“Azərbaycan, Rusiya və Ermənistanın nümayəndələri GPS vasitəsilə dövlət sərhədinin Zoddan keçən hissəsini müəyyənləşdirirlər”.
“Muganinsesi.az” Teleqraf.com-a istinadən xəbər verir ki, bunu journalist Elçin Alıoğlu deyib.
Onun sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyan erməniləri dəliyə döndərən bəyanat verib:
“Paşinyan deyib ki, Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış üçtərəfli anlaşmaya görə, Ermənistan Azərbaycanla yeni sərhəddə qüvvələrini yerləşdirməlidir: “Bu sərhəd Kəlbəcər rayonunun Azərbaycana təşvil verilməsindən sonra yaranıb. Yeni sərhədin müəyyənləşməsi sadəcə rusiyalı sülhməramlıların yox, azərbaycanlı hərbçilərin köməyi ilə həyata keçirilir”.
Ermənilər şivən qaldırıblar ki, baş nazir “azərbaycanlı hərbçilərin köməyi ilə” söyləyəndə, nəyi nəzərdə tutub?
SSRİ dönəmində Zod, yəni Söyüdlü qızıl yatağının (mədəninin) ümumi ərazisinin 70 faizi Azərbaycanın Kəlbəcər, 30 faizi isə Ermənistanın Vardenis rayonunun ərazisində idi. Yataq 1951-ci ildə “Qafqazqızılkəşfiyyat” İdarəsi tərəfindən aşkar olunub. Yatağın əksər hissəsinin Kəlbəcər rayonu ərazisində yerləşməsinə baxmayaraq, naməlum səbəblərə görə kəşfiyyat işləri Ermənistan SSRİ Geologiya İdarəsi və Ermənistan Əlvan Metallurgiya İdarəsi tərəfindən aparılıb.
Yatağın 23 filiz damarından cəmi 7-nin Ermənistan ərazisində yerləşməsinə baxmayaraq, keçmiş SSRİ Nazirlər Soveti yanında fəaliyyət göstərən Dövlət Ehtiyatlar Komissiyasında ermənilər tərəfindən təqdim edilmiş geoloji materiallarda və xəritələrdə bilərəkdən saxtakarlığa yol verilmiş Zod yatağının bütövlükdə Ermənistana aid olması qəbul edilib. Yatağın istismarına 1976-cı ildən başlanıb.
Ermənistan indi bu yatağı tam ələ keçirməyə çalışaraq noyabrın 25-də sərhədi 1.5 km irəli çəkərək, yolda “sərhəd qapısı” quraşdırmışdı. Üç gün əvvəl hərbçilərimiz həmin darvazanı sındıraraq Zoda daxil olublar, yəni öz ərazimizə”.
Elçin Alıoğlu qeyd edib ki, mədəndən çıxarılan 1 ton filizin tərkibində minimum 0.8 qram qızıl var:
“Hazırda Zodda Azərbaycan Ordusunun 3, ermənilərin 1 postu var. Azərbaycan, Rusiya və Ermənistanın nümayəndələri GPS vasitəsilə dövlət sərhədinin Zoddan keçən hissəsini müəyyənləşdirirlər.
Nikol Paşinyan da bunu demək istəyib, amma ermənilər hər şeyi anlayıblar: Zod “banderloqlar”ın əlindən çıxdı. Qeyd edim ki, Kəlbəcər rayonunda Ağduzdağ və Tutxun qızıl yataqları da var”.