Saatlıda gənclər üçün “Şəxsi inkişaf festivalı” keçirilib
- 06.12.2024, 15:17, Baxış sayı:
- 207
Facebook
Вконтакте
Одноклассники
Google+
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mil Muğan regional nümayəndəliyinin təşkilatçılığı ilə Saatlıda “Şəxsi inkişaf festivalı” keçirilib.
Gənclərin maraqla iştirak etdiyi festival Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Festivalın rəsmi hissəsində müxtəlif qurumları təmsil edən şəxslər iştirak edib. Açılış nitqi ilə Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Ağayeva, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mil-Muğan regional nümayəndəliyinin koordinatoru Gülnar Babaşova və “Saatlı Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin direktoru Səmədağa Məmmədov çıxış edib. Çıxışçılar gənclərin fərdi inkişafına, sosial bacarıqlarının gücləndirilməsinə və gələcək hədəflərinin müəyyən edilməsinə dəstək verməyin vacibliyini vurğulayıblar.
Festivalın əsas hissəsində müxtəlif mövzular üzrə spikerlər çıxış ediblər. “Yarat” Təhsil və Karyera Mərkəzinin qurucusu və rəhbəri Ziya Rzayev “Gələcəkdəki mən - şəxsi inkişaf üçün atılan ilk addımlarda nələrə diqqət etməliyik?”, Saatlı Gənclər Evinin əməkdaşı və karyera məsləhətçisi Mirəli Məmmədov “Gəncə bir addım - karyera planlaması və düşüncələrimizin gələcəkdəki rolu” və Saatlı Gənclər Evinin əməkdaşı və təlimçisi Ravin Atakişiyev “Vaxtım var - özünüinkişaf zamanı vaxtın düzgün idarə edilməsi və zamansız qərarların təsiri” mövzularında çıxış edərək iştirakçılara praktiki məsləhətlər verib.
Spikerlərin çıxışları zamanı iştirakçılar həm şəxsi təcrübələrdən, həm də nəzəri biliklərdən faydalanıblar. Tədbir boyunca gənclər aktiv iştirak edərək, suallarını spikerlərə ünvanlayıb və maraqlandıqları mövzularla bağlı ətraflı cavab alıblar.
Festival gənclərin şəxsi və peşəkar inkişafı yolunda ilk addımlarını dəstəkləmək, onlara motivasiya vermək və region gənclərini bir araya gətirərək bilik və təcrübə mübadiləsi aparmaq məqsədini uğurla həyata keçirib. Tədbirin sonunda iştirakçılara təşəkkür edilib və gələcəkdə bu kimi festivalların davamlı olaraq təşkil olunacağı bildirilib.





