Döyüş yoldaşları deyir ki, Fuad Tağıyev sanki hərb üçün doğulmuşdu
Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan Fuad Tağıyev 2014-cü ildə kiçik gizir rütbəsində xidmətə başlayıb.
Sabirabad rayon Ətcələr kəndində 1 yanvar 1996-cı ildə dünyaya göz açan Fuad Tağıyevı qohumları “Tağı” kimi tanıyıb, ağıllarına belə gəlməyib ki, bu cılız oğlan böyüyəndə necə şücaətlər göstərəcək, bütün Azərbaycan onun qəhrəmanlığından danışaraq...
Fuad orta məktəbi bitirib hərb sənətinə yiyələnməyi qarşısına məqsəd qoyur, uzun illər Hərbi Dəniz Qüvvələrində Xüsusi təyinatlı kimi xidmət edir.
Bu ilin sentyabrın 27-də Vətən müharibəsinə də qoşulur. Şuşa ətrafında xüsusi təyinatlılar hücuma keçən zaman şəxsi heyətin qorunması peşəkar döyüşçü olan Fuada tapşırılır.
Oktyabrın 29-da Şuşa ətrafında gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
Qeyri-adi döyüş qabiliyyətinə malik Fuad yaralansa da, ayağa qalxaraq sıldırım qayanı qalxmağa davam edib.
Döyüşçü yoldaşlarının bildirdiyinə görə, Fuad onlarla birlikdə ermənilərin 40-dan artıq kiçik təyinatlı avtomobillərini, 100-dən artıq canlı qüvvəsini məhv edib.
Fuad Tağıyev həm də 2016-cı ilin aprel döyüşlərində də iştirak edib, dörd il əvvəl də qəhrəmanlıq nümunəsi göstərib.
O, Sabirabad rayon Həşimxanlı kənd qəbristanlığında dəfn olunub.
Allah rəhmət eləsin!
“Muğanın səsi”