44 günlük Vətən müharibəsindən sonra da atəşkəs dövründə Azərbaycan ordusu Qarabağda bir neçə itki verib. "Qafqazinfo" xəbər verir ki, bu gün Baş Prokurorluğun açıqladığı rəsmi məlumata görə, 10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 5 hərbi qulluqçu, 9 mülki şəxs həlak olub, 52 hərbi qulluqçu, 8 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Göründüyü kimi, itkilərimizin olmasının başlıca səbəbi isə ermənilərin 30 il müddətində işğal altında saxladığı torpaqlarımızı minalamasıdır. Bu günə kimi də düşmən minalanan ərazilərin xəritəsini Azərbaycana təqdim etmir. Bunun nəticəsində elə atəşkəsin ilk günlərində polkovnik Babək Səmidli Suqovuşan istiqamətində mina partlaması nəticəsində şəhid oldu.
Bu ilin yanvar ayında Ömər aşırımında iki hərbi qulluqçumuz Ramiz Mustafayev və Alıxan Qaragözov, daha sonra Şuşa istiqamətindəki qəzada iki hərbi qulluqçumuz həlak olub. Bu günlərdə Ağdamda partlayış nəticəsində əsgər Qubad Zeynalov həlak olub.
Qeyd edək ki, minadan ölüm halları zamanı həmin şəxslər Müdafiə Nazirliyinin açıqladığı rəsmi məlumatlarda "həlak oldu" kimi təqdim edilir. Sosial şəbəkə istifadəçiləri isə döyüş bölgəsində həlak olanların hamısına şəhid statusu verilməsini doğru hesab edir.
Ən sonuncu fakt üzərindən məsələyə yanaşsaq, əsgər Qubad Zeynalov şəhid hesab edilirmi?
Bununla bağlı Müdafiə Nazirliyindən "Qafqazinfo"ya bildirilib ki, sözügedən hadisə barədə hazırda araşdırma gedir. Bununla yanaşı, hadisənin nəticəsi bilinmədən şəxsə status verilmir.
Mövzu ilə bağlı hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov da "Qafqazinfo"ya açıqlamasında qeyd edib ki, burada əsas məqam hərbi qulluqçunun hansı şəraitdə dünyasını dəyişməsidir: "Həmin ərazilərdə təhlükəsizlik tədbirləri görməklə bağlı şəxsi heyətə gündəlik tapşırıqlar verilir. Bildirilir ki, hansı istiqamətlərdə getmək olar və ya olmaz. Əgər hərbi qulluqçu hər hansı bir tapşırığı yerinə yetirməlidirsə, oranı əvvəlcədən hərbi hissənin mühəndis-istehkam mütəxəssisləri yoxlayırlar. Ərazini işarələmək əməliyyatı keçirilir. Bəzən elə olur ki, əsgərlər icazəsiz istiqamətdə gedirlər. Bu zaman ola bilsin ki hansısa yaşayış binasına gedib çıxırlar. Komandanın verdiyi tapşırıqlarda vəzifə borcunu yerinə yetirən zaman nəticədə kimsə minaya düşə bilər. Şəhidlik statusunun kimə verildiyi rəhbərliyin sənədlərində müəyyənləşdirilib. Bununla bağlı hərbi hissədə müəyyən sənədlər tərtib olunur. Əgər həlak olan şəxsin şəhidlik statusu almaq üçün fəaliyyəti uyğun gəlirsə, həmin şəxsə şəhidlik verilir. Kriteriyalara uyğun gəlməyən qoyulmuş hansısa tapşırığın icrası zamanı həlak olan şəxsə ola bilsin ki, status verilməsin. Ancaq mən hələ eşitməmişəm ki, hansısa mina partlaması nəticəsində həlak olmuş hərbi qulluqçuya şəhidlik statusu verilməsin. Düşünürəm ki, bu məsələlərdə komandanlıq vəziyyəti anlayaraq qərar qəbul edir.
Dəfələrlə təhlükəsizliklə bağlı təlimatlar olur. Təlimatın tələbləri pozulanda isə nəticədə belə faciələr baş verir. Cənab Prezident də xalqa müraciətində ancaq icazəli istiqamətlərdə bu məsələni daha da ciddiləşdirmək üçün tədbirlər görməyə çağırıb edib".
Bildirək ki, Nazirlər Kabinetinin "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında qərarında kimlərin şəhid hesab edildiyi qeyd olunub.
Həmin qaydaları bir daha oxucuların diqqətinə çatdırırıq.
1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar;
1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər;
1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar;
1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar;
1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular;
1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər;