Azərbaycanda ən çox sevilən bayralmardan olan Novruz xalqımızın tarixində, adət-ənənəsində, milli ruhunda dərin izlər buraxıb. Həm də Bahar bayramı adlandırılan bu gün milli həmrəyliyimizin, qonaqpərvərliyimizin, əliaçıqlığımızın vacib bir nümunəsidir. Bu il Azərbaycan xalqı Baharı 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi fonunda qarşılayacaq ki, bunun da çox böyük anlamı vardır. Axı Bahar bayramı həm də təbiətin oyanması, ətraf aləmin yaşıla bürünməsinin təntənəsidir. Novruz bayramının məişətimizə qaytarılması 1969-cu ildə respublikamızın rəhbəri seçilən Heydər Əliyevin öz xalqına, onun qədim, zəngin tarixinə, mədəniyyətinə, milli adət və ənənələrinə tükənməz sevgisinin daha bir əyani nümayişi idi. Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra, 1993-cü ildə Ulu öndərin yenidən hakimiyyətə qayıdışı ilə Novruz bayramı ölkəmizdə artıq milli dövlət bayramı kimi daha böyük təntənə ilə qeyd olunmağa başladı.
Ulu Öndər Heydər Əliyev 21 mart 2000-ci ildə Novruz bayramı haqqında dərin məzmunlu fikirlər səslədirdi: “Bu bayram bir də onunla fərqlənir və səciyyələnir ki, bu bayramda siyasi baxışlarından, siyasi dünyagörüşündən asılı olmayaraq hamı bayram edir. Əgər bu günümüzü götürsək, iqtidar da, müxalifət də bayram edir, bir-birini sevən də bayram edir, bir-birinə düşmən olan da. Amma bayramın bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Ona görə də Novruz bayramını hər il böyük el bayramı kimi, hər bir insanın şəxsi bayramı kimi qeyd edərək biz istəyirik, arzu edirik və bu, Azərbaycan vətəndaşlarının əksəriyyətinin arzusudur ki, ölkəmizdə milli həmrəylik, vətəndaş həmrəyliyi, birliyi daimi və davamlı olsun. Bu ali məqsədləri, ali fikirləri ulu babalarımız bizə nəsihət ediblər. Bu bayram yaranandan onun xüsusiyyətləri insanları həmişə dostluğa, həmrəyliyə, qarşılıqlı anlaşmaya dəvət edibdir. Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik.”
Bu tarixi çıxışdan 20 il sonra Ölkə Prezidenti cənab İlham Əliyev Ulu Öndərin bu vəsiyyətini də yerinə yetirdi. Rəşadətli Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsini tarixi Zəfərlə başa vurdu, 30 il işğal altında olan ərazilərimizi azad etdi.
2004-cü ildən başlayaraq Azərbaycanın mədəni irs nümunələrinin UNESCO-nun Ümumdünya İrs, Qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilməsi, qoruma altına alınması Mehriban xanım Əliyevanın fəaliyyətinin nəticəsidir. 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan və başqa ölkələrin xalqlarının xüsusi təntənə ilə qeyd etdikləri Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin reprezentativ siyahısına salınıb. 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. 28 noyabr - 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub.
Ölkə Prezidenti İlham Əliyev hər il Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir. Prezident İlham Əliyevin 20 mart 2021-ci ildə Şuşa şəhərində, Cıdır düzündəki çıxışından sitat: “Bilirəm, hər birimiz, xüsusilə keçmiş məcburi köçkünlər hər dəfə bayram ərəfəsində və bayram günlərində deyirdik ki, İnşallah, gələn il azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik və artıq bu, reallıqdır... Bu gözəl bahar bayramını biz işğaldan azad edilmiş torpaqlarda qeyd edirik... Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik. Bu gün Novruz bayramını Cıdır düzündə qeyd edərkən qürur hissi ilə deyirəm: “Şuşa sən azadsan!”, “Şuşa Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!””; Mən xoşbəxt adamam ki, əziz, doğma xalqıma işğaldan azad edilmiş Qarabağdan Novruz bayramı münasibətilə təbriklərimi çatdırıram. Bu əziz gündə bir daha bütün Azərbaycan xalqını gözəl bayram münasibətilə təbrik etmək istəyirəm”.
Bu gün Azərbaycan xalqı ilk dəfə olaraq Novruz bayramını Xankəndidə, Xocalıda qarşılayacaqdır. Bu çox qürurverici tarixi hadisə olacaqdır. Əminəm ki, bundan sonra Bahar bayramını daim Qarabağ və Şərqi Zəngəzurda qeyd edəcəkdir. Qoy bu Novruz bayramı el-obamıza sülh, əmin-amanlıq, xalqımıza ruzi-bərəkət bəxş etsin!
Aydın Veysəlov,
Sabirabad rayonu Əhmədabad kənd tam orta məktəbinin direktoru