• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

15 iyun Milli Qurtuluş Günü tarixə xalqın və dövlətin xilas günü kimi düşüb

  • 14.06.2024, 12:30, Baxış sayı:
  • 130
15 iyun  Milli Qurtuluş Günü tarixə xalqın və dövlətin xilas günü kimi düşüb

15 iyun-Milli Qurtuluş Günü bütün önəmi ilə böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malikdir. Bu möhtəşəm tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına dayaq olan bir insan –Ulu Öndər Heydər Əliyevdir. Məlumdur ki, müstəqilliyimizin ilk illəri Azərbaycan xalqı üçün çox ağır dövr olub. Tale elə gətirib ki, 1991-1993-cü ilin ortalarına qədər olan dövr müstəqilliyimizin ilk illərinə təsadüf etsə də, ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist və populist hərəkətlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrlərdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi ilə əlaqədar baş verirdi.
Ötən əsrin 90-çı illərinin əvvəllərində Azərbaycan xalqı müstəqillik qazansa da onu qısa müddət ərzində itirmək üzrə idi. Bəli, həmin dövrün acı mənzərəsi belə idi: 1993-cü ilin yazında Ermənistanın işğalı genişlənmişdi və gücsüz, silahsız Azərbaycan Ordusu mövqelərini qoyub geri çəkilirdi. Hələ bu azmış kimi, ölkədə vətəndaş müharibəsi başlamışdı. Artıq ölkədə qardaş qırğını qarşısıalınmaz prosesə çevrilmişdi. Gəncədə qiyam qaldıran 709-cu briqadanın hərbçiləri Surət Hüseynovun başçılığı ilə Bakıya doğru irəliləyirdi. Təbii ki, belə bir zamanda hamının inandığı və müdrikliyinə güvəndiyi Heydər Əliyevsiz Azərbaycanı xilas etmək mümkün deyildi. Bu həqiqəti onu istəyənlər də, istəməyənlər də çox yaxşı anlayırdılar. Ona görə də Ulu Öndərə nəinki günbəgün, hətta saatbasaat ehtiyac duyulurdu. Xalq Heydər Əliyevin siyasi bioqrafiyasına yaxından bələd olduğundan və onun Azərbaycana rəhbərliyi dövründə əvəzsiz xidmətlərini bildiyindən öz liderini böyük səbirsizliklə gözləyirdi. Ölkə vətəndaşları bilirdilər ki, Ulu Öndər Heydər Əliyev əsl dövlət xadiminə xas müdrik şəxsiyyət, zəngin dövlətçilik təcrübəsi olan liderdir. İnsanlar anlayırdılar ki, dövləti iflasa aparan xaotik durumun qarşısını almağa, Azərbaycanı düçar olduğu fəlakətlərdən qurtarmağa qadir yeganə şəxsiyyət Heydər Əliyevdir. Ancaq o dövrdəki qaragüruhçu hakimyyət Ulu Öndərin qarşısını kəsir, onun xalqla təmasına hər vasitə ilə mane olurdular. Həmin illərdə Ulu Öndərlə bağlı ən adi informasiyalar belə hakimiyyət dairələrində narahatlıqla qarşılanırdı və iqtidardakılar Ulu Öndərin Naxçıvan Muxtar Respublikasındakı uğurlarına qısqanclıqla yanaşırdılar, onu qəbul edə bilmirdilər.
Bəli, həmin dövrdə artıq Azərbaycan parçalanmaq və bir dövlət kimi öz mövcudluğunu itirmək təhlükəsi qarşısında idi. Belə bir məqamda isə yalnız bir çıxış yolu var idi: dahi dövlət xadimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevin Bakıya dəvət olunması... Məhz Azərbaycan dövlətçiliyinin gələcəyindən narahatlıq keçirən ziyalılar Ulu Öndər Heydər Əliyevə müraciət ünvanladılar. Azərbaycan ziyalıları, o cümlədən sadə insanlar Ümummilli Liderə müraciətlər edərək ölkədə yaranan siyasi gərginliyin aradan qaldırılması üçün məhz onun hakimiyyətə gəlməsinin vacibliyini önə çəkirdilər.
Ümummilli Liderin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətləri yalnız Azərbaycan dövlətinin müstəqilliyini qoruyub saxlamaqla, dövləti iflas olmaqdan xilas etməklə bitmədi. Eyni zamanda, sonrakı illərdə bu dövləti möhkəmləndirərək bölgənin sabit və inkişaf edən ölkəsinə çevirdi. Qısa müddətdə inkişaf edən Azərbaycan şərtlər qəbul edən ölkədən şərtlər diktə edən ölkəyə çevrildi. Sonrakı illərdə böyük şəxsiyyət dövlət quruculuğunun konsepsiyasını işləyib hazırladı. 1993-cü ilin iyun ayından götürülən siyasi xəttin əsas üstün cəhətlərindən olan demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu yönümündə ardıcıl, məqsədyönlü tədbirlərin reallaşdırılması ölkəmizdə demokratiyanın, insan hüquq və azadlıqlarının təməl prinsiplərinin bərqərar olmasına zəmin yaratdı. Ölkəmiz tezliklə vahid Avropa ailəsinə qəbul edildi. Dünyanın tanınmış neft şirkətləri ilə «Əsrin müqaviləsi» və digər kontraktlar imzalandı, bütün sahələrdə islahatlar başlandı. Azərbaycana investisiya axınının əsası qoyuldu. Müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul edildi.
Təbii ki, müasir Azərbyacanın bütün nailiyyətlərinin əsasında Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Artıq neçə ildir ki, Azərbaycan Respublikasının milli qurtuluş siyasəti davam edir. Bu siyasət Heydər Əliyevin müəyyənləşdirdiyi davamlı inkişaf yoldur. Bu yolla gedən Azərbaycan durmadan yüksəlir, inkişaf edir, uğurlar qazanır. Xüsusilə Ulu Öndərin Qarabağın işğaldan azad edilməsi istiqamətindəki gərgin mübarizəsinin Müzəffər Ali Baş Komandanımız İlham Əliyev tərəfindən şərəflə yerinə yetirilməsi bir daha göstərdi ki, Azərbaycan dövləti əmin əllərdədir. İndi biz bölgədə şərtlər diqtə edən qüdrətli bir ölkənin qürurlu, ləyaqətli vətəndaşlarıyıq.

İlham Əmənov,
Sabirabad RİHB aparatı Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter