Dünyanı sarsıdan Xocalı faciəsinin baş verdiyi gündən nə qədər zaman keçsə də, Azərbaycan xalqı bu ağrı-acını heç vaxt unutmayacaq. Həmişə kədər hissi ilə xatırlayacaq. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri hələ SSRİ dövründən Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikasının və şəxsi heyətinin dəstəyi ilə Xocalı şəhəri üzərinə hücuma keçərək burada qırğın törətdilər. Hücum qəfil və güclü olduğuna görə yağıların qarşısını almaq mümkün olmadı.
Həmin gecə ermənilər Xocalıya hücum zamanı 613 nəfəri vəhşicəsinə qətlə yetirmişdilər. Onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə yaşlı insanlar olmuşdu. 8 ailə tamamilə məhv edilmişdi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərdən birini itirmişdi. Qanlı hadisələrdə 487 nəfər şəhər sakini yaralanmışdı ki, onlardan 76-sı uşaq idi. 1275 nəfər dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir aparılmışdı. Əsir aparılanlardan 150 nəfərin taleyi bu günə qədər də məlum deyil.
Doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 48 rayonunda məskunlaşmış Xocalı sakinləri Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulması, ölkənin ərazi bütövlüyünün bərpa edilməsinin ümidi ilə yaşayırdılar.
1994-cü il fevral ayının 24-də Milli Məclisin qərarı ilə fevralın 26-sının “Xocalı soyqırımı günü” kimi qeyd olunması və bu barədə beynəlxalq təşkilatlara məlumat göndərilməsi ilə Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verildi. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə əsrin bu böyük faciəsi dövlət tərəfindən hüquqi qiymətini aldı. 1995-ci il fevral ayının 24-də Milli Məclis dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı tarixi müraciət etdi.
Xocalı soyqırımının dünyada tanıdılması, ermənilərin ifşa edilməsi üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə uzun illərdir “Xocalıya ədalət!” kampaniyası aparılır. Bu məqsədlə Xocalı faciəsindən bəhs edən kitablar ingilis, fransız, rus və dünyanın başqa dillərinə tərcümə edilir, sənədli filmlər çəkilərək xarici ölkələrin ictimaiyyətinə təqdim olunur. Aparılan uğurlu işlər müsbət nəticələr verir. Bu gün Türkiyə, Pakistan, Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Peru, Honduras, ABŞ-nin 13 ştatı və başqa ölkələr Xocalı soyqırımını tanıyıblar. Dünya açıq-aydın görür ki, Xocalı faciəsi ermənilərin və erməniçiliyin Azərbaycan xalqına qarşı sistemli soyqırımı siyasətinin bariz ifadəsi olmaqla yanaşı, həm də beynəlxalq terrorizmin ən qəddar örnəklərindən biri, insanlığa qarşı indiyədək törədilmiş cinayətlərin ən dəhşətlisi və ağrılısıdır.
Dünya ictimaiyyəti Azərbaycan Ordusunun güc və qüdrətini İkinci Qarabağ müharibəsində aydın şəkildə gördü. 27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində başlanan Vətən müharibəsində zabit və əsgərlərimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə böyük igidlik və qəhrəmanlıqlar göstərdilər. Bu qəhrəmanlıq və igidlik sayəsində 30 ilə yaxın davam edən erməni işğalına son qoyuldu, şəhidlərin qisası alındı. Torpaqlarımız, şəhər və kəndlərimiz erməni işğalından azad olundu. Qəhrəmanlıq tariximizə yeni şərəfli səhifələr yazıldı. İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. Ermənistan ordusu darmadağın edildi. 44 günlük Vətən müharibəsində başqa ərazilərimiz kimi, Xocalı şəhərinin on səkkiz kəndi də erməni işğalçılarından azad olundu. Çox qürurverici hal idi ki, artıq üçrəngli bayrağımız Xocalı şəhərinin ərazisində də dalğalanırdı.
2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusu Qarabağda təxribatlar törədən Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara qarşı lokal xarakterli antiterror tədbiri həyata keçirdi. 24 saata qədər davam edən əməliyyat nəticəsində 30 ilə yaxın Qarabağda davam edən erməni faşizminə, erməni separatizminə son qoyuldu. Uğurla başa çatan antiterror əməliyyatından sonra Ağdərə, Xocavənd, Əsgəran, Xankəndi və nəhayət, uzun illər gözüyaşlı, ürəyi dağlı qalmış Xocalı erməni işğalçılarından azad edildi.
2023-cü il oktyabr ayının 15-də Qarabağa səfər edən Prezident İlham Əliyev Xocavənddə, Ağdərədə, Xocalıda, Xankəndidə və işğaldan azad olunmuş başqa ərazilərmizdə Azərbaycan bayrağını dalğalandırdı. Noyabr ayının 8-də – Zəfər Günündə isə Xankəndidə Zəfər paradı keçirildi. Bütün bunlar düşmənə gözdağı oldu. Getdikcə güclənən Azərbaycan Ordusu qələbələri ilə Azərbaycan xalqına sevinc dolu günlər bəxş etdi.
Prezident İlham Əliyevin fevralın 26-da Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı qeyd etdiyi kimi: “Bu gün isə biz buradayıq, burada olmağımız tarixi ədalətin tam bərpası deməkdir. Xocalı bu gün qurulur, indi gedib quruculuq işləri ilə tanış olarıq. Bütün digər ərazilərdə quruculuq işləri aparılır və bu gün burada Xocalı Soyqırımı Memorialının təməli qoyulacaqdır. Xocalı qurbanlarının bu gün ruhu şaddır, Allah onlara rəhmət eləsin”.
Bu gün Azərbaycan xalqı həyatının ən gözəl günlərini yaşayır. İşğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri aparılır, şəhərlər, qəsəbələr, kəndlər salınır, keçmiş qaçqınlar üçün müasir tipli evlər tikilir. İşğaldan azad olunmuş başqa ərazilərimiz kimi, Xocalıda da çox böyük təmir və bərpa işləri aparılır. Yaxın zamanlarda sakinlər böyük sevinclə 1992-ci ilin fevralında qan içində qoyub gəldikləri Xocalıya qayıdacaqlar.
Ötən il sentyabrın 20-də Xocalı işğaldan tam azad edildikdən sonra ölkə başçısının tapşırıqlarına uyğun olaraq burada bərpa işlərinə başlanılıb. “Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Bu il o yaşayış məntəqələrinin sayı 20-yə çatacaq. Bu il həm Xocalıda, həm Xankəndidə artıq həyat bərpa ediləcək, o cümlədən bu yaxın yerlərdə yerləşən Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək, Ağdam şəhəri bərpa edilir və gələn il Ağdama da ilk köç başlanacaq, yəni quruculuq işləri geniş vüsət alıb”-deyə cənab Prezident bildirib.
Əvəz Məmmədov,
Sabirabad rayonu Qaragüney kənd Yaradıcılıq evinin direktoru