteldə oturub yemək yeyə biləcəklərini deyib, Şəhanə də bununla razılaşıb.
Motelə gəldikdə oranın inzibatçısı 12 saatlıq gecələmə üçün 25 manat, sifariş etdikləri tabaka yeməyi üçün isə 10 manat ödəyəcəklərini bildirib. Muradın üstündə lazımı qədər pul olmadığından, həm də pivə, çipsi və digər ərzaqlar almaq üçün o qısamüddətlik moteli tərk edərək yaxınlıqdakı anasıgilin evinə gəlib. Burada o, anasından pul alaraq geri qayıdıb. Lakin evdə haraya, kimin yanına getməsi barədə heç nə deməyib.
Xoşbəxt anlardan bir anlıq dönüş
İfadələrdən məlum olur ki, M.Şamilov həyat yoldaşı ilə moteldə yemək yeyib və pivə içib. Onların münasibətləri tədricən yaxşılaşdığından aralarında isti münasibət yaranıb və birgə xoş vaxt keçiriblər. Lakin bir müddət sonra əvvəlki baş vermiş münaqişələr, boşanmaq istəkləri, xəyanət iddiaları və sair mövzular səbəbindən onlar dava etməyə başlayıb. M.Şamilov 18 bıçaq zərbəsi ilə həyat yoldaşını qətlə yetirib. Hadisə vaxtı M.Şamilov da qolundan xəsarət alıb. O, həyat yoldaşını öldürdükdən sonra ayaqyalın şəkildə motelin karidoruna çıxıb, işçilər onun qan içində olduğunu görərək kömək etməyə çalışıb. Murad isə otaqdakı qadına kömək etmələrini xahiş edib.
O, ifadəsində bıçağı motel otağında tapdığını bildirib. Lakin motel işçiləri ifadələrində onların istifadəsində, xidmət heyətində belə bir bıçağın olmadığı və otaqda da belə bir əşyanın qala bilməyəcəyini deyiblər. Yekunda iri kəsici alətin M.Şamilovun özü tərəfindən motelə gətirildiyi dəqiqləşib.
Hadisədən sonra M.Şamilov 6-cı Polis Şöbəsinə gedərək təslim olub.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter